AMİP-dən Rauf Mirqədirovun həbsinə etiraz bəyanatı

Azərbaycan Milli İstiqlal Partiyası tanınmış yazar, əməkdar jurnalist Rauf Mirqədirovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr tarixli hökmünü sifarişli, ədalətsiz, qeyri-obyektiv hesab edir və hökmün reallığı əks etdirmədiyini bəyan edir.

Ötən ilin 19 aprel tarixində həbs edilən jurnalistə qarşı irəli sürülmüş absurd ittihamlar nə istintaqla, nə də məhkəmə baxışı zamanı şahid ifadələri və digər hallarla öz təsdiqini tapmamış və heç bir əsaslı dəlil, fakt, sübut ortaya qoyulmamışdır. Xüsusilə də həbsdən sonra ötən dövr ərzində ittihamları irəli sürən orqanda baş verən dövləti cinayətlərin ictimailəşməsi irəli sürülən ittihamların əsaslılığına ciddi şübhə yaratmışdır. Bütün bunlara baxmayaraq R. Mirqədirovun azadlıqdan məhrum edilməsi mətbuata, azad sözə və ölkənin imicinə vurulmuş ciddi zərbədir.

Partiya Azərbaycanın müstəqilliyinin əldə olunmasında və ölkə jurnalistikasının inkişafında müstəsna xidmətləri olan, "Əməkdar jurnalist” adına layiq görülmüş Rauf Mirqədirova qarşı irəli sürülmüş ittihamlara inanmadığını xüsusi vurğulamaqla yanaşı, yuxarı məhkəmə instansiyaları tərəfindən verilmiş hökmün ləğv ediləcəyinə və jurnalistə bəraət veriləcəyinə ümid etdiyini bəyan edir.