A.Obalı zərərçəkən şəxs kimi mayın 25-i saat 20 radələrində baş verən hadisə ilə bağlı GünAz TV mətbuat mərkəzinə bunları deyib:
"Mən evə gələrkən liftdən (asansor) çıxdığım zaman blokda iki şəxslə rastlaşdım. Onlar məni görüncə özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edib və mənə yaxınlaşaraq dedilər ki, internet istəyirsən? Mən onlara "xeyir” cavabı verib və qapıya yaxınlaşdım. Evə daxil olduqdan sonra qapını bağlamaq istədiyim zaman qəflətən evə soxuldular. Evə soxulan naməlum şəxslər başıma tapança tuşlayıb və məni təhdid etdilər. Onlar ilk öncə başıma tapançanın qundağı ilə zərbə vurub və sonra məni boğmağa çalışdılar. Bu arada onların 3 nəfər olduğunu hiss etdim. Bundan sonra məni divana tərəf sürüyüb və orada boğmağa çalışdılar. Üzümə yasdıq qoyub və hədə-qorxu ilə dedilər ki, səsivi çıxartma! Bu anda evi axtarmağa başladılar. Onlar evin hər yerini axtarıb və nə varsa ortalığa tökdülər. Bu arada mənə dedilər ki, "biz sənin burada tək olduğuvu bilirik, səsivi çıxartma, öldürərik qanın batar. Biz gedəndən sonra polisə xəbər verməməlisən, əks halda səni öldürəcəyik.”Onlar istədiklərini almaq üçün mənə qarşı hədə-qorxu gəlib və ağır zərbələr vurmağa davam etdilər. Qolumu skoçla bağlayıb və belimə ağır zərbələr endirdilər. Bir tərəfdən də ağzıma yasdıq qoyub sıxırdılar. Bu arada mən nəfəs ala bilmədiyimdən boğulmaq və huşdan getmək üzrə idim. Vəziyyəti çətinliklə çatdıra bildim və ölmək üzrə olduğumu bildirdim, onlar isə yasdığı biraz buraxdılar və mən bundan sonra çətinliklə də olsa nəfəs ala bildim. Onlar isə davamlı olaraq məni susmağa məcbur edirdilər.Məndən pul tələb edib və evi dönə-dönə axtardılar. Sonda təxminən 5000 manat pul, 1 mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və hələlik dəqiqləşdirmədiyim bir çox qiymətli əşyalar götürdülər. Bundan sonra ayaqlarımı və ağzımı da bağlayıb və getdilər. Mənə dedilər ki, 15 dəqiqə sonra durarsan. Mən əl, ayaq və ağzı bağlı şəkildə qaldım və balkona tərəf sürünməyə başladım. Sonra ətrafdakı insanlara bağıraraq yardım istədim. 10, 15 dəqiqə sonra qonşular polisə xəbər verib və sonra yardıma gəldilər. Hadisə yerinə gələn polis bir sıra suallar soruşub və hadisə ilə bağlı araşdırmalara başlatdı.”
A.Obalı həmçinin bildirib ki, evə basqın edənlərin sifəti ona tanış gəlib və onun zənnicə basqınçılar belə bir basqını törətmək üçün planlı şəkildə fürsət axtarıblar. Lakin bundan öncə evdə digər şəxslərin olduğuna görə basqınçılar üçün əlverişli fürsət yaranmayıb.
Hadisədən sonra ağır vəziyyətdə olan A.Obalı xəstəxanaya çatdırıldığını bildirib.
Onun ağız və dodaq nahiyyəsinə çoxlu tikiş vurulub. Zərərçəkənin üz nahiyyəsi, xüsusi ilə də burun və dodaqları şişib və başı qırılıb. O hazırda bel nahiyyəsindən aldığı zərbəyə görə belinin kəskin ağrıdığını bildirir.
Qeyd edək ki, A.Obalının evinə olan basqın barəsində bir çox ehtimal üzərində durmaq olar. Onun GünAz TV-dəki fəaliyyəti və GAMAC-a (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olduğunu da nəzərə aldıqda, hadisənin sifarişli şəkildə baş verməsi istisna deyil. A.Obalı GünAz TV mətbuat mərkəzinə verdiyi açıqlamada hadisənin şübhəli olması ilə bağlı xüsusi məlumat verməsə də onu rədd etməyib.