"Orta sinif Azərbaycanda var, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir”
REAL Partiyasının sədri İlqar Məmmədovun yazdığı son status gündəmə çevrilib. Partiya rəhbəri keçmiş siyasi məhbus Qiyas İbrahimlinin REAL-ın istinad etdiyi Azərbaycanda orta sinfin olmadığı barədə statusuna öz feysbuq səhifəsində cavab verib.
Həmin statusdan bəzi seçmələri təqdim edirik: "Avtomobil əlindən Bakıda tərpənmək olmur. Restoranlar hər axşam ağzına qədər dolu. Sayını itirdiyimiz müasir ticarət mərkəzlərində səhərdən gecəyə qədər ”mitinq"dir. O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır. Avtomobil idxalı bu il 1,6 dəfə artmışdır. Evlərin qiyməti tələbat səbəbilə hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq bağçaları. O avtomobilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o məktəblilərin və uşaqların valideynləri və daha kimlər, kimlər...
...Orta sinif Azərbaycanda var, ən azı yüzminlərlə, bəlkə də çox seçicidən ibarətdir".
Maraqlıdır ki, Azərbaycanda müxalifət düşərgəsi ölkədə orta sinfin olmadığını, ya varlı, ya da kasıb təbəqənin olduğunu deyir. Hətta REAL-çıların bəzilərinin dilindən bu fikirlər az eşidilməyib.
AMİP Siyasi Şura üzvü Əli Orucov isə bu cür şərh verdi: "Mən orta sinfin tamamilə olmadığı iddiasında deyiləm. Lakin orta sinif Azərbaycanda tam formalaşmayıb və cəmiyyətdə özünə istənilən yeri tuta bilməyib, həmin təbəqə məmur oliqarx təbəqənin birbaşa təsiri altındadır. Onların varlanması, orta təbəqə kimi sosial təbəqə statusu qazanması da məhz çox halda qeyri-şəffaf və qeyri-qanuni gəlirlər hesabına olub. Mən demirəm ki, orta təbəqəni təmsil edənlərın hamısı oğru, talançı, oğrularla şərikdir. Halal pul qazananlar da var. Lakin orta təbəqə o qədər az və zəifdir ki, onlar ölkə həyatında, xüsusən də ictimai-siyasi həyatda demək olar ki, görünmürlər. Kiminsə ortabab avtomobilinin olması, ömründə bir-ki dəfə restoran və əyləncə mərkəzlərində olması heç də ona dəlalət etmir ki, o, orta təbəqəyə mənsubdur. Araşdırılsa aydın görünər ki, dəbdəbəli həyat tərzi sürənlərin, bahalı və gözqamaşdırıcı yaşamla öyünənlərin böyük əksəriyyəti orta təbəqənin insanları deyil, məmur oliqarxlar və onların zənginləşmiş yaxın ətrafıdır. Sivil cəmiyyətlərdə orta təbəqə elita ilə aşağı təbəqə arasında körpü və bağ olmalıdır. Lakin Azərbaycan cəmiyyətində bu bağ zəifdir, yaxud da yox kimidir. Digər bir problem də cəmiyyətin psixologiyasında hələ də sovetlərdən qalmış varlı insanlara heç də normal olmayan, qısqanclıq, hətta nifrət hissinin qalmasıdır. Təsadüfi deyil ki, Azərbaycanda qeyri-leqal milyonerlərin, hətta milyarderlərin olmasına baxmayaraq, rəsmi statistikada və hesabatlarda bu heç vaxt öz əksini tapmayıb. Gəlir deklarasiyası haqqında qanun illərdir ki, qəbul edilmir. Orta təbəqənin tam formalaşmaması dövlətin dayanıqlığı üçün də təhlükədir”."Yeni Müsavat”