“Suriyada Bəşər Əsəd rejiminin süqutuna görə Ermənistanı bu ərəb respublikasındakı 30 minə yaxın erməninin taleyi narahat edir”. Bu barədə “Nezavasimaya qazeta” yazıb. Bildirilir ki, Suriyada yaşayan ermənilər Ermənistan hakimiyyətindən ölkəni tərk etmələrinə köməklik etməyi xahiş ediblər.
Suriya ermənilərinin öz vətənindən belə kütləvi qaçmasının əsas səbəbi ondan ibarətdir ki, ermənilər Bəşər Əsəd rejiminin “vuran əli” olub. Suriyanın vətənpərvər qüvvələrinə qarşı soyqırımları, terrorları və işgəncə səhnələrini Bəşər Əsəd əsasən ermənilərin əli ilə törədib. Hətta Əsəd rejiminin türmələrindəki cəza-işgəncə qruplarının çoxu da ermənilərdən ibarət olub. Bunu bütün ölkə, o cümlədən də indi hakimiyyətə gələn qüvvələr çox gözəl bilir. Bu səbəbdən bundan sonrakı dönəmdə Suriya ermənilər üçün bir cəhənnəmə çevriləcək.
Daha bir aktual sual Suriyada sıxışdırılan PKK dəstələri ilə bağlıdır. Minval.az yazır ki, bu fonda Suriyadan PKK yaraqlılarının əhəmiyyətli hissəsinin Ermənistana gedə biləcəyini istisna etmək olmaz.
Çünki PKK uzun illərdir ki, erməni terror qruplaşmaları ilə əməkdaşlıq edir. PKK-da həmişə kifayət qədər erməni döyüşçülər olub. PKK nümayəndələri mütəmadi olaraq aprelin 24-də “erməni soyqırımı qurbanları”nın abidəsi önünə təxribat xarakterli yürüşlərdə iştirak ediblər.
Bu gün Ermənistanda artıq işğal olunmuş Qarabağ kimi “boz zona” yoxdur. Amma yaxşı təlim keçmiş PKK yaraqlıları hərbi kadr çatışmazlığı ilə üzləşən Ermənistanın işinə yaraya bilər. Üstəlik, onlardan Azərbaycana qarşı istifadə edilməsi də mümkündür.
İstənilən halda, Ermənistanın VOMA və Yerkrapa kimi öz terror qrupları fəaliyyətini davam etdirir. Amma İrəvan heç bir halda unutmamalıdır ki, bu təxribatçı plan Ermənistana baha başa gələ, Azərbaycan və Türkiyə İrəvana “dəmir yumruq” vura bilər...
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Suriyada 61 il sürən Əsəd sülaləsinin devrilməsi ölkədə yeni dönəmin başlanğıcını qoyub: “Sonuncu rejim rəhbəri Suriyaya çox ağır miras buraxıb. Ölkə dağılıb, uzun illər xalq işgəncə, qorxu və repressiyalar altında yaşayıb. Əsəd ailəsinin bu çirkli və qeyri-insani davranışlarında orada yaşayan ermənilərdən geniş şəkildə istifadə olunub. Etnik ermənilər rejimin işgəncə maşınının əsas hissəsi olub. Bunun müqabilində də diktatorun yanında ən yaxın yer alıblar. 13 il sürən müharibədə etnik ermənilər Əsədin düşmənlərinə, rəqib və müxalifətlərinə qarşı vuruşublar, dinc insanlara ağlagəlməz işgəncələr veriblər. Sayları dəqiq bilinməyən bəzi mənbələrdə 100 min göstərilən ermənilər təkcə PKK tərkibində deyil, onun müxtəlif silahlı qanadlarında, o cümlədən YPG, PYD kimi çox təhlükəli terror təşkilatlarında vuruşmaqdadır. Rejimin süqutundan sonra ermənilərin və havadarlarının təşvişə düşmələri təsadüfi deyil. Onlar gözəl anlayırlar ki, törətdikləri cinayətlərin, qanlı əməllərinin cavabını Suriya xalqı verəcək. Hələ 13 illik müharibə dönəmində minlərlə erməni Ermənistanın vasitəsi və beynəlxalq erməni diasporunun maliyyə dəstəyi ilə Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində, xüsusən də Laçın rayonunda qeyri-qanuni məskunlaşdırılmışdı. Suriyanın hazırkı qarmaqarışıqlıq və mürəkkəb dövründə, həmçinin Əsəd hökmranlığı zamanı Suriya xalqına qarşı törətdikləri əməllərinə görə oradan erməni köç dalğası gözlənilir. Çox ehtimal ki, köçün üz tutacağı məkanlardan ən öndə gələni Ermənistan olacaq. Bu çoxsaylı miqrantların içində Suriyada diktator tərəfində və terror qruplaşmalarının tərkibində döyüşən ermənilər də olacaq. Və bunlardan Azərbaycana qarşı istifadə ediləcəyi şübhə doğurmur. Məncə, Suriyadan qaçan erməniləri Ermənistan hakimiyyəti Azərbaycanla sərhəd bölgələrində yerləşdirməklə onlardan diversant və təxribat planlarını reallaşdırmaq üçün bəhrələnəcək. Nəzərə almaq lazımdır ki, bu ünsürlər kifayət qədər təcrübə qazanıblar və ciddi təhlükələr törədə bilərlər. Məncə, Azərbaycanın xüsusi xidmət orqanları türkiyəli və hətta israilli həmkarları ilə sıx işləməli, gələcəkdə təhlükə yarada biləcək mənbələri ya nəzarətə götürməli, ya da anında zərərsizləşdirməlidir. Yeri gəlmişkən, bu gün Rusiya Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı yaydığı bəyanatda qeyri-müsəlmanlarla bağlı narahatlığın ifadəsi də diqqət çəkəndir. Məncə, bu daha çox ermənilərin himayəyə alınmasını və təhlükəsizliyinin təmin olunmasını özündə ehtiva edir. Ermənistanın hazırkı iqtidarının Moskva ilə müəyyən narazılığı və incikliyi olmasına baxmayaraq, Kreml tarixən ermənilərin himayədarı kimi çıxış edib. Eyni zamanda böyük dövlətlər, beynəlxalq imperializm ermənilərdən həmişə alət kimi istifadə edib”. /“Yeni Müsavat”/