Ermənistan baş naziri Nikol Paşinyanın son günlər verdiyi açıqlamalar İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamağa yaxın olduğundan xəbər verir. Lakin bu da bir faktdır ki, Ermənistan yalnız sözdə sülh müqaviləsinə yaxın görünür, lakin əməldə bunu sübuta yetirmir.
Siyasi çərhçi Çingiz Şahbazi isı hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanma ehtimalı çoxalıb.Ekspert bildirib ki, erməni baş nazir Pasinyanın son günlərdə verdiyi bəyanatlar, may ayının ikinci yarısı ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan arasında növbəti görüşə hazırlıq məqsədi daşıyır:
"Bütün bunlardan belə anlaşılır ki, erməni baş nazirin üzərinə Qərb dairələri ciddi öhdəliklər qoyub. Çünki, regionda geopolitik maraqlar o qədər sürətlə dəyişir ki, ABŞ və Avropa ölkələri öz maraqlarını təmin etmək məqsədi ilə zamanı dəyərləndirmək niyyətindədirlər. Onlar başa düşürlər ki, Azərbaycanın əlində böyük fürsətlər var və bundan əlavə Azərbaycan son müharibənin qalibidir. Azərbaycan əlində olduğu beynəlxalq logistik fürsətlərdən və qalib imicindən dolayı ciddi siyasi addımlar atmağa qadirdir. Hansı ki, Azərbaycan bunu 44-günlük müharibədən sonra, Minsk qrupunun fəaliyyətini kənarlaşdırmaqla sübut etmişdir".
Çingiz Şahbazi deyib ki, Azərbaycanın irəli sürdüyü bütün təkliflər, istər Vaşinqton platformasında, istərsə də Brüssel platforması çərçivəsində qəbul edilərək dəstəklənir:
"Sadəcə olaraq xırda məsələlər ki var, format və digər məqamlar müzakirə edilməkdədir. Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətli siyasəti öz nəticəsini göstərməlidir. Rəsmi Bakının yekun sülh müqaviləsinin bağlanması üçün təklifləri dəyişməz olaraq ortadadır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və heç bir halda sövdələşmə faktoru ola bilməz. Məhz bu səbəbdən, Ermənistana artıq bu reallıq üzərindən məsələlərin həlli üçün addımlar atması tövsiyə olunur".
Ekspert deyib ki, Pasinyan hökuməti artıq əvvəlki kimi Rusiya və ABŞ arasında manipulyasiya etmək əzmini itirib və Rusiyanın Ukraynadakı qan itkisini görür:
"Anlayır ki separatizm üzərindən yurüdülən siyasəti nəticə verən deyil. Bu səbəbdən Pasinyanın bəyanatlarındakı zərurəti görmək mümkündür və may ayında baş tutacaq görüşdən ciddi nəticələr əldə olunacağına ümidlər var".