Suriya ilə İsrail barışır?!

ABŞ-nin rəhbərliyi altında Parisdə keçirilən İsrail-Suriya danışıqlarının sonuncu mərhələsində tərəflər təhlükəsizlik sahəsində razılıq əldə ediblər. 

Xəbərə əsasən, hər iki ölkənin nümayəndələri təhlükəsizlik razılaşmasına nail olmaq məqsədi ilə danışıqların tempini sürətləndirmək, müzakirələri intensivləşdirmək və etimad yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.

Bəs bu razılaşma tərəflər arasında yekun sülhün əldə edilməsinə kifayət edirmi?

Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi ekspert Çingiz Şahbazi Parisdə keçirilən İsrail və Suriya arasında danışıqların sonuncu mərhələsində razılığın əldə olunduğunu xatırladıb. 

Onun sözlərinə görə, ABŞ-nin rəhbərliyi ilə keçirilən bu mərhələdə tərəflər təhlükəsizliklə bağlı və digər sahələrdə müzakirələri intensivləşdirmək, həmçinin qarşılıqlı etimad üçün addımlar atmaq barədə razılığa gəliblər:

“Əldə olunan razılaşma sülh prosesinin mühüm və həmçinin başlanğıc mərhələsi kimi sona çatdı. Bu, İsrail və Suriya arasında diplomatik münasibətlər çərçivəsində fəallığın yenidən artmasına yol açır və təhlükəsizliklə bağlı risklərin azaldılmasına kömək edir. Bütün bunlar danışıqlar prosesində yeni mərhələyə zəmin yaradan amillərlə yanaşı, həmçinin çox vacib hesab edilən görüşlərdir. Bunlarla yanaşı, tam sülh sazişinin imzalanmasına hələ çox zaman olduğunu da qeyd etmək lazımdır. Çünki hələ siyasi məsələlər və torpaq məsələləri müzakirə olunmayıb. Bütün bunlardan sonra tərəflər arasında yekun sülhün əldə edilməsi ilə bağlı müzakirələr aparıla bilər”.