AMİP ölkədə ən zəngin seçki təcrübəsinə və demokratik ənənələrə sahibdir

Əli Oruclu: "AMİP sıradan bir partiya deyil ki, hər kəslə oturub-dursun, kimlə gəldi müttəfiqlik etsin"

Payızda Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq əksər partiyalar bu istiqamətdə hazırlıqlara başlayıblar. Onların sırasında namizədlərini indidən müəyyən edənlər də var. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da parlament seçkisində iştirak etmək niyyətindədir. AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu "Ekspress"ə müsahibəsində bildirib ki, onların hədəfi partiyanı parlament partiyasına çevirməkdir.

- AMİP parlament seçkilərinə necə hazırlaşır?

- Bu il ölkədə keçiriləcək parlament seçkilərinin əvvəlki seçki proseslərindən fərqlənəyi düşüncəsindəyəm. Dünyada və regionda cərəyan edən hadisələr, ölkədəki siyasi qüvvələrin ambisiyaları və hakimiyyətdaxili ziddiyyətlər, təbii ki, bu seçkidə öz ciddi təsirini göstərəcək. Seçkilər demokratik dəyişikliklərin, siyasi sabitliyin qorunmasında, daxili problemlərin həllində və gərginliyin aradan qaldırılmasında yeganə vasitədir. Odur ki, partiya hər zaman seçkilərə çox ciddi hazırlaşıb. AMİP-in regional strukturları və mərkəzi orqanları həmişə işlək vəziyyətində olduğundan istənilən proseslərə qısa zaman kəsiyində tam hazır olur. Seçki ağır prosesdir. Bu, maddi və insani resurslar tələb edir. Lakin parlament seçkilərinə hazırlıqdan əlavə hər bir siyasi qüvvəni qayğılandıran əsas məsələ seçki qanunvericiliyinin təkmilləşdirilməsidir. Söhbət ilk növbədə seçki komissiyalarının tərkibindən gedir. Hazırkı qanunvericiliklə ölkənin aparıcı partiyaları, o cümlədən AMİP komissiyalardan kənarda qaldığından saxtalaşdırmaların və digər neqativ halların qarşısını almaqda acizdir. Eyni zamanda, icra orqanlarının və digər dövlət qurumlarının qanunsuz müdaxilələri başlıca problem olaraq qalmaqdadır. Bu isə nəticə etibarilə seçkilərə inamı azaldır. AMİP olaraq ilk növbədə bu problemlərin həllini vacib sayırıq. Çünki normal seçki mühiti, rəqabət şəraiti olmadan parlament seçkilərində iştirak etməyin o qədər də mənası qalmır. Lakin biz çalışacağıq ki, daha çox keyfiyyətə üstünlük verilsin. Şərt deyil ki, 125 dairənin hamısından namizədlər irəli sürülsün. 25-30 dairə seçməklə gücü və diqqəti səfərbər etməklə daha uğurlu nəticələr almaq olar. Əsas hədəf partiyanı parlament partiyasına çevirməkdir ki, qarşıdan gələn seçkilərdə buna nail olacağımıza şübhə etmirəm. AMİP seçkilərə hələ son prezident seçkilərindən sonra qeyri-rəsmi də olsa start verdiyindən hər hansı bir çətinliyin olacağını zənn etmirəm. Üstəlik də AMİP ölkədə ən zəngin seçki təcrübəsinə və demokratik ənənələrə sahibdir. Partiyanın beynəlxalq əlaqələri genişdir. Bu amillər də AMİP-ə üstünlüklər verir. Bu ilin AMİP ili olacağına inamım hər gün artmaqdadır. Bu inamım həm də ölkədə gedən ictimai-siyasi proseslərə əsaslanan inamdır.

- Partiyanızın seçkiyə hansısa seçki blokunda getməyi mümkündür?

- Bunu indidən söyləmək tezdir. Ola bilsin, buna zərurət yaransın, yaxud da yaranmasın. Hadisələri qabaqlamaq istəməzdim. Bütün bunların hamısı partiyanın müvafiq qurumlarında, yerli təşkilatlarda müzakirə və təhlillərdən sonra bilinəcək və yekun qərarlar da buna uyğun veriləcək. Qısaca olaraq, onu demək istərdim ki, AMİP-in bloklaşmaya baxışları fərqlidir. Bloklaşma ilk növbədə ortaq maraqlar, yaxın ideologiyalar, prinsiplər və proqramlar üzərində qurulmalıdır. Burda həm də siyasi qüvvələrin gücü və imkanları da nəzrə alınmalıdır. Tutaq ki, hansısa bir nəfərdən ibarət olan partiyalarla bloklaşma bizə nə verə bilər ki? Başqalarının yükünü çəkmək, başqalarının bizdən bəhrələnməsi, məncə, artıq yetər. Biz təkbaşına da güclüyük. Yetər ki, bu güc, bu potensial doğru-düzgün və vaxtında səfərbər edilib hədəflərə doğru yönəldilsin. Məncə, partiya əgər hansısa birlik yaradacaqsa, yuxarda sadaladığım şərtləri nəzrdən keçirməlidir. "Şəxslərin bloku"na vaxt sərf etməyə dəyməz.

- "Azadlıq-2015" seçki blokundan bu blokda iştirakla bağlı təklif almısız?

- Belə bir təklif bildiyim qədər gəlməyib. Gəlsə belə, bu, ilk növbədə daxili müzakirələrdən keçməlidir. Yuxarıda vurğuladığım kimi, AMİP əgər hansısa birlik, blok yaradacaqsa, bunu özü yaradacaq. Partiyada stajlı bir şəxs kimi deyə bilərəm ki, indiyədək mən AMİP-in kiməsə, harasa qoşulmasını xatırlamıram. Əksinə, zaman-zaman zərurət duyanda AMİP özü ölkənin ən kütləvi, ən güclü birliyini yaradıb. Olsa, indi də belə olacaq. Çünki AMİP sıradan bir partiya deyil ki, hər kəslə oturub-dursun, kimlə gəldi müttəfiqlik etsin. Əməkdaşlıq etmişik, hər zanan da əməkdaşlığa hazırıq. Əməkdaşlıqla müttəfiqlik ayrı şeylərdir. AMİP iddialı partiyadır. Bu iddia da imkanlarımıza və gücümüzə əsaslanır. AMİP hansısa qəzet, yaxud mətbuat üzərində mövcudluğunu saxlamağa çalışan və şou göstərən partiyalardan deyil. Təklif göndərmək istəyənlər də AMİP-in iddialarını, böyük təcrübəsini, zəngin ənənəsini və cəmiyyətdəki gücünü, müsbət imicini və beynəlxalq əlaqələrini nəzərə almalıdır.

- AMİP üzvləri Milli Şuranın 15 mart aksiyasına qoşulacaqmı?

- AMİP partiya olaraq bu aksiyada iştirak etməyəcək. Amma üzvlərimizin konstitusion hüquqlarına qadağa qoyulması da düzgün olmazdı. Cəmiyyətdə son dövrlər narazılıqlar dərinləşsə də, bu, hələ siyasi və ictimai xarakter almayıb. Eyni zamanda, protest elektoratın siyasi fəallığı hələ yüksək deyil. Üstəlik də partiyalarla məsafə saxlanılması, inamsız yanaşmalar qalmaqdadır. Amma bu aksiya göstərəcək ki, əhalinin öz problemlərinə və siyasi partiyalara münasibəti necədir. Belə demək mümkünsə, 15 mart həm də bir test olacaq.

Aqil ASLAN