Hakimiyyət müxalifət düşərgəsindən deyil, hakimiyyətdaxili müxalifət və mübarizədən çəkinir

Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi Milli Şura və Müsavat artıq iki etiraz mitinqi keçirib. Martın 10-u və 31-də keçirilən bu aksiyalardan hakimiyyətin çəkinib-çəkinmədiyi barədə birmənalı fikir yoxdur.

Doğrudur, iqtidara yaxın mətbu orqanlar bu aksiyalara sərt tənqidi ruhdan yazılar həsr edir. Bu da daha çox hakimiyyətin aksiyalardan ehtiyat etməsi kimi qələmə verilir. İqtidar rəsmiləri isə Milli Şura və Müsavatın aksiyalarının əhəmiyyətsiz olduğunu qeyd edirlər. Müxalif düşərgənin də bu məsələyə münasibəti birmənalı deyil.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov yer aldıqları düşərgənin bir kəsiminin keçirdiyi bu aksiyaların hakimiyyət üçün təhlükəli olmadığını düşünür: "İqtidar islahatları kimdənsə, hansısa düşərgədən çəkinməsinə görə aparmamalıdır. Bunu dövlətin möhkəmləndirilməsinə və inkişafına görə həyata keçirməlidir. Məncə, ağıllı iqtidarlar inkişafa mane olan halları müəyyən edib qısa zaman kəsiyində aradan qaldıra bilirsə, həmin iqtidarların ömürləri uzun, xalqdan aldıqları dəstək də güclü olur. Bunun əksi isə hakimiyyətləri zəiflədir, onu və dövləti təhlükəli nəticələrə sürükləyir. Müxalifətin keçirdiyi aksiyalar təhlükəli deyil. Çünki son zamanlar keçirilən mitinqlər bir daha sübut etdi ki, protest çoxluq kütləvi aksiyalara həvəs göstərmir. Bunun müəyyən səbəbləri var. Müxalifətin vitrinində demək olar xalqa təqdim edəcək heç nə yoxdur, nə alternativ proqram və layihələr, nə müasir idarəçilik, nə demokratik yanaşma, nə də kadrlar. Müxalifət bir sıra sahələrdə iqtidardan geri qalır. Üstün cəhətlərdən isə yerində və ağıllı istifadə edə bilmirlər. Ona görə də hakimiyyət müxalifət düşərgəsindən deyil, hakimiyyətdaxili müxalifət və mübarizədən çəkinir. Hakimiyyətdaxili müxalifət və getdikcə şiddətlənən mübarizə daha təhlükəli və təsirlidir. Hakimiyyət bir tərəfdən idarəçilikdə islahatlara getməyin zəruriliyini anlayır, digər tərəfdən isə bu islahatlarla mühafizəkarlar tərəfindən törədilən ciddi əngəlləri aradan qaldırmağa, qısa zaman kəsiyində maneələri dəf etməyə risk etmir. Azərbaycan kimi ölkələrdə illərlə vəzifədə olan və şəbəkələşən, geniş inzibatı, iqtisadi və maliyyə resurslarına malik oliqarx məmurların maraqlarına toxunan hansısa islahatlar aparmaq və köklü dəyişikliklər etmək asan məsələ deyil. Bu, hətta o dərəcədə risklidir ki, hakimiyyətin varlığına belə ciddi təhdid yarada bilər. Bu baxımdan da hesab edirəm ki, hakimiyyət iki yoldan birini seçməlidir: seçkilərdən sonra ya mütərəqqi hakimiyyətdaxili və cəmiyyətin, o cümlədən demokratik düşərgənin dəstəyinə güvənib geniş və kardinal islahatlara, dəyişikliklərə getməlidir, ya da inkişafa və tərəqqiyə mane olan indiki oliqarx məmurlarla yoluna davam etməlidir. İqtidar siyasətini dəyişməsə, qarşıdakı illər onun üçün çox çətin və təlatümlü olacaq”.