Belarusiyada 30 manata olan damar tıxanıqlığını açma dərmanı Azərbaycanda 300 manata satılır.
300 manata həmin ölkəyə gedib həm dərman almaq, həm də səyahət etmək mümkündür. Lakin təəssüf ki, həmin dərman damar tıxanıqlığı olanda 6 saat ərzində istifadə edilməlidir. Sosial şəbəkələrdə bu və digər dərmanların qiymətini qaldıran möhtəkirlərlə bağlı tənqidi fikirlər yer alıb.
Bəs bu cür həyati əhəmiyyət daşıyan dərmanların qiymətinə niyə nəzarət edilmir? Qiymətlərdə bu dərəcə kəskin fərqin yaranmasına səbəb nədir? Qiymətləri hansı yolla tənzimləmək olar?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən farmokoloq Aydın Əliyev dərman qiymətlərinin Azərbaycanda bu qədər baha olma səbəbini sahibkarların pula hərisliyi ilə əlaqələndirib:
"Dərmanın qiymətinin belə olmasının bir çox səbəbi var. Birinci səbəb odur ki, bizə xaricdən dərman gətirən sahibkarlarda insaf yoxdu. Allah onlara ilk növbədə insaf versin. 30 manatlıq dərmanı 10 dəfə baha satmaq soyğunçuluqdur. Müqəddəs kitabımız "Qurani-Kərim”də də deyilir ki, qoyulan qiymətin 5 faizdən artığı günahdır. Bunlar insanların vəziyyətini başa düşməyən adamlardır. Sadə bir misal deyim. Bəzi dərmanlar olur, 10 dənəsini təqribən 3 manata da, 12-13 manata da ala bilərsən. Dərmanlar eyni adda olur, amma keyfiyyəti fərqli olur. İşbazlar dərmanların çox yaxşı ticarətini edirlər. Eyni adda olan amma qat-qat aşağı keyfiyyətli dərmanları gətiririb satırlar. Dərmanların keyfiyyəti ilə bağlı çox ciddi problemlər var”.
Aydın Əliyev Tarif Şurasının müəyyən etdiyi qiymətlərin ona qeyri-ciddi təsir bağışladığını bildirib:
"Tarif Şurasının qoyduğu qiymətlərə ciddi baxmıram. Səbəbi ondan ibarətdir ki, Tarif Şurası qiymətlər qoyduqca dərmanların qiyməti getdikcə artır. Bunun hansı səbəbləri olduğu bildirilmir. Səbəb vergidirmi, gömrükdürmü özləri daha yaxşı bilər. Bir də çox təəssüf ki, Azərbaycanda dərman satışı ifadəsi yayılıb, bu mənim üçün təhqirdir, ona görə ki, dərman ancaq reseptlə verilməlidir. Bu ən böyük problemlərdən biridir. Reseptlə dərman yazılmayanda bu kimi hallar baş verir. İşbazlar vəziyyətdən müxtəlif cür istifadə edir. Camaat çox vaxt həkimlərdən narazılıq edir, amma problem həkimlərdə deyil. Həkim iki şeyə cavabdehdir: diaqnoz qoyuluşuna və yazdığı reseptə. Həkim dərman gətirmir, dərman istehsal eləmir, ona görə də dərmanla bağlı problemlərdə cavabdeh həkim deyil”.
A.Əliyev problemlərlə ynaşı həll yolunu da göstərməyə çalışıb. Onun sözlərinə görə, bu kimi hallar Azərbaycanda dərman istehsalı kifayət həddə çatdıqdan sonra aradan qalxa bilər:
"Bunun qarşısını almaq üçün hökumət tədbir görməlidir, bu birbaşa hökumətin işidir. Reseptə keçmək lazımdır. Düzdü, bəzi problemlər olsa da, hazırda bir ağıllı iş görürlər, tibbi sığortaya üstünlük verilir. Tibbi sığorta gücləndikcə bu hadisələrin qarşısı alınacaq. Bir də Azərbaycana bunun qarşısını almağın bir yolu da var, eşitdiyimə görə Azərbaycanda artıq 3-4 dərman zavodu tikilməyə başlayıb. Dərmanları özümüz istehsal etsək, artıq belə biabırçı hallar aradan qalxacaq. Özümüz dərman istehsal etməliyik. Onda keyfiyyətə də, qiymətə də özümüz cavabdeh oluruq”. Cebhe.info