Bu bayram AMİP-çilər üçün iki qat sevincli və qurur dolu bayramdır


Keçmişdə qazandıqlarımızı itirməmək, onları daha da inkişaf etdirmək, gələcək nəsillərə təhvil vermək yalnız tarixi bilməklə, ondan ibrət almaqla mümkün olur.

Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqil dövlətçiliyi üçün mübarizəyə qalxmış, əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətini elan etmiş, lakin təəssüf ki, onu yalnız 23 ay davam etdirə bilmişdir. Bundan yetmiş il sonra bir daha mübarizəyə qalxmış və itirdiyi müstəqilliyi 1991-ci ilin 18 oktyabrında qəbul etdiyi Müstəqillik Bəyannaməsi ilə bərpa etmişdir.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 26 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi Sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olub. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.

Referendum bulleteninə bir söz yazılmışdı: "Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. /olke.az/

Zəruri qeyd: Bu bayram AMİP-çilər üçün iki qat sevincli və qurur dolu bayramdır. Çünki Müstəqillik haqqında Konstitusiya Aktının həmmülləflərindən biri partiyanın Liderı Etibar Məmmədovdur. Eyni zamanda AMİP-in tanınmış simalarından olan, görkəmli hüquqşünas Fuad Ağayevin də əvəzsiz xidmətləri olub.