18-19-20-ci əsrlərdə Azərbaycan aşıq ədəbiyyatının ən görkəmli simaları yazıb yaratmışlar. Bunlardan Aşıq Allahverdi Silduzlu, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Qurban, Aşıq Şəmşir kimi söz sərraflarını qeyd etmək olar.
Lakin indi söz açacağımız şəxsiyyət Azərbaycan saz-söz ustası , aşıq ədəbiyyatımızın önündə duran Aşıq Alı haqqınndadır.
Aşıq Alı 1801-ci ildə Vedi mahalının Milli dərəsində Gilanlar kəndində anadan olub. Körpə yaşlarından ailəsi ilə birlikdə bizə məlum olmayan səbəblərə görə Basarkeçər mahalının Qızılvəng kəndinə köç edirlər. Aşıq Alının babası Şıx Qərib övladları ilə birlikdə Qızılvəngdə məskunlaşmışlar.
Bu köç vaxtı Alının dörd yaşı var idi.Qohum-əqrəbalarının bir hissəsi isə Kəlbəcər dərəsinə köçərək orada Milli kəndinin əsasını qoymuşlar.Aşıq Alının atası təhsil almaq üçün onu Noraşen molla məktəbinə qoyur.Təhsil aldığı illərdə həmkəndlisi Niftalı Xocanın qızı Bəsti xanımı sevir. Bu eşq macərası Alını şer və musiqi dünyasına atır. O, dövrünün mükəmməl sənətkarı aşıq ideyalarının daşıyıcısı Silduzlu Aşıq Allahverdiyə şagird olur. 11 il bu görkəmli sənətkardan dərs alır. Qeyd etmək lazımdır ki, Aşıq Alı Aşıq Allahverdinin (Ağ Aşıq ləqəbilə) yeganə şagirdi olmuşdu. Aşıq Allahverdinin sonrakı taleyi çox faciəli olmuşdur. Rus çarizmi Aşıq Allahverdini öz çirkin əməllərinin qurbanı edərək bizə bəlli olmayan ərazisinə aparmış, bununla xalqımızın görkəmli oğlunun izini itirmişdir. Lakin bu görkəmli sənətkar özündən sonra Alını kamil bir ustad kimi yetişdirmişdir. O, Alının kamilliyinə əmin olduqdan sonra onu şagirdlikdən azad edib İrana Aşıq Zəki ilə deyişməyə göndərmişdi.
Aşıq Alının qüdrəti, böyüklüyü onun təcnisləri , qoşmaları ilə ölçülür. Təcnis Aşıq Alı yaradıcılığının mayasını təşkil edir. O, türk, ərəb, fars dillərinin zənginliyindən və bədii ifadə vasitələrindən ustalıqla istifadə edərək ölməz təcnis irsi qoyub getmişdir.
Görkəmli sənətkarın dörd yüzə qədər təcnisi gəlib bizə çatmışdır. Onun divani təcnisləri, müstəzad təcnisləri, döşəmə-cığalı təcnisləri, qıfılbənd, dodaqdəyməz, qoşa qafiyə və saraylı təcnisləri, saysız-hesabsız cinaslı bayatıları bənzərsiz sənət nümunələridir. Aşıq Alı Azərbaycan aşıq poeziya xəzinəsinə yeniliklər gətirən xalq arasında "Dədə Alı”, "Şıx Alı”, "Təcnis Alı”, "Təbib Alı” kimi adlar qazanmış əsl el nəğməkarı olmuşdur. Aşıq Alı bir neçə saz havası yaratmış və bu saz havalarına uyğun cinası bayatılar qoşmuşdur.
Aşıq Alı Təbriz ruhaniləri qarşısında bədahətən təcnislərini söyləmiş, Allahın bir sıra adlarının mənalarını izah etmişdir. Quranın bir neçə surəsini ana dilimizdə izah etmişdir.
Belə dini təcnislərinə görə aşıqdan xoşu gəlməyən ruhanilərin də dərin rəğbətini qazanmışdır. ”Ruhani” söz havasını da bu münasibətlə yaratmışdır.Elə həmin məclisdə "Sədala Tək-Tək” qıfılbənd təcnisi ilə Aşıq Zəkini bağlamışdır.
Aşıq Alının təcnis haqda fikirləri Xəstə Qasımın fikirləri ilə üst-üstə düşür.Aşıq Alı da Xəstə Qasım kimi "Təcnis nə alim, nə uləma onun xüsusi təkrarolunmaz bədahətçiləri olur” demişdir.Aşıq Alının fenominal öncə görmə qabiliyyəti haqda Göyçə mahalında , Kəlbəcərdə Qaraqoyunlu dərəsində , Vedi mahalında, Dərələzdə bir çoxlarına bəllidir.
Onun təcnislərində ermənilərin gətirilib Göyçə mahalında, İrəvan ərazisində yerləşdirilməsi hansı fəlakətlərə və fəsadlara gətirib çıxaracağı barədə gələcəyi görmək qabiliyyəti öz əksini tapmışdır.Çox təəssüf ki, Alının uzaqgörənliklə dediyi sözlər doğru çıxdı.
İndi düşmən Alının,Ələsgərin,Dədə Şəmşirin torpaqlarını viran qoyub.
Aşıq Alının dərin mənalı bənzərsiz ədəbi irsini qiymətləndirən məşhur folklorçu Hümmət Əlizadə 1930-cu ildə çap etdirdiyi "Aşıqlar” kitabında Aşıq Alı haqqında yazmışdır. Aşıq Alı Göyçə mahalında Aşıq Ələsgərin ustadı olmuşdur. Zamanında onun kimi müvəffəq olan çox az adam olmuşdur.Fəqət nədənsə əsərlərindən az nümunə qalmışdır.1973-cü ildə Aşıq Ələsgərin "Əsərləri”nin ikinci cildində Aşıq Alı haqqında ətraflı məlumat verildi. Aşıq Ələsgər Kərbəlayi Qurbanın yanında dörd il nökər olduqdan sonra dövrünün ən görkəmli aşığı olan Qızılvəngli Aşıq Alıya şagird olmuşdur.
Deyilənlərə görə aşıq Alı Türkiyə, İrana səfərlər etmiş məşhur aşıqlarla deyişmişdir.Hər dəfə də qalib gəlmişdi.Aşıqlar onun Osmanlı səfərinə dair dastan da danışırlar.Aşıq Alı ömrünün son 15 ilini gözləri tutulmuş, gün işığından məhrum olmuşdur.13-14 il Kəlbəcər dərəsində Milli kəndində qohum-əqrəbəsinin yanında yaşamışdır.Şıx Alı ölümünün yaxınlaşdığını duyub atasının, anasının və Bəstinin qəbirlərini ziyarət edib qayıdarkən 1911-ci ildə Qızılvəngdə vəfat etmişdir. Qəbri də indi murdar ermənilərin işğal etdiyi Basarkeçər rayonunun Qızıl Şəfəq kəndindədir.
Nəhayət şair tədqiqatçı Hüseyn Arif "Alını axtarıram” adlı məqalə ilə çıxış etdi.Bu məqalədən sonra onun 56 qoşmadan ibarət "Aşıq Alı” adlı kitabı çıxdı.
Aşıq Alının təkrar olunmaz təcnislərini , şerlərini toplayıb ərsəyə gətirənlərdən biri də əslən Kəlbəcər rayonunun Milli kəndindən olan Əli Əbülhəsən oğlu Əmirovdur.Aşıq Alı Əli Əmirovun anası Sənəm xanımın babasının əmisi oğludur.Qan qohumluğu və Aşıq poeziyasına vurğunluq Əli Əmirovu aşıq Alının təcnislərini , qoşmalarını saraylılarını toplamağa vadar edib.
Nəhayət 1981-ci ildə Aşıq Alının anadan olmasının 180 illiyini keçirilməsi qərara alındı. Aşıq Alının tədqiqatçısı Əli Əmirov "Milli Əli” aşığın yubileyi münasibətilə 500 qoşmanı İran və Türkiyə səfərləri haqqında iki dastanı yubiley komissiyasına təhvil verdi.Aşığın on iki çap vərəqi həcmində kitabı nəzərdə tutuldu,lakin dörd çap vərəqi həcmində nəşr olundu.Əli Əmirovun söylədiklərinə görə böyük alim Əli Fəhmi bu təcnisləri oxuyub demişdi ki, "Aşıq Alının kəlmələri çox qüdrətli kəlmələrdir”.
Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat İnistutunun direktoru işləmiş Mirzəağa Quluzadə bu işdə Əli Əmirova çox köməklik etmişdir.O, folklorçu Əhməd Şimidin Türkiyədən gətirdiyi qoşmaların arasında Aşıq Alının xeyli qoşmasını seçib Əli Əmirova vermişdi. Əli Əbülhəsən oğlu Əmirov 1993-cü ildə Kəlbəcərin işğalı nəticəsində köçkün düşmüşdü. Lakin Bakı şəhərində tədqiqatlarını davam etdirirdi.1995-ci ildə Əli Əmirovun "Milli Əli” aşıq Alının Təcnisləri” kitabı çapdan çıxdı lakin çox təəssüf ki, Əli müəllim kitabın nəşrini görməmiş dünyasını dəyişdi.
Hazırladı:İlqar İsaxoğlu Milli