Beynəlxalq güclər danışıqlarda real nəticə əldə etmək üçün səy göstərmir

"Sülh danışıqlarında uğurlu nəticə əldə etmək üçün ordu gücünü göstərməlidir"
Arzuxan Əlizadə: "Müşahidələr onu göstərir ki, danışıqlar nəticə verməzsə, o zaman Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək"

Məlum olduğu kimi, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.
Təlimlərdə iştirak edən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Gecə təlimlərində pilotlar silahların tətbiqinin əsas üsulları üzrə atışları yerinə yetiriblər.
Təlimlərdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
O da məlumdur ki, son vaxtlar Azərbaycan əsgərləri cəbhədə düşmənin təxribat hallarının qarşısını alaraq ona ağır zərbələr endirirlər. Bu da işğalçı tərəfi bərk narahat edir. Təsadüfi deyil ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov da ermənilərə sərt xəbərdarlıq edib. O, ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı özgə torpağına soxulduğunu anlamalıdır. Sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.
Bütün bunların fonunda Hərbi Hava Qüvvələrinin gecə təlimləri hansı və nə məqsədlə ola bilər?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu bir sıra amillərlə əlaqələndirdi: "Məsələ ondadır ki, Dağlıq Qarabağla bağlı uzun illərdir aparılan danışıqların nəticə verməməsi sülh danışıqlarına olan inamı əhəmiyyətli dərəcədə azaldıb. Görünən odur ki, beynəlxalq güclər də danışıqlarda real nəticə əldə etmək üçün səy göstərmir. Ən yaxşı halda bəyan edirlər ki, biz vasitəçiyik, gedin öz aranızda razılığa gəlin. Belə olan halda ümid yalnız Azərbaycan ordusuna qalır. İnsafən Zakir Həsənov nazir təyin olunandan sonra ordunun döyüş əhval-ruhiyyəsi yüksəlib. Tez-tez hərbi təlimlər keçirilir. Hesab edirəm ki, torpaqlarının 20 faizi işğal altında olan ölkə mütəmadi olaraq hərbi təlimlər keçirməlidir.

Bu baxımdan hərbi hava qüvvələrinin gecə təlimləri keçirməsini müsbət dəyərləndirirəm. Hərbi təlimlərin bütün növ silahlı qüvvələrlə və mütəmadi keçirilməsinə ehtiyac var. Müşahidələr onu göstərir ki, danışıqlar nəticə verməzsə, o zaman Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Görünür, bu reallıq hər keçən gün daha da yaxınlaşır. Başqa bir tərəfdən, sülh danışıqlarında uğurlu nəticə əldə etmək üçün ordu gücünü göstərməlidir"

Vidadi ORDAHALLI