Aİ təmsilçisi Ermənistanda “status, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər” sözlərini dilə gətirib; ekspertlərdən fərqli baxış - Murad Sadəddinov: “Əminəm ki, Ermənistan mətbuatı belə təqdim edib”
Avropa İttifaqının təmsilçisi kimi İrəvanda səfərdə olan Avstriya xarici işlər naziri Aleksandr Şallenberq ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Aİ, ATƏT-in Minsk Qrupu İrəvana və Bakıya məsələlərin həllində kömək etməyə hazırdır, amma bu köməyi qəbul etməyi hər iki tərəf istəməlidir.
“Yeni Müsavat” yada salır ki, Aİ nümayəndəsi “status, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər” sözlərini dilə gətirib. Şallenberq İrəvana və Bakıya müraciətində bildirib ki, beynəlxalq birlik tərəflərin siyasi iradəsini əvəz edə bilməz: “Beynəlxalq birliyə həm İrəvan, həm Bakı, həm azərbaycanlılar, həm ermənilər, həm də onların bu istiqamətdə irəliləmək üçün iradə nümayiş etdirməsi lazımdır. Biz bilirik ki, yaralar hələ sağalmayıb, problemlər var - status məsələsi, sərhədlər məsələsi və Dağlıq Qarabağda bir sıra problemlər. Məndə belə bir təəssürat yaranıb ki, ötən yaydan fərqli olaraq, düzgün istiqamətdə addımların atılması müşahidə olunur. Biz, beynəlxalq birlik kimi, yalnız yolun bir hissəsini sala bilərik. Mən hazırda düzgün addımların atılmasına hazırlıq görürəm. Bu, cəsarət tələb edir və hər iki ölkənin liderlərinə lazımdır”.
Çox maraqlıdır, belə rəsmi şəxsin artıq bizim üçün müzakirə mövzusu olmayan status və sərhədlər məsələsini yersiz dilə gətirməsinə niyə rəsmi Bakı reaksiyasız qalıb? Avropa İttifaqı rəsmiləri niyə adətən Bakıda bir mövqe, İrəvanda fərqli mövqe sərgiləyirlər? İlk dəfə deyil ki, ikibaşlı yanaşmanın şahidi oluruq, Bundan qabaq da Aİ yetkililərinin Ermənistanda bir, Azərbaycanda başqa söz dediklərini nümunə gətirə bilərik. Sanki bununla neytrallıq nümayiş etdirir, tərəflərin xətrini xoş etmək istəyirlər. Halbuki ötən həftənin sonu Aİ Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən videoformat görüşündə nə status mövzusu gündəmə gəldi, nə də Dağlıq Qarabağ ifadəsi... O halda Avstriya XİN başçısı niyə özünə əl qatıb? Vyananın Qarabağda “status”a nail olunub-olunmaması hansı əhəmiyyəti kəsb edir?
AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ilk dəfə deyil ki, Avropa təsisatlarının nümayəndələri bu cür çıxışlar edirlər: “Bu yaxınlarda Böyük Britaniyanın Ermənistandakı səfiri də statusdan danışmışdı, Minsk Qrupu çərçivəsində həllindən söz açmışdı. Avropa İttifaqı diplomatlarının tez-tez belə mövqe sərgiləməsini də görürük. Təəssüf ki, Xarici İşlər Nazirliyi tərəfindən reaksiya verilmir, yalnız məsələ ictimailəşib daha çox müzakirə ediləndə dişsiz bəyanatlar verilir”. A.Əlizadə hesab edir ki, dövlət başçısının daha çox bu məsələlərə aydınlıq gətirməsinə şahid oluruq: “Amma ölkənin birinci şəxsinə qədər reaksiya verməli olan qurumlar açıqlama yaymalıdırlar. Avropanın isə ikili standartlarla çıxış etməsi yenilik deyil, bu da xristian təəssübkeşliyindən irəli gəlir”.