Dərmanlar bu günkü qiymətindən baha satılacaq

Aydın Əliyev: "Dərman preparatlatı məzənnəyə uyğun satılacaq?"

Bir müddət əvvəl dərman bazarında qıtlıq yaranmışdı. Lazımi dərman preparatları ilə bağlı apteklərə müraciət edən insanlar bəzi həblərin tapılmasında çətinlik çəkirdilər. Onlara aptekdən belə deyilirdi: "Sizə lazım olan filan həb bazanın özündə yoxdur”. Sonrakı mərhələdə vəziyyət elə bir məqama yetişdi ki, ölkədə tamamilə fərqli mənzərə yarandı. Bu günlərdə Səhiyyə Nazirliyi də qismən dərman qıtlığı barədə məlumatları təsdiqlədi. Bununla yanaşı, Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlərin olunacağı bildirildi.

Səhiyyə Nazirliyinin rəsmisi verdiyi açıqlamada bildirib ki, xarici ölkə valyutalarının məzənnəsinin dəyişməsi ilə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə etdiyi müraciət artıq öz həllini tapıb. Onun sözlərinə görə, Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib. Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Belə ki, dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi Mərkəzi Bankın günə olan məzənnəsi ilə əsas götürüləcək. Yəni dərman preparatlarının həmin gün üçün valyutanın (dolların) bazardakı real qiyməti əsas götürüləcək. Belə çıxır ki, Tarif Şurası hər gün yenilənən məzənnəyə uyğun olaraq dərman preparatlarının qiymətində dəyişiklik edəcək. Bu isə insanlar arasında haqlı narazılıq yaradacaq. Sözdə absurd səslənən bu fikir ictimaiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Ekspertlər dövlətin növbəti dəfə belə bir addım atmasının arxasında müəyyən maraqların dayandığını hesab edirlər.

Tarif Şurası və nazirlik susur

Günlərdir, bu məsələ ilə bağlı müraciət etdiyimiz Tarif Şurası və İqtisadiyyat Nazirliyinin rəsmiləri sorğumuza cavab verməkdən yayınırlar. Məsələni bir-birinin üzərinə atan məsul qurumlar sanki çətin vəziyyətlə bağlı sınağa çəkiləcəklərindən ehtiyatlanırlar.

"Bu absurddur”

Farmakoloq Aydın Əliyev dərman preparatlarının qiymətinin tənzimlənməsinin günə olan məzənnə ilə müəyyənləşəcəyini absurd qərar adlandırıb. O deyib ki, mövcud duruma görə bu addım çox absurd olar:

"Bu addım sadəcə dərmanların qiymətlərinin ustalıqla qaldırılmasına xidmət edir. Bu vəziyyət narazılıqları çoxaldacaq. Bilmirəm, nəyə görəsə dərman preparatlarının qiymətinin tənzimlənməsində hökumət konkret bir qərara gələ bilmir. Hökumətin bu sahədə qayda-qanunlarının özləri gündəlik sağa-sola oynayır. Konkret bir fikir desinlər də...Burada sadə bir üsul var. Bu gün dolların qiyməti qalxdı. Dərmanlar bu günkü qiymətindən baha satılacaq. Məsələn, sahibkar dərmanı 1manat 50 qəpiyə gətirib, indi isə dərmanın qiyməti 2 manat olub. Sahibkar onu neçəyə satmalıdır? Vergi məsələlərini necə həll etməlidir? Təkrar-təkrar deyirəm. Azərbaycanda tibbi sığorta və düzgün vergi sistemi qəbul olunmalıdır ki, bunlar mərhələ ilə öz yoluna düşsün”.

Bazarı keyfiyyətsiz dərmanlar bürüyəcək

Aydın Əliyev hesab edir ki, dərman preparatlarının qiymətləri tez-tez oynayanda ölkəyə keyfiyyətsiz dərmanlar daha çox daxil olur. Bu mənada ölkəyə saxta dərmanların daxil olması halları çoxalacaq:

"Hətta bu məsələdə sahibkarları da qınamıram. Fikrimcə, bu oturuşmuş qərar olmayacaq. Real görünmür. Amma dərman bazarının bu sistemlə qurulması saxta dərman pereparatlarının çoxalmasına imkan yaradır”.

Alçina Amilqızı