Azərbaycan Milli İstiqlal Partiyası milli valyutamız olan manatın 2015-ci ilin 21 fevral və 21 dekabr tarixlərində, ümumilikdə il ərzində 98% devalvasiyaya uğrumasını ciddi narahatlıqla qarşılayır və mövcud vəziyyəti ölkə iqtisadiyyatı üçün böyük təhlükə hesab edir.
Azərbaycan manatı bu göstərici ilə yola saldığımız ildə postsovet məkanında ən çox ucuzlaşan valyuta olmuşdur. Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi səbəbi ilə ölkəyə valyuta daxilolmalarının azalacağı və manatın bu rəqabətə davam gətirə bilməyəcəyinin hələ bir il öncə mütəxəsislər tərəfindən proqnozlaşdırılmasına baxmayaraq hökumətin qabaqlayıcı tədbirlər görməməsi onsuz da maddi durumu yaxşı olmayan əhalinin əhəmiyyətli hissəsini acınaqlı vəziyyətlə üz-üzə qoymuşdur. Təəssüflə qeyd edirik ki, son 11 il ərzində ölkəyə daxil olan böyük neft pulları ölkə iqtisadiyyatını neftdən asılılıqdan azad edə biləcək qeyri-neft və istehsal sahələrinə yönləndirilməsi əvəzinə lazımsız və əhəmiyyətsiz layihələrə xərclənmişdir. Yaxın dövr üçün dünya bazarında neftin qiymətinin artması proqnozlaşdırılmır və dövlət büdcəsinin əhəmiyyətli hissəsinin neft gəlirlərindən asılılığı fonunda qarşıda ölkəni ciddi çətinliklər gözləyir.
Bütün bunları nəzərə alaraq, AMİP yaranmış vəziyyətdə hökuməti təcili və təxirəsalınmaz tədbirlər görməyə cağırır. Azərbaycan hökuməti, xüsusilə də bu sahəyə cavabdeh olan qurumlar, Maliyyə Nazirliyi, Sənaye və İqtisadiyyat Nazirliyi, həmçinin Mərkəzi Bank birlikdə kompleks tədbirlər planı işləyib hazırlamalı və həyata keçirməlidir. O cümlədən, iqtisadiyyatın bütün sahələrində məmur oliqarxlar tərəfindən yaradılmış monopoliya aradan qaldırılmaqla sağlam rəqabətə əsaslanan normal biznes mühiti yaradılmalı, sahibkarların gömrükdə üzləşdikləri süni əngəllərə son qoyulmalı, gündəlik təlabat mallarında qiymət artımının qarşısı alınmalı, enerji daşıyıcılarının, xüsusilə də benzinin qiymətinin aşağı salınması ilə bağlı qərarlar qəbul edilməli, əhalinin banklarda olan əmanətləri, əməkhaqları və təqaüdlər indeksləşdirilməli, eyni zamanda yeni iş və istehsal sahələrinin açılması məqsədilə xarici investorlar əlverişli şərtlərlə ölkəyə cəlb edilməli, bütün sahələrdə korrupsiya və rüşvətə son qoyulmalıdır.