Gündəlik istifadə etdiyimiz qidalar yerli və orqanik olmalıdır

“Azərbaycanda koronavirusa yoluxma artıb. Artıq gündəlik yoluxma sayı 2 minin üzərindədir”.

Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov “REAL İntervyu”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl çox həyəcanlı vəziyyət yaranmışdı: “Sanki hər gün yoluxma artımı davam edirdi. Hətta 2 700-ə çatmışdı. Sözsüz ki, bu hamını narahat edirdi. Son günlər yoluxma sayının 2 200 - 2 500 arasında dəyişməsinin şahidi oluruq.

Yoluxma sayının artmasında bir stabilləşmə var. Bu bizi bir qədər sakitləşdirir. Əslində, epidemiyanın özünün bir qanunauyğunluğu var. bunu əvvəllər də demişik. Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır.

Hazırda üçüncü dalğa dediyimiz vəziyyətin pik həddini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artım, demək olar ki, yoxdur. Bir qədər stabilləşmə var. Gözləntilərimiz özünü doğrultsa, gündəlik yoluxma sayı artmasa, bir müddət sonra bu sayın azalmasını müşahidə edəcəyik”.

Maraqlıdır, pandemiyanın qanunauyğunluğu nədir? Sərt karantin tədbirləri yoluxma sayının azalmasına təsir edə bilirmi?

ATU-nun dosenti, formokoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiya bütün dünyada yayılır, əgər heç bir tədbir görülmürsə, təbiət özü istənilən pandemiyanı nizamlayır:

“Həmin bu nizamlama müddətində nə qədər insan həlak olur. Bir də var ki, pandemiyanın qarşısını almaq üçün səhiyyə təşkilatları tədbirlər görür. Bu zaman insanlara virusdan qorunmaq üçün müxtəlif variantlar təklif edilir, hansı yollarla qorunmaq lazımdır izah edilir. Təbii ki, karantin rejiminin də müsbət cəhətləri var. Bu müsbət cəhətlərdən biri də insanların heç olmasa, müəyyən bir qismi vəziyyətin nə qədər ağı olduğunu anlayır. Təbii ki, sərt karantin rejimində gərginliklər, əsəbiliklər çoxdur. Bu zaman iş problemləri də yaranır. Bunların hamısını hökUmət nizamlamalıdır. Karantin rejiminə, qadağalara ehtiyac yaranırsa, məcburiyyətdən qaydalar tətbiq edilir. Biz bilirik ki, bu infeksiya bizdən yayılmayıb. Başqa ölkələrdən gələrək bizdə də yayılmağa başladı və biz qaydalar tətbiq etməyə məcbur olduq”.

Həkim qeyd edib ki, virusdan qorunmaq üçün immun sistemimiz güclü, qidalarımız təbii olmalıdır:

“Heç olmasa, gündəlik istifadə etdiyimiz qidalar yerli və orqanik olmalıdır. Biz həkim olaraq yalnız bunları deyə bilirik ki, sağlam qidalanın, təmkinli olun, proseslərə səbrlə yanaşın ki, depressiyaya düşməyəsiniz. Biz deyirik, lakin deyilənlərə nə qədər əməl olunur deyə bilmərəm. Görürsüz ki, proseslərə polislər də cəlb olunur. Deməli, məcburiyyət lazımdır. Əslində işin təşkilində də çatışmazlıqlar var. Bunu həkimlər də, sizlər də dəfələrlə demisiniz. Bütün deyilənlərə əməl edilsə, pandemiyanın dalğası səngiyər”. Cebhe.info

 

Millət