Əli Orucov: "Bölgədə nə qədər qarışıqlıq olsa, kənar oyunçular çox cəlb edilsə, ermənilərin "bulanıq suda balıq tutmaları" asanlaşa bilər"
Prezident İlham Əliyev rus mediasına müsahibəsində Ermənistanın sürətlə silahlanmasına toxunaraq dedi ki, biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır.
Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir: "Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.
Prezident İlham Əliyevin Kiselyova müsahibədə dediklərindən sonra Ermənistanın spikeri Alen Simonyanın Hindustana səfər etməsinin nə kimi anlamları var?
Politoloq Əli Orucov baki-xeber.com-un sualına cavabında bildirdi ki, Prezident İlham Əliyevin tanınmış Rusiya teleaparıcı Kiselyova müsahibəsində də həmişə olduğu kimi Azərbaycanın təhlükəsizliyi, regional sülhün əldə olunması və bir sıra önəmli məsələlərə yanaşma diqqət mərkəzində olub: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin İrəvanın sürətlə silahlanması, Cənubi Qafqaza yönəlik bəzi Qərb dövlətlərinin, xüsusən də Fransanın yürüdüyü destruktiv siyasəti xüsusi olaraq qeyd olunub. Sirr deyil ki, Ermənistan sülh sazişini imzalamaqda maraqlı deyil və özünü toparlamaq üçün vaxt qazanmaq istəyir. Paşinyan hakimiyyəti beynəlxalq ictimaiyyəti aldadaraq sürətlə silahlanır, ordusunu gücləndirir, özünə yeni müttəfiqlər axtarır. Ermənistan hər il silahlanma xərclərini artırmaqdadır. Büdcəsinin, demək olar, böyük bir hissəsini hərbi sahəyə yönəldib. Ermənistana silah satan ölkələrin önündə gələn Hindistan bölgənin barıt çəlləyinə çevrilməsində önəmli rol oynayır. Dövlət başçısının da vurğuladığı kimi, Hindistanın verdiyi öldürücü silahlar Ermənistanın yeni və məkrli planlarının olmasından xəbər verir. Deməli, İrəvan sülh deyil, yeni müharibəyə hazırlaşır. Müdafiə naziri Papikyanın ölkəsinə silah tədarükü üçün döymədiyi qapı qalmayıb. Papikyandan sonra Hindistana Ermənistan parlamentinin spikeri Alen Simonyanın gerçəkləşdirdiyi səfər diqqət çəkir. Erməni spiker təkcə Hindistan silahlarını deyil, bu dövlətin özünü də regiona cəlb etməyə çalışır. Bölgədə nə qədər qarışıqlıq olsa, kənar oyunçular çox cəlb edilsə, ermənilərin "bulanıq suda balıq tutmaları" asanlaşa bilər. İrəvanın hiyləgər məqsədi Azərbaycanla müttəfiq və dost Pakistanın qarşısına Hindistanı çıxarmaq, Cənubi Qafqazda bu iki nəhəng dövləti toqquşdurmaqdır. Hindistanın Ermənistana artan "sevgisinin" səbəblərindən biri də məhz Ankara-İslamabad faktorudur. Bu planın baş tutması yaxın perspektivdə real görünməsə də, buna erməni tərəfinin cəhdləri artmaqdadır".