Barak Obamanın yaxın adamı partiya lideri oldu

Barak Obama administrasiyasında əmək naziri vəzifəsində çalışan Tom Peres ABŞ Demokrat partiyasının yeni rəhbəri seçilib. Yeni rəhbər keçmiş prezidentə yaxınlığı ilə bilinir.
Atlanta şəhərində keçirilən partiya seçkilərində Tom Peres əsas rəqibi, Minnesota ştatından konqresmen Keyt Ellisona qalib gəlib. Peres seçkidə 447 nümayəndənin 235-nin səsini toplayaraq ölkənin ana müxalifət partiyasının liderliyinə seçilib.

Məğlub konqresmen isə hər kəsi yeni liderin ətrafında birləşməyə çağırıb.

ABŞ KİV-i Peresin Demokrat partiyasının başına gətirilən ilk latın amerikalı olduğunu yazır. ABŞ-ın Kanada ilə sərhəddə yerləşən Baffalo (Nyu-York ştatı) şəhərində dünyaya gələn Peres istehlakçı hüquqlarını müdafiə edən vəkil kimi məşhurlaşıb. O, hələ Bill Klintonun prezidentliyi dövründə ölkənin ədliyyə nazirinin müavini vəzifəsində də çalışıb.

Peres Obama iqtidarında öncə dövlət katibinin insan hüquqları üzrə müavini postuna təyin edilib. 2013-cü ildə isə onu əmək naziri vəzifəsinə yüksəldiblər.

Demokrat partiyasının yeni rəhbəri prezident Donald Trampın ən sərt tənqidçilərindən biri kimi tanınır.

Peres əvvəli administrasiyada Obamaya ən yaxın isimlərdən bir olub. Bu isə keçmiş prezidentin partiya daxilində öz təsirini qoruması deməkdir. Yeni liderin namizədliyi keçmiş vitse-prezident Co Bayden tərəfindən də dəstəklənib.

ABŞ siyasi ekspertlərinin fikrincə, Tom Peres Demokrat partiyasının ən ağır dövrlərindən birinə rəhbərlik edir.

Partiya bu il prezident seçkilərində gözlənilmədən məğlub olub. Mərkəzi qanunverici orqanlarda (Senat və Nümayəndələr palatası) isə üstünlüyü tamamilə respublikaçılara verib.

ABŞ-ın 50 ştatından sadəcə 16-na demokrat qubernatorlar rəhbərlik edir.

ABŞ Senatının 100 üzvündən 46-ı Demokrat partiyasına məxsusdur. 435 nəfərlik Nümayəndələr palatasında isə respublikaçılarla fərq daha acınacaqlıdır: 242-yə qarşı 193 deputat.

Elə ştatların özündə də respublikaçıların demokratlar qarşısındakı əzici üstünlüyü hiss olunur.

Ştat legislaturalarının (ştatların qanunverici orqanları-red.) yuxarı palatalarında 804 yer demokratlara, 1972 yer isə respublikaçılara aiddir.

Elə aşağı palatalarda da vəziyyət fərqli deyil: 2339-5411.

Qeyd edək ki, ABŞ sistemində siyasi partiyaların konkret mərkəzləşdirilmiş strukturu mövcud deyil. Burada klassik mənada qəbul edilən partiya aparatı, məclis, idarə heyəti kimi anlayışlar yoxdur.
Bu səbəbdən Demokrat partiyasının lideri daha çox koordinator, funksiyasını yerinə yetirir, yerli strukturlar, federal və ştat səviyyəsində seçilmiş üzvlər arasında əlaqələndirici rolunu oynayır.
Tom Peres vəzifədəki ilk işinin partiyada kibertəhlükəsizliklə məğşul ola biləcək qurumun təsis edilməsi olacağını söyləyib.

Xatırladaq ki, keçən il hakerlər tərəfindən Demokrat partiyasının əsas serveri sındırılmış, orada bir çox qiymətli sənədlər ələ keçrilmişdi.
Sonradan həmin sənədlər Vikliks saytının təsisçisi Culian Assanc tərəfindən yayımlanmışdı.

ABŞ demokratlarına görə bu hücum Hillari Klintonun prezident seçilməsinə yol vermək istəməyən Kreml tərəfindən və şəxsən Rusiya prezidenti Vladimir Putinin əmri ilə həyata keçirilib.