Ermənistanla Türkiyə arasında çox ciddi ziddiyyətlər və problemlər mövcuddur

İrəvan saxta “erməni soyqırımı” və ərazi iddialarından imtina eləmədən Türkiyə Ermənistanla sərhədləri açacaqmı?
Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı müəyyənləşib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi “Twitter”də bildirib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşdırılması prosesinə başlamaq üçün təyin olunan xüsusi nümayəndələrin görüşü yanvarın 14-də Moskvada baş tutacaq. Türkiyə XİN də görüşün keçiriləcəyi vaxtı təsdiqləyib.

Bəs 2022-ci ildə əlaqələrin normallaşmasının şahidi ola biləcəyikmi? İrəvan saxta “erməni soyqırımı” və ərazi iddialarından imtina eləmədən Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması mümkünmü?

Siyasi şərhçi Əli Orucov bildirdi ki, bu görüşdən də çox şey gözləməyə dəyməz: “Çünki Ermənistanla Türkiyə arasında çox ciddi ziddiyyətlər və problemlər mövcuddur. Rəsmi İrəvan hələ ki, nə Türkiyəyə qarşı ərazi iddialarından əl çəkib, nə də saxta soyqırımdan imtina edib. Görünən o ki, münasibətlərin normallaşdırılmasına ciddi əngəl olan hər iki amildən Ermənistanın imtina etmək fikri yoxdur. Üstəlik də Zəngəzur dəhlizi məsələsi həll olunmayıb, Ermənistanın Azərbaycanla olan müharibə vəziyyəti qalır. Digər tərəfdən Rusiyanın özünün elə də ciddi marağı yoxdur ki, Ermənistanla Türkiyənin münasibətləri normallaşsın. Həm də buna görə prosesin ciddi nəticələr verəcəyini gözləmək olmaz. Amma Ermənistan cəhd edir ki, Türkiyə üzərindən Avropaya çıxsın. İlkin olaraq iqtisadi-ticari əlaqələrin qurulması mümkündür. Lakin diplomatik münasibətlərin qurulması, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması, Ermənistanın ”erməni soyqırımı" iddiasından imtina etməsi yaxın zaman üçün mümkün görünmür. Danışıqlar uzun çəkəcək. Erməni cəmiyyətində Türkiyəyə qarşı düşmən münasibət qalır. Bu münasibət dəyişmədən iki ölkənin əlaqələrinin yüksək səviyyədə qurulması mümkün deyil".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən istəklər müşahidə olunur, amma istəyin real addıma çevrilməsi o qədər də inandırıcı görünmür: “Təyyarə reyslərinin açılması Türkiyənin birtərəfli güzəşti kimi dəyərləndirilə bilər. Ermənilər buna qarşılıq addım atacaqlarmı? Bunun cavabı hələlik yoxdur. İki ölkə arasında nümayəndələrin görüşü nəzərdə tutulur. Bu görüşlərin Moskvada keçirilməsi də təsadüfi deyil, Rusiya amili nəzərə alınır. Türkiyə ümid edir ki, Moskva ermənilərə təsir edərək, nəticələrin əldə olunmasına çalışacaq. Danışıqların müsbət nəticə verməsi üçün Ermənistan bir sıra iddialarından geri çəkilməli, ”Ararat" , “genosid” iddialarından imtina etməlidir. Bunlar baş verməsə, Türkiyənin danışıqlara getməsinin mənası yoxdur. Və yaxud bunlar baş vermədən Türkiyə münasibətlərin normallaşmasına gedərsə, çox böyük səhvə yol vermiş olar. Ermənilər mənasız iddialarından əl çəkmək üçün hələ o qədər də ağıllanmayıblar. Ona görə də 2022-ci ildə hansısa normallaşmanın əldə olunacağı inandırıcı deyil, olsa da, uzunömürlü olmayacaq".“Yeni Müsavat”