“Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur”. Bunu Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxış edərkən deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib: “Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.
Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.
Prezident bir daha aparıcı ölkələri vaksin ədalətsizliyinə son qoymağa çağırdı. Bəyan etdi ki, bununla bağlı şans var.
“...pandemiya üzündən inkişaf etməkdə olan ölkələrdə ölənlərin sayı daha böyük rəqəmlərlə ölçülür”
Sözügedən məsələyə aydınlıq gətirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyevin sözlərinə görə, inkişaf etmiş ölkələr vaksin ədalətsizliyinə son qoymaqda maraqlı deyillər: “Bax, başlıca problem bununla bağlıdır. Çünki istək yoxdur. Halbuki, vaksin preparatlarını yoxsul ölkələrə vermək üçün yetərli maliyyə imkanları var. Ancaq biz görürük ki, aparıcı ölkələr dərman maddələrin dozaları ilə milyardlar qazanırlar. Daha çox buna qazanc mənbəyi kimi baxırlar. Baxmayaraq ki, pandemiya üzündən inkişaf etməkdə olan ölkələrdə ölənlərin sayı daha böyük rəqəmlərlə ölçülür. Hansı ki, vaksinasiya ilə bağlı ədalətsizliyə son qoyulsaydı, o zaman insan itkisi bu səviyyədə olmazdı. Bu baxımdan, Prezident İlham Əliyevin sözügedən tədbirdə səsləndirdiyi tənqidi fikirlər reallığı əks etdirir. Ölkə başçısı çox aydın şəkildə bildirdi ki, ortada qeyri-bərabərlik var və buna son qoyulmalıdır. İnsanların immun sisteminin gücləndirilməsi ilə bağlı zəruri addımlar atılmalıdır. Donor təşkilatlar bu məqsədlə yoxsul ölkələrə vəsait ayırmalıdırlar”.
A.Əliyev hesab edir ki, yalnız bundan sonra bu sahədə mövcud olan ədalətsizliyə son qoymaq olar.
Vidadi ORDAHALLI