Qəhrəman dənizçi, gəmi kapitanı Kərəm Məmmədovun evindən Reportaj


20 Yanvar faciəsinin dünyaya çatdırılmasında mülki dənizçilərin misilsiz müqaviməti1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi və dinc əhaliyə qarşı törədilən qanlı qırğın Azərbaycanın tarixində silinməz iz buraxdı. Həmin gün şəhərin rabitə vasitələri kəsilmiş, televiziya bloku partladılmış, Bakı faktiki olaraq informasiya blokadasına alınmışdı. Ölkə daxilində baş verənləri dünyaya çatdırmaq son dərəcə çətin idi. Məhz belə ağır və ümidsiz görünən bir məqamda Xəzər dənizində üzən 120 Azərbaycan mülki gəmisi tarixi məsuliyyət daşıyan qərar qəbul etdi. Dənizçilər öz aralarında “Fövqəladə Vəziyyət” elan edərək sovet rejiminin informasiya blokadasını yarmağa çalışdılar. Mülki donanmanın əsas idarəetmə mərkəzi “Sabit Orucov” sərnişin gəmisi oldu. Burada yaradılan “Kapitanlar Şurası”na Azərbaycanın cəsur dənizçiləri Mövlud Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov və İbrahim Salayev rəhbərlik edirdilər.Şəhərin səsi susdurulduğu bir vaxtda Xəzərin sularından Bakı dünyanın diqqətinə çatdırılırdı. Mülki gəmilər hər 30 dəqiqədən bir beynəlxalq rabitə kanalları vasitəsilə SOS siqnalları göndərərək Bakıda baş verənləri dünya ictimaiyyətinə çatdırırdılar:“Diqqət! Bakı yanır!”“Diqqət! Mən Bakıyam, məni yandırırlar!”Bu çağırışlar Azərbaycanın informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Bakıda törədilən qanlı hadisələr artıq Xəzərin sərhədlərini aşaraq dünyanın diqqətinə çatdırılırdı. Lakin dənizçilərin mübarizəsi bununla bitmirdi. Sovet hərbi qüvvələri törətdikləri cinayətin izlərini gizlətmək məqsədilə Bayıl istiqamətində qətlə yetirilmiş mülki şəxslərin cəsədlərini “Vosxod” hərbi gəmisi ilə dənizə atmağa cəhd göstərirdilər. Azərbaycan dənizçiləri isə həyatlarını təhlükəyə ataraq hərbi gəminin qarşısını kəsdilər və cəsədlərin dənizə atılmasına imkan vermədilər.

Bu, silahsız mülki dənizçilərin sovet hərbi maşınına qarşı göstərdiyi misilsiz iradə və vətəndaş cəsarəti idi. Mülki donanmanın bu müqaviməti sovet rəhbərliyinin ciddi narazılığına səbəb olmuşdu. SSRİ Müdafiə naziri marşal Dmitri Yazov kapitanlarla danışıqlar apararaq onları ağır cəza ilə hədələmiş, hətta 15 il həbs və güllələnmə təhlükəsini gündəmə gətirmişdi.Lakin hədələr dənizçilərin iradəsini sındıra bilmədi. Yanvarın 24-də sovet hərbi qüvvələri dənizdən, havadan və qurudan mülki gəmilərə qarşı hücuma keçdi. Bir sıra gəmilər yandırıldı, heyət üzvləri həbs olundu. Bayıl sahilində dayanan “Vodoley-4” gəmisinə üç top mərmisi dəymiş, ümumilikdə isə gəminin gövdəsinə 3871 güllə dəydiyi bildirilir.Bu rəqəmlər həmin günlərin miqyasını və dənizçilərin hansı təhlükə qarşısında dayandığını təsəvvür etməyə imkan verir.Aradan uzun illər keçməsinə baxmayaraq, 20 Yanvarın dəniz müqavimətinin izi yaddaşlardan silinməyib.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri Arzuxan Əlizadə və AMİP Siyasi Şurasının bir qrup üzvünün həmin tarixi hadisələrin canlı şahidlərindən biri, veteran kapitan uzun illər AMİP Xətai rayon təşkilatına sədrlik etmiş Kərəm Məmmədovun evinə baş çəkərək onunla görüşməsi də məhz bu yaddaşın yaşadılmasına xidmət edirdi. Evin həyətində, çay süfrəsi arxasında baş tutan səmimi görüşdə illərin uzaqlığına baxmayaraq, 20 Yanvarın ağrısı və qüruru yenidən yaşandı. Kərəm müəllim həmin günlərdə Xəzərdə baş verənləri, kapitanların qəbul etdiyi qərarları, sovet hərbi qüvvələrinin təzyiqini və dənizçilərin göstərdiyi müqaviməti xatırladı. Onun danışdıqları sadəcə keçmişin xatirələri deyildi. Hər bir hadisənin arxasında Azərbaycanın azadlığı uğrunda mübarizənin bir parçası, böyük risk və ağır sınaq dayanırdı.

Kərəm Məmmədov həmin hadisələrdən sonra dənizçilərin sovet rejimi tərəfindən məruz qaldığı təqiblərdən, dindirmələrdən və təzyiqlərdən də söz açdı. O illərin ağrılı xatirələrini dilə gətirmək veteran kapitan üçün hələ də asan deyil. Sözlərində həm yaşananların ağırlığı, həm də həmin günlərdə göstərilən müqavimətin qüruru duyulurdu.Bu görüşə Kərəm müəllimin şəxsi həyatında yaşadığı ağır itki də hüzn qatmışdı. Veteran kapitanın ömür-gün yoldaşı Nabat xanım yaxın günlərdə dünyasını dəyişib. Görüş zamanı mərhumənin ruhuna dualar oxundu, ailəsinə dərin hüznlə başsağlığı verildi. Belə ağır günlərdə Kərəm müəllimin ən böyük dayaqlarından biri oğlu Rahabdır. Atasının keçdiyi şərəfli yolun mahiyyətini yaxşı bilən Rahab bu gün onun yanında dayanır, mənəvi dəstəyini əsirgəmir.

20 Yanvarın dəniz müqaviməti Azərbaycanın azadlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. O gün 120 mülki gəminin heyəti yalnız öz peşə borcunu yerinə yetirmədi. Onlar ölüm təhlükəsi qarşısında Azərbaycanın səsini qorudular, Bakıda törədilən qanlı hadisələrin dünyadan gizlədilməsinə imkan vermədilər. Kapitan Kərəm Məmmədov və onun silahdaşlarının qəhrəmanlığı bir daha göstərdi ki, azadlıq ideyası meydanlarla yanaşı, Xəzərin dalğaları üzərində də müdafiə olunub. Bu gün veteran kapitanın evində keçirilən görüş həm bir qəhrəmanlıq tarixinin xatırlanması, həm də həmin tarixi yaşadan insanlara ehtiram nümunəsi idi. Kərəm müəllimə möhkəm cansağlığı, uzun ömür və səbir arzulayırıq. Həyat yoldaşı Nabat xanıma Allahdan rəhmət diləyirik. Kərəm müəllimə oğlu Rahabla birlikdə qarşıdakı illərinin rahatlıq, əmin-amanlıq və qürur içində keçməsini diləyirik. Vətəninin ən ağır günündə onun səsinə çevrilən insanlar tarixdən heç vaxt silinmirlər.


Hazırladı: Seyranə Quliyeva