BMT-nin nüfuzu son illər xeyli aşağı düşüb

Arzuxan Əlizadə: "Ermənistan prezidenti dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququ ələ salır”

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a səfərə yola düşüb. Belə ki, Sarkisyan Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək və orada çıxışı nəzərdə tutulub. Həmçinin, səfər zamanı Sarkisyanın BMT-nin baş katibi ilə də görüşəcəyi deyilir.

Qeyd edək ki, Sarkisyan sonuncu dəfə 2015-ci ildə BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak edib. O zaman sessiyası çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışan Sarkisyan guya Ermənistanın beynəlxalq sülhün təmin olunmasına töhfə verə biləcəyini bildirmişdi. Həmçinin, Azərbaycana yönəlik hədələyici xarakterli ifadələr səsləndirmişdi. Bu minvalla dünya ictimaiyyətini açıq-aşkar aldatmağa çalışmışdı. Əlbəttə, beynəlxalq hüquqla tanınmış ərazilərimizi işğal edən bir ölkənin beynəlxalq sülhyaratma əməliyyatlarına hansısa töhfə verəcəyindən danışmaq gülüncdür.

O zaman BMT-nin baş katibi Pan Gi Mun Sarkisyanın sözügedən çıxışına reaksiya vermədi. Halbuki, BMT-nin qəbul etdiyi 4 qətnaməni həyasızcasına həyata keçirməyən bir ölkəni təmsil edən dövlət başçısına reaksiya verilməli idi. Ən azından soruşulmalı idı ki, qətnamələr nəyə görə yerinə yetirilmir. Bu zaman Sarkisyan Ermənistanın sülhə töhfə verə biləcəyi adıyla beynəlxalq ictimaiyyəti aldada bilməzdi.

Maraqlıdır, Sarkisyan bu dəfə də bənzər çıxış edərsə, BMT-nin hazırkı baş katibi Antonio Quterreş necə reaksiya verəcək?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, BMT baş katibinin bu dəfə Sarkisyanın çıxışına hansısa formada sərt reaksiya verəcəyini demək çətindir: "Təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələdə, həmişə olduğu kimi, qətiyyət nümayiş etdirmirlər. Halbuki, uzun illərdir Ermənistanın Azərbaycana yönəlik işğalçılıq siyasəti davam edir. Ermənistan prezidenti dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququ ələ salır. Ancaq, nədənsə, qəbul olunan qətnamələrin yerinə yetirilməsi tələb olunmur. Başqa bir tərəfdən, BMT-nin nüfuzu son illər xeyli aşağı düşüb. Faktiki olaraq sözügedən qurum böyük dövlətlərin alətinə çevrilib. Təhlükəsizlik Şurası üzvlərinin bir sıra məsələlərdə öz maraqlarından çıxış edərək uzlaşa bilməməsi qurumu hörmətdən salıb”. /Bakı Xəbər"/