İnkişaf üçün nizam-intizam, əxlaq başlıca şərtdir.

Arçutlu (Ardıclı) gənclərin inkişaf konsepsiyası 

    Üçüncü  yazı           
            Arçutlu gənclərin inkişaf konsepsiyalarının əsasları

          XX əsrin 60-80-ci illərində Arçut gənclərinin düşüncələrində inqilab yaradan  modernləşmə proseslərində kitablar, qəzet və jurnalllar, eləcə də radio və televiziya, kinoteatr salonlarındakı proyektorla baxılan filmlər   və vallı, kasetli  maqnitofonlar mühüm rol oynadı.  Musiqi və filmlər duyğuların incələşməsinə əsas verdi. Gündəlik informasiyalar Arçut gənclərinin həyatına rəngarənglik qatdı, çalarları bəxş etdi. Düşüncələrdə nizamlılığı, konstruktivliyi  formalaşdırdı. Futbol, voleybol, basketbol və xokkey yarışlarına həvəs gücləndi. Kəndlər və rayonlar arasında  futbol yarışları geniş vüsət aldı.  Arçut gəncliyi ev əşyalarını da zamanın tələblərinə uyğun şəkildə dəyişdi.  Evlərin interyer və eksteryerində zövqlü dəyişikliklər özünü büruzə verdi. Səliqə-səhman gənclərin yaşam tərzinə mühüm təsir göstərdi.  Yeni baxışlar hesabına evlərdə, otaqlarda köhnə bufetləri servantlar əvəzlədi. Müasir şfanerlər (paltar dolabları), şakflar və digər mebel dəstləri  bir tərəfdən otaqlara yaraşıq verdisə, digər tərfdən rahatlığa xidmət etmiş oldu.  Yerdə bardaş qurub əyləşənlər artıq yeni masalar və stollar ətrafında əyləşməyə başladılar. Divan və kreslolar rahatlığın, dincliyin əsas vasitələri rolunda çıxış etdilər.  Döşəmədə yatmağı mebelli çarpayılarda yatmaq  əvəzlədi.   Çılçıraqlar yeni tikilən evlərin otaqlarını daha da geniş şəkildə işıqlandırdı. İşıqlandırma vasitəsi olan neft lampalarından geniş istifadədən   imtina olundu.  II Dünya müharibəsindən sonra kənd sürətlə elektrikləşməyə başladı.  
          Ümumiyyətlə, XX əsrin 60-80-ci illəri kənd gəncliyi üçün tərəqqi, renovasiya, intibah dövrü kimi xassələnə bilər. Kəndin rabitə vasitələri ilə təmin olunması, ats-lərin mövcudluğu gənclər arasında asan qiyabi ünsiyyəti geniş inkişaf etdirdi. Kəndlə uzaq diyarda yaşayan həmvətənlər arasında rabitə əlaqəsini təmin etdi.  Kənd təsərrüfatında texnikanın tətbiqi güclü qazancları əldə etdi.  Gənclər tərəfindən müasir minik avtomobillərinə maraq da artdı. Bunun hesabına kəndə minik avtomobilləri axmağa başladı. İntibah prosesləri adət-ənənələrdə də özünü göstərdi. Bəylər və gəlinlər öz toylarında dəbli gəlinlik və bəylik paltarları geyindilər. Aşıqları xanəndələr əvəzlədi. Estrada musiqisi geniş yayıldı. Həmçinin xalq və bəstəkar  mahnılarına diqqət daha da artdı. Azərbaycandan gətirilən valların və kasetlərin hesabına milli musiqi ilə yaxından tanışlıq baş verdi. Yeniliklər gənclik ruhuna yeni duyum, yeni incəlik bəxş etdi. Arçut gəncliyi köhnəlikdən birdəfəlik imtina etmədi, əksinə köhnəliyin əksər elementlərini saxlamaqla, ona dəyər kimi baxmaqla  yeniliyə rəvan keçidi, yumşaq əvzələməni  təmin etdi. Mövcud vasitələr gəncliyi öz potensialını ixrac etməyə həvəsləndirdi. Bunun sayəsində inkişaf dalğaları bir-birini əvəzlədi.  Köhnəlik üzərində yeni reallıqları, yeni görünüşləri yaratdı. Saz, tar, zurna musiqi alətləri ilə yanaşı, ansambla, kompleksə, kombinasiyaya qarmon, gitara, klarnet kimi alətlər də əlavə olundu. Yeni-yeni musiqi qrupu formalaşdı.  Musiqi çaları genişləndi. Musiqi dərnəklərinin fəaliyyəti böyüdü.  Yallı rəqsi ilə yanaşı, estrada və disko  rəqsləri də, eləcə də cütlük rəqsləri də  gəncliyin mədəni həyatını bəzədi.  Müasir rəqslər mənimsənildi.  Bayram günlərində kəndin gəncləri avanqard qüvvə kimi çıxış elədi.  Dağlarda, düzənliklərdə, məhlələrdə piyada, at və ulaq belində gəzməklə yanaşı, uşaqların və gənclərin velosipeddə və motosikletdə gəzməkləri də əlavə olundu. Texniki vasitələr gənclərin həyatına ciddi şəkildə sirayət elədi. Onlarda texniki təfəkkürü formalaşdırdı. Texnika ilə düzgün davranış, texnikanın dilini mənimsəməni özündə ehtiva etdi.  Ötən əsrin 60-80-ci illəri Arçut gəncliyinin texnikanın dilini mənimsədiyi mərhələ kimi xassələndirilə bilər. Yeniyetmələrin  texniki peşə məktəblərinə axını gücləndi. Kənd təsərrüfatının mexanikləşdirilməsi prosesində gənclərin rolu da genişləndirildi. Gənclər kənd təsərrüfatı ixtisaslarına (aqronom, zootexnik, kənd təsərrüfatının iqtisadiyyatı və s.) meyil göstərdilər. Onlar ölkədə geniş vüsət almış yaradıcılıq və quruculuq proseslərində yaxından iştirak etmək missiyasını öz üzərlərinə götürdülər. 
             Gənclər üçün zövqlü həyatdan biri də bayram günlərində etik və estetik davranış olan  hədiyyələşməni tətbiq etmək  oldu. Bu, qarşılıqlı hörmətdən, ehtiramdan və diqqətdən, qayğıdan irəli gəlirdi. Həm də səmimiyyətə və azad sevgi münasibətlərinə xidmət edirdi.    Oğlanlar və qızlar arasında bu kimi adətlərin olması gəncliyi daha da səmimiləşdirirdi. Həyatlarına zövq qatırdı. Bu kimi addımlar, vərdişlər o zaman  onları bir-birinə sıx bağladı. Təfəkkürlərində dəyişiklik yaratdı. Düşüncələrini ortaq koordinatda mərkəzləşdirdi.    Kəndin toy və nişan, eləcə də elçilik adətləri də azad sevgiyə xidmət elədi. Gənclər sərbəst seçim imkanları əldə etdilər. Saf məhəbbətlə, aşkarlıq şəraitində  ailə həyatı qurmağa başladılar. Solğun həyatdan çiçəkli həyata keçidin əsası qoyuldu. Arçut gəncliyinin ən böyük dəyəri həm də onunla müəyyən olundu ki, gənclər öz irslərinə hörmətlə yanaşdılar. Maddi-mədəniyyət abidələrini qorudular, vasitələri, əşyaları  toplayaraq, kənd müəllimi Səyyad Rəfiyevin təşkilatçılığı ilə muzey yaratdılar. Bununla da maddi-mənəvi irsə dəyər kimi baxdılar.  Maddi irsdə ruhu vəziyyəti müəyyən etdilər.  
            Kənd gəncliyinin  fəxr etdiyi digər bir amil də  “diplomlu gənc”, “attestatlı gənc”, “sertifikatlı gənc”, “ağ xalatlı gənc”, “medallı və ordenli gənc”, “fəxri fərmanlı gənc”,  “hərbi biletli gənc”,  “hərbi paqonlu, baftalı (ipək saplardan toxunulmuş bəzəkli qaytanlar) və hərbi şinelli, hərbi çəkməli   gənc”, “sürücülük vəsiqəli gənc”, “qolu qovluqlu gənc”, “idmançı gənc”, “traktorçu gənc”, “kombaynçı gənc”, “hesabdar gənc”, “zootexnik gənc”, “aqronom gənc”,  “bənnaçı gənc”, “qaynaq edən gənc”, “partiyaçı gənc”,  “komsomolçu gənc”, “katib gənc”, “traktor sürücüsü olan gənc”, “gitaraçı gənc”, “qarmonçu gənc”, “sintezatorçu gənc”, “gənc müəllim” kimi adları  daşımaqdan ibarət oldu. Bu kimi anlayışlar həvəs oyatdı, stimul yaratdı. Adlar şəxsiyyəti tamamlayan statusa çevrildi.  Hər kəs maariflənmənin, savadlanmağın  tərkib hissəsi olmağa can atdı. Cəmiyyətdə yüksək nüfuz sahibi olmaq uğrunda yarışlar həyata keçdi. Bu yarışma sayəsində Arçutun böyük elmi və mütəxəssis, kadr potensialı formalaşdı.   Layiqli yer tutmaq hər bir gəncin şərəfini təşkil edən elementləri özündə cəmləşdirdi. Kəndin bir çox gəncləri yeni həyat əldə etmək üçün  şəhərlərə də  üz tutdu və texniki peşə məktəblərində o zaman üçün dəbdə olan  fəhlə peşələrinə (məsələn, tikişçi, dərzi,  qaynaqçı, motorçu, çilingər, kombaynçı, elektrik, traktorçu, tornaçı  və s.) yiyələndilər. Kənd təsərrüfatını yaxşı mənimsəmək üçün baytarlıq həkimi peşəsi, zootexnik və aqronom kimi ixtisaslara yiyələnmək də zamanın tələbinə çevrildi. Kənddə çobanlıq da davam elədi.  Yapıncı və çoban çomağı da unudulmadı.  Fəaliyyət və peşə sahələrinin çoxluğu özlüyündə gənclik həyatını çoxşaxəli etdi və mənalar qatdı. Rəhbər ideyalar həyata ciddi təkan verdi.  Komsomol və partiya işlərində yaxından iştirak etmək də mühüm strategiya idi. Gənclərin ictimai həyata assosiativ inteqrasiyasını sürətləndirdi. Ardıc gəncləri başlıca olaraq rayon (Quqark), respublika (İrəvan)  və ittifaq səviyyələrində (Moskvada)  partiya və komsomol  qurultaylarına qatıldılar.  
            Gənclər həyatda öz bilik və bacarıqlarına görə layiqli mövqelər tuta-tuta yüksəldilər. Bu yüksəlişin nəzəri əsasları özlüyündə Arçut gənclərinin konsepsiyasını ortaya qoydu. Ali zirvələrdə mövqelər qazanmaq başlıca strategiya idi. 
            Ümumiyyətlə, Arçut gəncləri  doğma kənddə olarkən prinsipiallıq kəsb edən mühüm tezislərlə yaşadılar. İdeya arxasınca getdilər.  Həyata yeni baxışları sistemləşdirdilər, yeni ideyaların ayaq tutmasında rol oynadılar. Arçut gəncliyi öz irsi amillərini davam etdirdilər. Həyatın bütün məkan və zamanlarına transfer etdilər.
          1965-ci ildə Arçutda dünyaya gəlmiş və 1973-1983-cü illərdə kənd orta məktəbində təhsil almış və ixtisasca iqtisadçı olan, ali təhsilli Validə Həsən qızı Nəsibova öz yeniyetməlik və gənclik illərini belə xatırlayır: “Məktəbdə oxuyan vaxt, yəni yuxarı siniflərdə bədii kitabları çox sevirdim və demək olar ki, məktəb kitabxanasında olan kitabların əlli faizini oxumuşdum. İdeyam və arzum ondan ibarət idi ki, Bakıya gedim, ali təhsil alım. Layiqli bir işə sahib olum. Ailə qurum, gözəl ailəm olsun. İnsan düşünür, özü barədə xəyallara dalır. Bu fikirlərin, düşüncələrin demək olar ki, 80 faizini mən həöyatda yaşadım, istədiklərima nail oldum...İşlədiyim müddətdə onlarla gəncin mühasib kimi yetişməsində əmək sərf etdim”.    
           
        Bu gün Arçut gəncliyinin əsas inkişaf  şüarları   belə olmalıdır: 

-“Xəyali nostalgiyadan postmodernizmə qədər-Gələcəyə uğurla və zəngin yaddaşla  addımlamaq!”;
“Əsrdən-əsrə körpü: məsuliyyət üzərimizdədir! Yurdu dərk etmək və xatırlamaq,  yaddaşa hopdurmaq   müqəddəs missiyamızdır!”;
- “İrsimizin estafetini daşımalıyıq və ötürməliyik!”;
- “İrsimizin estafetini daşımaq şərəfi və məsuliyyəti çiyinlərimizdədir!”;
- “Yurddan-Vətənə, Vətəndən-Yurda!-keçmişdən gələcəyə və geriyə dönüş! Bununla da tarixi unutmamaq!”; 
-“Ardıcdan-Dünyaya, Dünyadan-Vətənə! Açılım və dönüş yolumuzdur!”;
-“Arçuta dəmir tordan baxmaqla barışmamalıyıq! Toru sökmək əsas borcumuzdur!”
-“İradəmiz poladdan, sözümüz qızıldan, vədimiz Allahdandır! Arçut sözümüz dəyərdir! Kəndimizi  görməliyik!”
-“Arçutumuzu heç kəsə verə bilmərik; çünki O, bizim Ardıcımızdır! Böyüklərimiz ağacları əmanət qoyub gəliblər. Biz  geriyə dönüb onları öz əllərimizlə sulamalıyıq!”
-“Həyatın hər yanında, hər sahəsində imzamız   olmalıdır! Bu, bizim üçün şərəf və ləyaqət məsələsidir!  Arçutun tarixi şərəfli imzası davam olunmalıdır və əbədi yaşamalıdır!”
-“Allah  əcdadlarımıza rəhmət eləsin! Öz doğma Arçut kəndlərinin Ardıc ağacı mənasını heç zaman erməninin öz dilində səsləndirdiyi ayı yozumuna təslim etməyiblər! Deməli, ulu kəndimiz mübariz və vətənpərvər olub! Biz  o yolun  davamçılarıyıq!”
-“İşğaldan azad olunmuş Qarabağda Ardıc adında  yeni bir kənd salmaq da məqsədimizizdir! Keçmişimizin ənənəsini yenidən bir məkanda, bir el-oba içində yaşatmaq müqəddəs missiyamızdır!”
  
             Arçut gənclərinin gələcək  inkişaf konsepsiyasının prinsiplər olaraq  nəzəri əsaslarını  (nəzəri əsaslar rəhbər, aparıcı ideyalar  xassələri meydana gətirir), istiqamətverici oriyentirlərini   bu şəkildə ümumiləşdirmək olar:

-İnkişaf konsepsiyası qarşıya qoyulan məqsədləri və vəzifələri, hədəfləri müəyyən edən prioritet  ideyaları, avanqard prinsipləri  özündə cəmləşdirir; 
-inkişaf konsepsiyası Arçut kəndinə aid olan şüarları, eləcə də gəncliyə aid olan aforizmləri əsas götürərək, gənclərin ruhlanmasını, xidmətlər yolunda istiqamətlənməsini, bu yöndə baza düşüncələri özündə əks etdirir;
-inkişaf konsepsiyasının başlıca məqsədi ümumilikdə Azərbaycan cəmiyyəti və xalqı içərisində Ardıc izinin şərəflə qoyulması məqsədini özündə ehtiva edir;
-konsepsiya özündə Arçut əsilli gənclərin cəmiyyətə, bəşəriyyətə  olan töhfələrinin faydalı əsaslarının nəzəri tərəflərini, nəticələrin qənaətlərini şaxəli və yığcam şəkildə ifadə edir;
-inkişaf konsepsiyası yaddaşlardakı keçmişi gələcəyə ötürür və bununla da düşüncələrdə  tarixi bağlantı yaradır. Zaman xüsusiyyətlərinin bağlayıcılığını özündə ifadə edir;
-inkişaf konsepsiyası Azərbaycan xalqının dəyərlərindən maksimum faydalanmağı, dəyərləri özünə çəkməyi və özündən də dəyərlər təqdim etməyi strateji və taktiki məqsəd kimi qarşıya qoyur;
-inkişaf konsepsiyası “Biz  Azərbaycanlıyıq!”, “Qərbi Azərbaycan Bizimdir!”, “Arçut (Ardıc) şərəfimizdir, ləyaqət simvolumuzdur!”, “Ardıc dədə-babalarımızın bizə miras qoyduğu əmanətdir!”, “Arçut and yerimizdir!”,  kimi şüarlar ilə bütün  ideyaları öz ətrafında cəmləşdirir və vahid proqram xassəsinə malik olur;
-inkişaf konsepsiyası ayrı-ayrı gənclərin fərdi fikirlərini, həyati əhəmiyyətli düşüncələrini vəhdətdə görür və rəngarəngliyi tərkib zənginliyi kimi müəyyən edir;
-inkişaf konsepsiyasının nəzəri əsasları Arçut sakinlərini bir arada, bir mərkəzdə, ortaq koordinatlarda cəmləşdirir, onların qayğı və problemlərini birgə həll etmək zərurətini ortaya qoyur;
-inkişaf konsepsiyası vahid əxlaq və estetika  kodeksini özündə əks etdirən müddəalar cəmidir, məcmusudur;
-konsepsiya ideyalar cəminin sistemli qaydada unifikasiyasıdır, hansı ki, konsepsiya gənclər üçün vahid məzmun kəsb edir. Ümumi və prinsipial məsələləri ortaya qoyur;
-konsepsiya yeniyetmə və gənclərin potensiallarının bir arada cəmləşməsini və potensialın  vahid amallar uğrunda yönləndirilməsini özündə ehtiva edir;
-inkişaf konsepsiyası özündə vahid şəkildə ifadə olunan mətinliyi, mübarizliyi əks etdirir, iradə və yekdil mövqeni ortaya qoyur. Gənclər bir-birilərinə baxaraq, bir-birilərini dayaq elementi kimi  qəbul edərək ruhlarını birləşdirirlər. İdeyalar cəmindən xidmətlər yolunda rəqabət mübarizəsi güclənir.

          Arçut kəndində uşaqların, yeniyetmə və gənclərin tərbiyələri-konsepsiyanın formalaşmasını  təşkil edən  elementlər
       
        “Kəndimizdə olanda biz uşaq idik. Mən oradan çıxanda orta məktəbin dördüncü sinifində oxuyurdum. Hər şey, evimiz, məhləmiz indiyə kimi gözümün önündədir.  Uşaqları həm orta məktəbdə, həm də ailədə çox yaxşı tərbiyə edirdilər. Bizdən müəllimlərimiz və valideynlərimiz ancaq və ancaq yaxşı və əla qiymətlərlə oxumağı  tələb edirdilər. Əla oxuyan və ali məktəbə qəbul olan gənclərə baxıb örnək götürürdük. Onların sayı günü-gündən çoxalırdı. Ali məktəbə daxil olan gəncləri biz həmişə misal çəkirdilər. Biz onlara çox hörmətlə yanaşırdıq...”-1978-ci il təvəllüdül İlyas Əkbər oğlu Xəlilovun xatırlamasından 
       “Orta məktəbə  səliqəli geyinib gəlmək bizdən demək olar ki, hər gün  tələb olunurdu. Şagirdlərə təmizlik nümunəsi kimi baxırdılar. Gül-çiçəklə bəzənmək adətimiz idi.  Kəndimizin gənc qızları adət-ənənələrimizin yerinə yetirilməsində yaxından iştirak edirdilər. Toylarda, nişan məclislərində və bayram şənliklərində bəzək-düzək işlərini özəlliklə böyük yaşda olan  qızlar həyata keçirirdilər.  Biz uşaqlar da onlara baxıb onlar kimi olmaq istəyirdik. Eşidirdik ki, kəndimizdən çoxlu sayda qızlar da orta ixtisas və ali məktəblərdə təhsil alırlar, biz də onlara baxıb oxumağa cəhd göstərirdik. Həm məktəbə gedirdik, həm də ailə işində və təsərrüfatlarda valideynlərimizə kömək edirdik.  Məktəb və ailə həyatı bir-birini gözəl sintez edirdi.  Yeniyetmə və gənclərimiz sağlam ruhda idilər. Ümumiyyətlə, kənddə tərbiyəmiz çox ciddi idi.   Daim nostalji hissləri ilə xatırlayıram. Kəndimizdəki uşaqlığım mənə silinməz, gözəl izlər buraxan yaddaş bəxş edib....”-1974-cü il təvəllüdlü Bahar Misir qızı İbrahimovanın xatırlamasından.
         Keçən illər Arçut gəncliyi üçün həyat heç də  tam rəvan və asan keçici  olmayıb. İnkişaf proseslərini əngəl olan hadisələr çoxluq təşkil edib. Ömür xəttində sınıqlar, qırıqlar, dalğalı və spiralvari  formalar çoxluq təşkil edib. Gənclik enişli, yoxuşlu yollarda təlatümlər, keşməkeşli və çətin sınaqlı anlar da yaşayıb. Lakin bütün çətinliklərdən üzüağ, alnıaçıq çıxıb. Hər bir çətinliyə  sinə gərib. Bu yöndə 1973-cü ildə Arçut kəndində müəllim ailəsində  dünyaya göz açmış, tədqiqatçı-jurnalist  Vəfalı Cavad oğlu     Qasımov  kənd gəncliyi ilə 1990-cı illərin müharibə dövrünün gəncliyinin xarakterik xüsusiyyətlərini bu şəkildə əsaslandırır: “Hörmətli dostlar, belə bir deyim var, “Qocalar keçmişi ilə yaşayar, cavanlar isə gələcəyi ilə”. Bu o deməkdir ki, hər bir yaşa dolmuş insan keçmişdə nələri edibsə onu xatırlayaraq özünəməxsus hisslər keçirir. Nəyi harada səhv, nəyi harada düz etdiyini aydınlaşdırmağa çalışır. Cavanlar isə gələcəyə doğru planlarını götür-qoy edərək yaşamağa çalışır. Mən bu gün gəncliyimin təsadüf etdiyi keçən əsrin 90-cı illərindən söhbət açmaq istəyirəm. Və daha çox gənclik illərində travmalardan bəhz edəcəm. Düşünməyin ki, pessimist yanaşmadır. Xatırladım ki, mən bir azərbaycanlıyam. Özü də əslində doğma vətəni olaraq “qəribçilik”də doğulan , uşaqlıq  illərini orada keçirən, böyük arzuları olan birisi. Onu da deyim  ki, mən tək deyildim, nə yazıq ki, yüzlərlə, minlərlə gənc bu taleyi yaşamaq məcburiyyətində idi. Onu da deyim ki, düz bir əsrdə 4 (dörd) dəfə bu faciəni ata-babalarımız yaşamış, sonuncusu isə bizim payımıza düşdü. Məlum 1988-ci il hadisəsi ilə əlaqədar didərgin həyatı başladı. Gəncliyimizin ən parlaq anında məcburi qaçqınlıq həyatı yaşamağa məcbur olduq. Erməni millətçilərinin törətdikləri əməllər bütün dünyaya məlumdur. Uşaqlıq illərində gələcəyə doğru qurduğumuz xəyallar tar-mar oldu. Nə doğru dürüst təhsilimizi davam etdirə bildik, nə də ki, gələcək planlarımızı xəyal edə bildik. Yaşımız çatar-çatmaz hərbi xidmətə başladıq. Nə az, nə çox düz 6 (altı) il hərbi xidmətdə olduq. Budur uşaqlığımız, qaçqınlıq, gənclik illərimiz isə hərbi xidmət”.  
            Məlumdur ki, tərbiyə nizam-intizamın əsasıdır. Özünü daxildən islah etmək, özünü dərk etmək, özünə dönmək, yenidən nizamlamaq   deməkdir. Tərbiyə mədəni, etik və estetik mərkəzdir.  Nizam-intizamın ciddi olması həyata məzmunlu  baxışların formalaşmasını özündə əks etdirir. Münasibətlərdə və əlaqələrdə ciddi davranış sosial sferanın da möhkəmlənməsinə səbəb verir. Bu da özlüyündə cəmiyyətdə, həyatda qazanılan nailiyyətlərin əldə olunmasına rəvac verir. Ardıcda tərbiyə valideyn üçün cəmiyyətə, ailəyə yararlı evlad yetişdirmək üçün başlıca konsepsiya idi. Bu əxlaq konsepsiyasının tərkibi çox zəngin idi. Hər addımda şəxsi, fərdi müşayiət edirdi. Konsepsiya fərdi cəmiyyət üçün  şəxsiyyət kimi yetişdirməyi hədəfləyirdi.   Əxlaq normaları insanın özünə baxışlarının, özünü islahın əsas sistemləşdirici və birləşdirici məzmunu idi. Əxlaq qaydalarına əməl etmək bütün uşaq, yeniyetmə və gəncləri bir arada, eyni amallar uğrunda mübarizədə birləşdirirdi. Ümumiyyətlə, tərbiyə vahid davranış modellərinin əsaslarını özündə ifadə edir, eləcə də təbəqələr arasında uyğunluq yaradırdı.  Tərbiyə zamanı iyerarxiya nəzərə alınırdı və münasibətlərdə və əlaqələrdə “pilləkən”, “iyerarxiya”  amilinə ciddi fikir verilirdi. “Hər şəxsin öz yeri, öz məkanı və öz statusu” kriteriyası ilə tərbiyə metodları tətbiq olunurdu. Nizam-intizamın, tərbiyənin əsas prinsiplərindən biri “sərhədlənmə” idi. Hər bir fərd öz sərhəddi çərçivəsində böyüdülür, yetişdirilirdi. Tərbiyədə mənəvi dəyərlər olan gözütoxluq, tamahkarlığa yol verməmək, nəfsi saxlamaq kimi şərtləndirici amillərdən də geniş şəkildə istifadə edilirdi. Uşaqlara, yeniyetmə və gənclərə qayğı özlüyündə böyüklərə və yaşlılara qayğı ilə şərtləndirilirdi. Gənclər elə ruhda böyüdülürdü ki, xələfləri və sələfləri xüsusi diqqətdə saxlanılsın. Gənclər özlərindən kiçikləri və böyükləri bir arada birləşdirən, keçici, bağlayıcı, ortalıq mövqe tuturdular.
         Ardıc kəndində uşaqlar  həm evdə böyüklər, həm də məktəbdə müəllimlər tərəfindən “alın təri ilə yaşamaq”, “zəhmətə qatılmaq”, “qəbərli əllərlə yaşamaq”, “zehni əmək sərf etmək”, “halal pul qazanmaq” kimi əxlaqi tələblər, kriteriyalar ilə, nəzarət və müşahidə standartları ilə  tərbiyə olunurdular.  Gənclər üçün ictimai qınaq çox güclü idi. Onlar nümunəvi təbəqəni təşkil edirdilər.  Tərbiyə ictimai, məişət və sosial sağlamlığın rəhni idi. Gənclər özlərini cəmiyyətdə  nüfuzlu, şəxsiyyətli və aparıcı qüvvəsi kimi görürdü. 
           Arçutda kənd sakinlərinin öz aralarında, icmalarında  yazılmamış  bir əxlaq kodeksi var idi. Hansı ki, camaat bu kodeksdən, ictimai məcəllədən geniş istifadə edirdi. Böyüklər, valideynlər və müəllimlər sağlam övlad yetişdirməklə öyünürdülər, fəxarət  hissi yaşayırdılar. Müəllimlər yüksək nailiyyət əldə edən şagirdləri ilə fəxr edir və onları zəhmətlərinin bəhrəsi adlandırırdılar.  Ciddi tərbiyə və yüksək təhsildən, onun nəticələrindən irəli gələrək müəllimlər də öz peşələrinə çox ciddi yanaşırdılar. Həvəslə çalışırdılar.  Gənclər sağlam gələcəyin rəhni idi və irsi davamiyyətin mərkəzi qüvvəsi hesab olunurdular. 
         İnkişaf üçün nizam-intizam, əxlaq başlıca şərtdir.   Uşaqların ailədə və cəmiyyətdə düzgün və tərbiyəli böyüdülməsi başlıca strategiya idi. Tərbiyə onların islah olunmasına hədəflənirdi.  Valideynlərin, baba və nənələrin vəzifəsi ailədə uşaqlarda, yeniyetmə və gənclərdə  düzgün tərbiyəni aşılamaqdan ibarət idi. Uşaqlar gələcək irs hesab olunurdu. Bu baxımdan da sağlam böyümələri şərt idi. Uşaqların şərəfli namuslu, ləyaqətli, vicdanlı, iradəli və digər keyfiyyətlərlə böyümələri prinsipial  şərt və tələb  idi. Arçut sakinləri fikirləşirdi ki, uşaqlar şəxsiyyət kimi yetişməli və ailəyə və cəmiyyətə, dövlətə yararlı elementlər olmalıdır. Böyüklərlə və kiçiklərlə danışıq tərzi, davranış metodlarına ciddi fikir verilirdi. Ailədə, böyüklər yanında ucadan danışmaq, qışqırmaq, emosiyalara qapılmaq  olmazdı. 
         Uşaq, yeniyetmə və gəncliyin tərbiyəsi “Sən özünə, valideynlərinə və cəmiyyətə, dövlətə lazımsan” şüarı ilə həyata keçirilirdi. Uşaqlar, yeniyetmələr və gənclər cəmiyyətin “qaymaqları”,  üz təbəqəsi hesab olunurdular.
           1950-ci ildə Arçut kəndində dünyaya gəlmiş Zeynəb Əli qızı  Xəlilova ailədə uşaqların tərbiyəsinin əsaslarını bu şəkildə xassələndirir. “1970-80-ci illər bizim gənclik dövrümüzə düşmüşdü. Çiyinlərimizdə böyük məsuliyyət var idi. Ali təhsil arxasınca gedənlər kəndi tərk edirdilər. Kənddə qalan gənclər isə kəndin və ailələlərinin sosial-rifahının yaxşılaşdırılması ilə məşğul idilər. Sağlam gənclik ailələrdə  sağlam uşaq tərbiyəsi ilə məşğul olurdu. Mən həyat yoldaşımın ikinci həyat yoldaşı idim. Onun birinci həyat yoldaşı dünyasını dəyişmişdi. Ondan sonra məni özünə həyat yoldaşı etmişdi. O zaman mən gənc idim. Həyat yoldaşımın birinci ailəsindən çoxlu sayda uşaqları qalmışdı. Mən bu nigahdan iki uşaq dünyaya gətridim. Mənim üçün çoxuşaqlı ailədə ana olmaq çox çətin idi. Onları sağam ruhda böyütmək üçün çox çalışırdım. Həm fərdi təsərrüfatda, həm də kolxoz fermasında işləyirdim. Fermada sağıcı idim. Buna baxmayaraq işin öhdəsindən layiqincə gəlməyi bacarırdım. Həyat çox çətin olsa da çətinliklərə sinə gərirdim. Kəndimizin bütün gəncliyi bol enerjili idi. İş, əmək bizi çox sevindirirdi. Həm də ailəmizə qazanclar gətirirdi. Biz bu qazancları sağlam evlad, sağlam gənclik yetişdirməyə sərf edirdik. İndi də sağlam gəncliyimiz yetişir. Allah dövlətimizi, ölkəmizi, gənclərimizi qorusun! Onlara biz çox inanırıq”.
             1953-cü ildə el ağsaqqalı İbrahimxəlil babanın (kənd camaatı mərhuma daim bu adla müraciət edirdi) ailəsində böyümüş, evladı  Məmişova Əminə İbrahimxəlil qızı ötən əsrin 70-80 –ci illərinin gəncliyinin səciyyəvi xüsusiyyətlərini  bu şəkildə ifadə edir: “ Arçut gəncliyi bizim dövrümüzdə oxumağa dəhşətli dərəcədə üstünlük verirdi. Məktəb çox ciddi nəzarət mexanizmi yaratmışdı. Məktəb direktorunun göstərişi ilə müəllimlər qrup şəkilində ayrılmışdılar. Məhlələrdə evlərdə  uşaqların oxumaqlarına nəzarət yetirirdilər. Oxumaq üçün onlara kömək göstərirdilər.  Oxumaq üstündə şagirdlər arasında  yarış gedirdi. Hamı ali və orta ixtisas təhsili almaq uğunda səylə çalışırdı.  Tək bizim sinifdən on nəfərə kimi şagird ali və orta ixtisas  təhsili almışdı. Məktəbimizin ilk qızıl medalçısı bizim sinif yoldaşımız, mərhum həkim Sədi Qurbanov idi.  Mən bütün fənləri əla oxuyurdum. Bütün rüblərdə yalnız bir ədəd “yaxşı” qiymət alırdım. Digər  qiymətlərim “əla” olurdu. Məktəb kitabxanasında olan bütün kitabları demək olr ki, oxumuşdum. Elə kitablar olurdu ki, təkrar-təkrar, iki-üç dəfə oxuyurdum. Tarix fənnini çox sevirdim. Ancaq müğənni olmaq istəyirdim. Çünki gözəl səsim var idi. Asəf Zeynallı adına məktəbi bitirmək arzum idi. Ancaq teleyin qisməti elə gətirdi ki, tez ailə qurası oldum. Arzum nakam qaldı. Həyat yoldaşım Məmişov Arif kənddə müəllim idi. Biz ziyalı bir ailə qurduq. Gənc ana kimi dörd uşağa sahib oldum. Daim istəyirdim ki, uşaqlarım savadlı olsunlar, ali təhsil alsınlar. Yaxşı biliklər qazansınlar.  Ciddi tərbiyə vermək əsas amalımıza çevrildi.  Savadlı olmaq ziyalı olmaq deməkdir. Ailədə valideynlər savadlı olanda, uşaqlar da onlara baxıb oxuyan olurlar. Arzum bu idi ki, özümdə nakam qalmış arzumu evladlarımda tapım. Çox təəssüf ki, kəndimiz 1988-ci ildə deportasiyaya məruz qaldı. Arzularımız, xəyallarımız qırıldı. Çətin günlər yaşadıq. Evladlarımın ali təhsil almasında problemlər ortaya çıxdı. İndi şükür Allaha, hər şey yaxşıdır. Nəvələrim yeniyetmə və gəncdirlər. Çox gözəl mövqe tutublar. Müxtəlif ali məktəblərdə təhsil aliblar və almaqda davam edirlər. Mən o dərəcədə xoşbəxtəm ki, özümdə arzuladığımı nəvələrimdə tapmışam. Allah gənclərimizə daim yaşıl işıq versin! Yolları aşçıq olsun! Mən bütün gənclərimizə yaxşı oxumağı, layiqli övlad olmağı arzu edirəm! Gənclərimizin gələcəyinə çox inanıram”.          
             1956-cı ildə  Arçutda dünyaya göz açmış və gənclik illərini kənddə yaşamış Elmira Həsən qızı Nəsibovanın xatirələrindən: “Biz uşaqlarımızın tərbiyəsində həm də cəmiyyətə, qonşulara, qohumlara çox inanırdıq və güvənirdik. 1970-80-ci illərdə kəndimizdə cəmiyyət o dərəcədə saf və sağlam idi ki, mövcud vəziyyət bir-birimizə arxayınlığımız üçün şərt verirdi. Mən çox gənc, erkən  yaşlarından   ailə qurmuşam. Dörd uşaq dünyaya gətirmişəm. Özüm də demək olar ki, uşaqlarımla birgə böyümüşəm. Yadımdadır, biz yaylağa inək sağmağa gedirdik. Uşaqlarımızı qonşulara tapşırırdıq. Onlar öz doğma evladları kimi yanaşırdılar. Biz gənc ailələr uşaq tərbiyəsindəətrafa arxayın olurduq. Demək istəyirəm ki, bizdə ümumi tərbiyə var idi. Bütün gənclərimiz belə ruhda yaşayır və inkişaf edirdi. Gənclərimiz cəmiyyətə inam gətirə-gətirə, cəmiyyəti arxa-dayaq  görərək inkişaf edirdi. Kəndimizdə son zamanlarda toxuculuq fabriki açılmışdı. Tikişə həvəs böyük idi. Gənc qızların fabrikə axını sürətlənmişdi.  Mədəniyyət klubunda peşə kursları keçirdik. Əlavə peşələr öyrənirdik. Ümumiyətlə, gənclik üçün həyat çox maraqlı idi. Gənclərimizin ali təhsilə axını çox sürətlənmişdi. Sayları çoxalırdı”. 
        
           Tərbiyənin mərkəzində sağlam və dəyərli insan yetişdirmək dayanırdı. 

        Tərbiyə “Sağlam bədəndə sağlam ruh” tezisi ilə bu istiqamətdə həyata keçirilirdi. Təlim-tərbiyənin strateji və taktiki əsasları:

-özünə diqqət və qayğı göstərmək, sağlamlığa fikir vermək;
-səliqəli, təmiz geyinmək, gigiyenik qaydalara ciddi əməl etmək;
-kitab, dəftər və məktəb ləvazimatlarına hörmətlə yanaşmaq, onları korlamamaq;
-keyfiyyətli ərzaq məhsullarından istifadə etmək;
-gündəlik qida rasionunu normada və vaxtında qəbul etmək;
-sağlam qida qəbul etmək və orqanizmi xəstəliklərdən uzaq saxlamaq;
-həkimə vaxtında müraciət etmək;
-idmanla, bədən tərbiyəsi ilə müntəzəm surətdə məşğul olmaq;
-musiqini dinləmək, şənliklər təşkil etmək və tədbirlərdə  yaxından iştirak etmək;
-mədəni dərnəklər təşkil etmək, ədəbi-bədii gecələr təşkil etmək; 
-nizamlı-intizamlı olmaq, zamana, saata hörmət göstərmək. Vaxtı qızıl kimi dəyərləndirmək;
-əldə olunan vasitələrin tətbiqinə ciddi fikir vermək, faydalanmaq;
-xoşbəxt həyat üçün bütün mümkün və pozitiv vasitələrdən faydalanmaq;
-deontologiyaya, yəni peşənin tətbiqi zamanı əxlaq dəyərlərinə fikir vermək. Əlindən gələni etmək, əsirgəməmək. Bu yöndə əxlaqlı mütəxəssis və kadr kimi yetişmək;
-ətrafa qarşı mərhəmətli olmaq, rəhm hisslərini aşılamaq;
-sosial ünsiyyətə və əlaqələrə ciddi fikir vermək, həyata və münasibətlərə ciddi yanaşmaq;
-valideynlərə düzgün müraciət formalarını işlətmək (ata, ana, papa, mama, qağa, baba kimi adlardan istifadə olunurdu);
-ağsaqqallara və ağbirçəklərə, yaşlı insanlara qarşı, onlarla ünsiyyətdə düzgün müraciət formalarını işlətmək (baba və nənə kimi adlardan istifadə edilirdi);
-özlərindən böyük yaşda olan yaxın qohumlara qarşı düzgün müraciət formasını işlətmək (əmi, dayı, bibi, xala sözlərindən istifadə olunurdu. Uşaqlar və böyüklər ata bacısına başlıca olaraq “mama” deyə müraciət edirdilər);
-ailə üzvlərindən bacı və qardaşlara   qarşı düzgün müraciət formasını işlətmək (adətən adla yanaşı yanında bacı və qardaş sözləri də istifadə olunurdu);
-özündən böyüklərə, yaşlılara qarşı düzgün müraciət formasını işlətmək (baba, nənə, əmi, dayı, bibi, mama, xala, bacı, qardaş, müəllim, xanım, qağa, dost kimi sözlərdən istifadə olunurdu);
-saf məhəbbət və azad seçim əsasında ailə qurmaq. Arçutda endoqam (yaxın qohumluq) və ekzoqam (uzaq qohumluq) nigahları formalaşırdı. Ancaq son zamanlarda rasional ailə qurmaq üçün tayfalaraarsı (ekzoqam) nigahlar daha da genişlənmişdi. Bunun hesabına qohumluq da artmışdı;
-“gənc ailə” statusunu şərəflə qorumaq. Yeni doğulmuşların qeydinə qalmaq;
-gənc ailələr üçün yeni ev-eşik qurmaq, ayrı təsərrüfat yaratmaq;
-gənclərin vaxtında ailə qurmalarını təbliğ və təşviq etmək və nəsil artımını kəmiyyət və keyfiyyətlə təmin etmək.
            Məktəb və ailələr etika və estetika mərkəzləri rolunu oynayırdı. Müəllimləri toylarda, yas yerlərində və digər yığıncaqlarda görən məktəblilər və məktəbi bitirənlər özlərini yığışdırır, azadlıqlarını, sərbəstliklərini qismən də olsa  məhdudlaşdırırdılar. Müəllim müqəddəs peşə sayılırdı. Müəllim sözü ağsaqqal sözü kimi qəbul olunurdu. Ali təhsilli insanlara, mütəxəssislərə hörmət amili şərt idi. Ali təhsillilərin nüfuzu güclü idi.  Kənd sakinləri ictimai və sosial hadisələrdə yaxından iştirak edirdilər. 
           Uşaqlar, yeniyetmə və gənclər içərisində gigiyenik qaydalara, həmçinin onların  sağlamlıq şəraitində yaşamalarına  xüsusi fikir verilirdi.
           Uşaqlar oktyabryata keçirdilər. Pionerə keçidlər şərt idi. Həm də həvəs idi.   Qırmızı qalstuklu şagirdlər  məktəbi və məktəb yollarını bəzəyirdilər. Bu bir bayram ənənəsini  və bayram paradını xatırladırdı. Komsomola keçid istənilən idi. O gün həvəslə gözlənilirdi.  
           Kollektivçilik, həmrəylik, birgə yaşayış, probelmlərin birgə həlli mühüm şərt idi. Təsərrüfatda birgə çalışmaq və qazanclar əldə etmək gəncliyin başlıca məqsədi və amalı idi. Gənclərin üzərinə adət-ənənələrin qorunub saxlanılması, yerinə yetirilməsi və irsən ötürülməsi idi. Gənclər şəhərlərlə kəndlər arasında bağlantı yaradan qüvvələr idilər.  Gənclər önündə tələblər qoyulurdu ki, onlar texnikanın dilinə yaxından bələd olsunlar. 

Davamı var...
Elşən Nəsibov (Elşən Ardıc) 
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü