Düşünmürəm ki, buna görə NATO Rusiya ilə hərbi konfiliktə girsin

Əli Orucov: "Bu astronomik məbləğ Rusiya ÜDM-nin 6,3, dövlət büdcəsinin isə 41 faizni təşkil edir"

Qərbin çoxsaylı səylərinə baxmayaraq, Rusiya hələ də neft ixracından əhəmiyyətli qazanc əldə edir ki, bu da ona müharibəni maliyyələşdirməyə imkan verir. Münaqişənin ilk illərində enerji daşıyıcılarının qiymətinin kəskin artması və dünya iqtisadiyyatına ziyan vurması risqi səbəbindən Rusiya ixracının ciddi şəkildə məhdudlaşdırılması qeyri-mümkün görünürdü.

Onda G7 ölkələri Rusiya nefti üçün qiymət tavanı (bir barel üçün 60 dollar) müəyyən etmək qərarını qəbul etdilər. Bu, dünya bazarına neft nəqlinin həcmini azaltmadan Rusiya büdcəsinin gəlirlərini məhdudlaşdırmağa imkan verdi.

Əvvəlcə sanksiyalar mexanizmi işlədi: Rusiyanın gəlirləri azaldı, amma neft tədarükü sabit qaldı.

Lakin zaman keçdikcə sanksiyaların səmərəliliyi azaldı. Rusiya Qərbin məhdudiyyətlərindən yan keçmək üçün öz donanmasına və logistikasına sərmayə qoydu, Qərb isə bazardakı qarışıqlıqdan qorxaraq sanksiyaları yumşaltdı.

İndi vəziyyət dəyişib. Qlobal neft bazarı həddi aşan təklif nümayiş etdirir: hasilatın artması OPEC+ üzvü olmayan ölkələrdə (ABŞ və Kanada kimi) azalan tələbi üstələyir.

2025-ci ildə neft təklifinin təxminən iki dəfə artacağı gözlənilir. Bu, Rusiyaya qarşı dünya qiymətlərinin kəskin artması risqi olmadan yeni sanksiyaların tətbiqi üçün əlverişli şərait yaradır.

Amma buna rəğmən sanksiyalar sərtləşdirilmir, Rusiya dünya bazarına kifayət qədər neft çıxara bilir. Bu neftin böyük əksəriyyəti isə "qara yollarla" satılır. Məsələn, Rusiya neft satışının 84 faizi Baltik dənizi üzərindən "kölgə donanma" gəmilərinin vasitəsilə daşınır. Belə bir şəraitdə Baltikdə Rusiya-NATO toqquşması nə qədər realdır?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar ilk etaplarda ciddi təsir göstərsə də, zaman keçdikcə Moskva mümkün xilas yollarına ət ataraq, bəzi hallarda həmin sanksiyalardan yayına bilməkdədir: "Bir sıra ölkələr, hətta Ermənistan ikiüzlü siyasət yürütməklə Rusiyanın təcriddən çıxmasına imkanlar yaratmaqdadır. Şimal qonşumuzun gəlirlərinin əsas hissəsi beynəlxalq bazara xammal, neft-qaz və silah ixraçından formalaşırdı. Ukraynaya təcavüzü silah ixracında Rusiyanın kəskin düşüşünə səbəb oldu. Hətta özü bu gün İran, Şimali Koreya kimi ölkələrdən silah almağa məcbur qalır.

Neft-qaz sektorunda Rusiyanın dünya bazarında böyük payı var və həmin bazarın itirilməsi ciddi maliyyə çətinlikləri yaradır. Doğrudur, bundan Qərb də ziyan çəkir. Ancaq Moskva alternativ yollarla bu boşluğu doldurmağa çalışır. Çin ucuz qiymətə Rusiyadan neft və digər təbii resurslar almaqla ən böyük ticarət ortağına çevrildi. Həmçinin ötən 3 il ərzində Rusiya özünün “kölgə donanmasını” yaratmağa nail ola bildi. Həmin donanmaya daxil olan iritutumlu tankerlər bir sıra hallarda başqa dövlətlərin bayraqları altında üzərək bazara neft və neft məhsullarının tədarükünü davam etdirməkdədir. Böyük Britaniya höküməti təxminən bir həftə əvvəl həmin donanmaya daxil olan bəzi gəmiləri aşkarlayaraq sanksiyalar tətbiq etdi. Amma mütəxəssislər Rusiyanın "kölgə donanması"nı aşkar etmək və bütünlükdə bu prosesin qarşısını almağın çox çətin olduğunu düşünürlər. Xüsusən də nəzərə almaq lazımdır ki, həmin neft ucuz qiymətə təklif olunur və müxtəlif dövlətlər də burda iştirak edirlər.

Dünya bazarında neftin qiymətinin düşməsi bazarda neft bolluğu yaratsa da, Rusiya üçün bunun o qədər də qorxusu yoxdur. Çünki Rusiya onsuz da öz neftini ucuz qiymətə satırdı və onun sabit alıcılarına həmin məhsullar çatdırılır. Rusiyanın hərbi xərclərinin cari il üçün tarixində ilk dəfə 145 milyard dollara çatdırılması quru rəqəmlərdən ibarət deyil və bu ciddi təşviş doğurur. Bu astronomik məbləğ Federasiyanın ÜDM-nin 6,3, ümumi dövlət büdcəsinin isə 41 faiznin təşkil edir. Demək, ən böyük daxilolmaların neft-qaz sektorunun payına düşdüyünü nəzərə alsaq, aydın olur ki, bu ixracatı gerçəkləşdirmək üçün Rusiyanın “kölgə donanması” kifayət qədər geniş imkanlara malikdir və bunu durdurmaq sadəcə mümkün görünmür. Məncə Qərb, xüsusən də Baltik dənizində nəzarəti gücləndirməyə çalışmalıdır. Eyni zamanda sanksiyaları daha da sətrləşdirməlidir ki, Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində böyük paya malik neft-qaz satışının həcmini azalda bilsin.

Düşünmürəm ki, buna görə NATO Rusiya ilə hərbi konfiliktə girsin. Bu, Rusiya tərəfindən beynəlxalq konvensiyaların pozulmasıdır və ona görə cəza metodları var, onlardan iştifadə edilə bilər".