Ermənistanda iqtisadi tənəzzül dərinləşməkdə davam edəcək

Pandemiya və 44 günlük müharibə Ermənistan iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflədib. Artıq bu faktdır və az sayda ciddi qəbul edilən erməni mediası bunu etiraf edir.

“News.am” portalı yazır ki, son 10 illə müqayisədə 2020-ci il iqtisadi böhran baxımından görünməmiş bir il oldu: “Dərin iqtisadi tənəzzül fonunda xaricdən pul köçürmələrinin həcmi də azaldı ki, bu da həmin pullar hesabına yaşayan əhalinin həyat səviyyəsini daha da pisləşdirdi. Epidemiya köçürmələrin azalmasına ciddi təsir göstərdi, bunun nəticəsində minlərlə insan qazanc üçün xaricə işləməyə gedə bilmədi, gedənlər isə Ermənistana daha az pul köçürmələri etdilər”.

O da qeyd edilir ki, Ermənistandan pul axını azalmaqla yanaşı, ölkədən vəsait çıxarılır: “Bu ilin ilk 2 ayında Ermənistandan ABŞ-a pul axını kəskin artıb - təxminən 80%. Rusiyadan pul axını isə azalıb - təxminən 20%. Rəsmi statistikaya görə, idxal 2021-ci ilin yanvar-fevral aylarında 15,8% azalıb. Ermənistandan pul axını davam edir ki, bu da bir daha dərinləşən sosial-iqtisadi və siyasi böhrandan xəbər verir. Nəticədə yaxın aylarda yeni mühacirət dalğaları qaçılmazdır”.

Görünən odur ki, Ermənistanın maliyyə sistemi ikitərəfli çökür. Həm ölkədən vəsaitlər çıxarılır, həm də xaricdən ölkəyə vəsait daxil olması kəskin azalıb.

“Həmin pulların əsas qismi bu "liderlərin" bahalı həyatına sərf olunurdu”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, əslində, Ermənistanın belə bir durumla qarşılaşacağı gözlənilən idi: “Çünki elə bir ciddi iqtisadi resurslara, ehtiyatlara malik deyillər. Eyni zamanda, Ermənistan kimi ölkəni yardım və ianələrlə uzun illər idarə etmək mümkünsüzdür. Bütün bunların fonunda, həm də bir çox ölkənin əlində alət olaraq işğalçılq siyasəti yeritmək erməni siyasi dairələrini dalana gətirib çıxardı. Çünki 44 günlük müharibədən əvvəl Ermənistan hakimiyyətində təmsil olunan "liderlər" dünyanın müxtəlif ölkələrində yaşayan erməni iş adamlarını, diasporanı aldadaraq pul qoparmağa nail ola bilirdilər. Həmin pulların əsas qismi də bu "liderlərin" bahalı həyatına sərf olunurdu. Azərbaycan öz haqq davasında möhtəşəm qələbə qazandıqdan sonra ermənilərin apardıqları yanlış siyasət fiaskoya uğradı. Hazırkı dövrdə Ermənistanda belə bir xaosun davam etməsi, əhalinin ölkədən sürətlə köç etməsi də yuxarıda sadalanan amillərlə sıx bağlıdır. İnamsızlıq elə bir həddə çatıb ki, əllərində bir az pulları olan ermənilər belə öz vəsaitlərini Ermənistandan çıxarırlar. Belə hallar o zaman baş verir ki, ölkənin gələcəyi ilə bağlı insanda böyük ümidsizlik yaşanır. Bu cür acınacaqlı vəziyyət uzun müddət belə də davam edəcək. Eyni zamanda, pandemiya və müharibədə məğlub olaraq aciz  duruma düşən Ermənistanın normal dövlət kimi fəaliyyət göstərəcəyi sual altındadır”.

Sədr müavini hesab edir ki, Ermənistanda iqtisadi tənəzzül dərinləşməkdə davam edəcək.

Millət