“İranın səmimiyyətinə inanmaq olmaz”


İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası məsələsini yenidən gündəmə gətirib. Ruhaninin səfərindən əvvəl – aprel döyüşlərində də İran proseslərə aktiv şəkildə qoşulmaq niyyətini açıqladı. Tehrandan yüksək rütbəli rəsmilərdən verilən açıqlamalarda tez-tez o fikir gündəmə daşındı ki, İran münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürə bilər.

İran vasitəçi olarsa...

İrana vasitəçilik hüququ veriləcəyi halda, Azərbaycana qarşı səmimi olacağı inandırıcı hesab olunmur. Çünki bu vaxtadək İran prosesə baxışda Azərbaycanı dəstəkləməyib: ya bitərəf mövqe əks etdirən açıqlamalar verib, ya da özünü bitərəf kimi göstərməyə çalışıb. Rəsmi Tehran heç vaxt işğalçını öz adıyla çağırmayıb. Ümumiyyətlə, İran məsələyə üçbaşlı yanaşır: siyasi müstəvidə bitərəf mövqe tutulsa da (bu əslində Ermənistanın dəstəklənməsi deməkdir), ali dini rəhbərlik müstəvisində həm Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, həm də əks münasibət sərgilənir. Əlbəttə, Azərbaycan indiyədək İrandan yalnız nəzəri formada olsa da dini səviyyədə dəstək alıb və Azərbaycanın ərazi bütövlüyü tanınıb. Lakin dini dairələrdə təmsil olunan bir sıra ayətullahlar bu dəstəyin elə-belə olmadığını nümayiş etdiriblər. Dəfələrlə həmin dini yetkililər "Azərbaycanın İranın tarixi ərazisi olması və bu ərazilərin geri qaytarılmasının zəruruliyi” məsələsinin parlamentin müzakirəsinə çıxarıblar.

Digər yandan öz vasitəçiliyini təklif edən İran işğalçı Ermənistanı blokadadan çıxaracaq addımlar atır. Ermənistanla iqtisadi münasibətlərini gücləndirən İran eyni zamanda bu ölkə ilə arasında dəmir yol xətti açır, ucuz qiymətlərlə neft və qaz satır, heç bir potensialı olmadığı halda burada müxtəlif sektorlara investisiyalar yatırır. Paralel olaraq, İrandakı bir sıra dairələr Azərbaycana qarşı ən ağır səhvi edirlər: Qarabağda "Talış” adlı radio açdırırlar və Azərbaycanda etnik azlıqlara təzyiqlərin olması barədə uydurma iddialarını yayımlayırlar.

Fəallığın arxasındakı müəmma

İranın fəallığı sırf öz maraqlarına yönəlikdir. Tehran düşünür ki, araya girə bilsə, münaqişənin həll prosesini uzadacaq, bununla da Azərbaycanın başını özünə qata biləcək. Tehranda hələ də ona inanırlar ki, Qarabağın azad olunacağı gün Azərbaycan Respublikası Güney Azərbaycanı geri qaytarmaq planını işə salacaq. Təsadüfi deyil ki, hələ SSRİ dağılıb, Azərbaycan müstəqil olanda bundan ən böyük narahatlığı keçirən də İran idi. Lakin Rusiya və Ermənistan bu narahatlığının üstünə su səpdi: Dağlıq Qarabağ və ətraf rayonları işğal edərək Azərbaycanın başını özünə qatdılar. Elə həmin vaxt – Qarabağ savaşında öz maraqları üçün Rusiya ilə birlikdə Ermənistana lazım olan hər dəstəyi verdi.

"Səmimi deyil”

AMİP Siyasi şurasının üzvü Əli Orucov
Cebhe.info-ya İranın müəyyən qədər Azərbaycana təsirlərinin olduğunu bildirib. Amma Ə.Orucov hesab edir ki, İran münaqişənin həllində Azərbaycana qarşı səmimi deyil: "İran heç vaxt Azərbaycana qarşı isti münasibətdə olmayıb. İranın həmişə vasitəçilik məsələsi Azərbaycanın ziyanına olub. Şuşanın işğalı vaxtı guya İran vasitəçilik missiyasını yerinə yetirirdi. Lakin bundan Azərbaycan zərər gördü və nəticəsində Şuşa işğal olundu. Yəni İran heç vaxt Azərbaycana səmimi ola bilməz. Əgər səmimidirsə, indiyədək Güney Azərbaycanda yaşayan soydaşlarımıza ana dillərində təhsil almaq haqları verərdi, mədəni muxtariyyətini tanıyardı. Bu baxımdan İranın mövqeyini qeyri-səmimi hesab edirəm”.

AMİP yetkilisinin sözlərinə görə, İran ikibaşlı siyasət yürüdür: "İranın Konstitusiyasında açıq formada yazılır ki, müsəlman müsəlmanın qardaşıdır. Təriqət baxımından Azərbaycan və İranda oxşarlıq var: hər iki ölkədə şiələr üstünlük təşkil edirlər. Bu baxımdan İran haqq işinin tərkib hissəsi kimi Azərbaycanı müdafiə etməlidir. Amma biz bunu görmürük. Hal-hazırda İran Rusiya qədər Ermənistanla strateji münasibətlər qurub, güclü iqtisadi-siyasi əlaqələri var. Əgər İran İslam Respublikasıdırsa, o zaman burada dini idarəçilik daha üstün olmalıdır”.