Keçmiş rəqibi deputat Əsabil Qasımovun mandatının ləğvini tələb etdi

İki gün öncə Milli Məclisin deputatı Əsabil Qasımov qəzetlərin birinə müsahibə verərək manatın yenidən devalvasiyadan sonra un bazarında yaranmış vəziyyətlə bağlı fikirlər səsləndirib. Həmin müsahibəsində depuatat açıq-aşikar sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Bu isə həm Azərbaycan Respublikasının Ana Yasasının 89-cu maddəsinin 4-cü bəndinə, həm də seçki qanunvericiliyinə tamamilə ziddir.

79 saylı İmişli seçki dairəsindən mandat alan Ə.Qasımovun bu qanunsuz hərəkətlərinə onun həmin dairədən rəqibi olmuş, namizədliyi AMİP tərəfindən irəli sürülmüş Tapdıq Həsənovun münasibətini öyrəndik. T.Həsənov bildirdi: "Mən seçki dönəmində də dəfələrlə müvafiq qurumlara və dairə seçki komissiyasına şikayət edərək demişdim ki, Əsabil Qasımovun namizədliyinin qeydə alınması qanunsuzdur. O sahibkarlıq faəliyyəti ilə məşğuldur. Böyük biznes imperiyası var. Seçki kompaniyasını da qeyri-qanuni aparır. Müxtəlif şirnikləndirici vasitələrlə seçiciləri ələ almağa çalışır. Lakin təəssüflər olsun ki, bu müraciətimə baxan olmadı. Heç rayon seçicilərinin Ə.Qasımova pis, kəskin münsibətini də diqqətə almadılar. Saxtakarlıqla, zorən ona deputat mandatı verdilər. Müsahibəsində də qaldırdığı unun qiymətinə bəraət qazandırmağa çalışır. Hamı bilir ki, un bazarı onun monopoliyasındadır. Azərbaycanda da kifayət qədər taxıl tədarük olunur. Manatın ucuzlaşmasından sui-istifadə edərək unun qiymətini qaldıran fürsətcil Ə.Qasımov ölkədə sünii qiymət artımı yaradanlardan biridir. Çörəklə insanları imtahana çəkmək Allaha da xoş getməz.O, insanları çörəklə imtaha çəkir.”

Tapdıq Həsənov onu da vurğulayıb ki, qanunu pozduğuna və gəzdirdiyi mandatı həm seçicilərdən deyil, həm də qununlarımıza uyğun olmayan hallar üzrə deputat mandatına sahibləndiyindən dərhal onun mandatına xitam verilməli, 79 saylı İmişli Seçki Dairəsndə yenidən seçkilər keçirilməlidir. Biznesmen deputat ola bilməz. Qoy gedib alverini, biznesini etsin, pulunu qazansın. Ümid edirəm ki, müvafiq qurumlar bu barədə konkret addımlar atacaq. Mənim özüm də bununla bağlı yaxın müddətdə onun qanunsuz əldə etdiyi deputat mandatının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyimi istisna etmirəm”.