Bu təxribatdır

Son vaxtlar bir çox ölkələrdə erməni sevgisi özünü bariz şəkildə göstərməkdədir. Qardaş Türkiyə Cümhuriyyətində İqdır vilayətinin Tuzluca qəsəbəsinə erməni dilində "xoş gəldiniz” və "yaxşı yol” sözlərinin yazılmasının ardınca Ukraynada qondarma erməni soyqırımı ilə bağlı sənədin parlamentin müzakirəsinə təqdim edilməsi təşəbbüsü, bu günlərdə isə Fələstin lideri Mahmud Abbasın "Böyük Ermənistan” barədə sayıqlamaları deyilənləri təsdiqləyir. Bəs görəsən Ukrayna və Fələstində baş qaldıran erməni sevgisinin arxasında nə dayanır?

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyir ki, Ukraynada qondarma soyqırımla bağlı məsəlnin gündəmə gətirilməsi təxribatdır. Onun sözlərinə görə, burada əsas məqsəd rəsmi Kiyevlə Bakı arasında, eləcə də Ukrayna ilə Türkiyə arasında münasibətlərə xələl gətirməkdir: "Görünür bəzi qüvvələr Azərbaycanla Ukrayna arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini korlamağa çalışır”. Əli Oruclu bildirib ki, erməni məsələsi həmişə böyük dövlətlərin, o cümlədən Rusiyanın əlində bir alət olub: "Qondarma soyqırımın tələm-tələsik dövriyyəyə buraxılmasında məqsəd Ukraynanı təkləməkdir. Eyni zamanda onu dəstəkləyən Türk xalqları, xüsusən də Türkiyə ilə Azərbaycanla arasını vurmaqdır. Hesab edirəm ki, bu həm də Azərbaycanın və Türkiyənin özünün də strateji müttəfiqlərindən birinin itirilməsinə hesablanıb”. Əli Oruclu deyib ki, lakin nə Ukrayna, nə Türkiyə, nə də Azərbaycan belə təxribatlara getməz və bunun qarşıısı alınacaq”.

AMİP rəsmisi Fələstin liderinin erməni sevgisinə də aydınlıq gətirib və Mahmud Abbasın "Böyük Ermənistan” arzusunu q ətiyyətlə pisləyib. Onun sözlərinə görə, Türkiyə dövlətinin beynəlxalq səviyyədə qətiyyətlə Fələstini müdafiə etməsinə baxmayaraq Mahmud Abbasın belə bir absurd açıqlama ilə çıxış etməsi müttəfiqlik prinsiplərinə ziddir: "Fələstin lideri Mahmud Abbasın "Böyük Ermənistan” arzusunu dilə gətirməsinə təəssüf edirəm. Baxmayaraq ki, Türkiyə hər zaman fələstinlilərə öz köməyini əsirgəməyib, hətta Fələstinlə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə, İsraillə münasibətlərinə zərbə vurub. Bütün bunların qarşılığında Fələstin lideri Mahmud Abbasın məlum açıqlaması həm də bir müsəlman ölkəsinin digərinə xəyanətidir. Əgər bir müsəlman dövləti haqqı, ədaləti deyil işğalçılıq siyasəti həyata keçirən bir ölkəni dəstəkləyir, həmin dövlətin istək və arzularını dilə gitirirsə, buna nə ad vermək olar. Yəqin Fələstin liderinə də yaxşı məlumdur ki, Yerevan "Böyük Ermənistan” ideyasını məhz Türkiyə və Azərbaycan ərazilərinin bir hissəinə iddia etmək, həmin əraziləri işğala məruz qoymaqla həyata keçirmək istəyir”. Əli Oruclu Fələstin liderinin belə bir açıqlama ilə çıxış etməsinin Azərbaycan cəmiyyətində də narazılıqla qarşılandığını dilə gətirib: "Azərbaycan daima Fələstin xalqına dostcasına yanaşıb, onun ağrılarının və problemlərini özününkü sayıb. Beynəlxalq təşkilatlarda müdafiə edib. Baxmayaraq ki, bütün bunlar Azərbaycanın maraqlaraına bəzən uyğun da olmayıb. Ancaq buna rəğmən Azərbaycan qətiyyətli mövqeyindən geri çəkilməyib”.

Əli Oruclu hesab edir ki, Fələstin lideri Mahmud Abbas ya "Böyük Ermənistan" yalanları barədə tarixi həqiqətlərdən bixəbərdir, ya da bunu ermənilərin dəstəyini qazanmaq üçün bəyanlayıb: "Hər iki hal Mahmud Abbasa bəraət qazandırmır. Düşünürəm ki, Fələstin lideri qısa zamanda böyük bir xətaya yol verdiyini anlayacaq və fikirlərinə aydınlıq gətirəcək. Əks halda bunun acı nəticələrini Azərbaycan və Türkiyə deyil, məhz Fələstin lideri Mahmud Abbas və sadə fələstinlilər çəkəcək”.

Süleyman