Əli Orucov: “Qəbul edilmiş normativ-hüquqi aktlar və sənədlər işlək mexanizm vəziyyətinə gətirilməlidir”
Mediada yer alan məlumata görə, iqtisadçı ekspert Natiq Cəfərli icra başçılarının maaşları barədə məlumat verib. Maaşların inzibati-ərazi vahidləri üzrə aşağıdakı kimi olduğu qeyd olunur:
Bakı şəhəri icra başçısı – 7650 manat;
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat;
Əhalisi 100 min nəfərdən çox olan rayonlar (Abşeron, Masallı, Şəmkir və s.) – 4587,5 manat;
Əhalisi 50–100 min nəfər arası olan rayonlar (Ucar, Lerik, Beyləqan və s.) – 4225 manat;
Əhalisi 50 min nəfərə qədər olan rayonlar (Xızı, Sədərək, Daşkəsən və s.) – 3837,5 manat.
Bu məbləğlərdən vergi və sosial sığorta tutulmaları edilir: 14% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və 1% siyasi partiyaya üzvlük haqqı.
Ekspert bildirib ki, bu maaşlar 1 mart 2022-ci ildən sonra artırılıb və həmin tarixdən icra başçılarının əsas maaşına 1,5 misli əlavə verilir. Məsələn, Bakı şəhərinin icra başçısının maaşı 2022-ci ilə qədər cəmi 3060 manat olub.
Ekspert həmçinin kiçik rayonlardan misal gətirib: Xızı rayonunda 2012-ci ildən eyni icra başçısı çalışır və 2022-ci ilə qədər təxminən 1700 manat maaş alırmış; indi isə bütün tutulmalar çıxıldıqdan sonra təxminən 3000 manat civarında məvacib alır.
Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda icra başçıları institutu artıq köhnəlib.
İcra başçılarına bu qədər yüksək maaş verilməsi doğru yanaşmadırmı?
Onlar aldıqları bu əməkhaqqını haqq edirlərmi? Bu qədər yüksək maaş onların korrupsiya və digər neqativ hallardan uzaq durmasına təsir edirmi?
Onların rayon və şəhərlərin birinci səlahiyyətli şəxsi olması, malik olduqları hüquq və imtiyazlar, xidməti avtomobillər, personal, mənzil və dövlət qurumlarına istənilən vaxt çıxış imkanları fonunda – üstəlik qeyri-şəffaf əməllər barədə yayılan məlumatları (tutulan icra başçılarının üzərindən çoxsaylı maaş kartlarının çıxması və s.) nəzərə alsaq, yaxud vəzifədən uzaqlaşdırıldıqda arxasında böyük qohum-əqrabanın vəzifəyə təyin edilməsinin üzə çıxmasını düşündükdə – bu imkanlar onların vəzifə hesabına əldə etdikləri üstünlüklərdir.
Belə şəraitdə icra başçılarına əlavə olaraq bu qədər yüksək əməkhaqqı verilməsinin nə mənası var? Bu praktika özünü doğruldurmu?
Məsələ ilə bağlı baki-xeber.com nəşrinin müxbiri ilə söhbətində Əli Orucov deyib ki, o da köhnəlmiş və inkişafa mane olan, korrupsiya ocağına çevrilən rayon icra hakimiyyətləri institutunun ləğv edilməsi və əvəzində 14 iqtisadi rayon üzrə prezidentin səlahiyyətli nümayəndəlik institutlarının təsis olunması fikrini bölüşür. Onun sözlərinə görə, belə bir təcrübə işğaldan azad olunmuş bölgələrdə hələlik uğurla sınaqdan çıxır.
“Bölgələrin inzibati, təsərrüfat və digər idarəçilik məsələləri bələdiyyələrə verilməlidir. Bu, demokratik və effektiv modeldir. Türkiyədə olduğu kimi, xalq özü onu idarə edənləri seçməlidir. 10 icra hakimiyyəti başçısının həbsi, bəzilərinə qarşı cinayət işlərinin açılması, verilən töhmətlər və xəbərdarlıqlar təəssüf ki, mövcud acınacaqlı durumu dəyişmir. Prezident İlham Əliyevin icra başçılarının rotasiyası ilə bağlı çıxışından da aydın olur ki, icra hakimiyyəti başçılarını qanunsuzluğa sövq edənlər yüksək çinli məmurlar olur. Yerlərə qanunsuz göstərişlər verilib və icra başçıları da həmin tapşırıqları yerinə yetiriblər. Mən düşünmək istəməzdim ki, bütün icra başçıları və həmin strukturda çalışanların hamısı rüşvətxor və korrupsionerdir. Bu, öz peşəsinə və vəzifəsinə vicdanla yanaşanlara qarşı haqsızlıq olardı.
O fikirlərlə də razı deyiləm ki, icra başçılarına bu qədər yüksək maaş verilməsinə ehtiyac yoxdur. Əksinə, vətəndaşların, o cümlədən icra başçılarının yüksək maaş almaları dövlətimizin nüfuzunu artırır. İnsanların sosial rifahını yüksək səviyyədə saxlamaq dövlətin Konstitusiyadan irəli gələn vəzifəsidir.
Korrupsiya və rüşvətin kökünün kəsilməsi kompleks yanaşma tələb edir. Bu neqativ hal uzun illər formalaşmış şəbəkə və sxemlərlə həyata keçirilir. Üstəlik, cəmiyyətin şüurunda dəyişiklik olmalıdır. Artıq maaşın yüksək olub-olmamasından asılı olmayaraq, rüşvət və korrupsiya həyat tərzinə çevrilmiş vəziyyətdədir. Heç kim tam əminliklə deyə bilməz ki, filan qurum, filan məmur, iş adamı və ya biznesmen yalnız halal zəhmət və qazancı ilə lüks həyat sürür. Buna görə də çıxış yolunu yalnız əməkhaqlarının məbləği ilə əlaqələndirməyi doğru saymıram.
Həyatın bütün sahələrində rüşvət və korrupsiya var və olacaq. Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və səmərəliliklə bağlı dörd dövlət proqramı qəbul edilib, mükəmməl qanunvericilik bazası yaradılıb. Prezident İlham Əliyev dəfələrlə sərt mövqeyini bildirib və vətəndaşları bu mübarizədə ona dəstək olmağa çağırıb. Təəssüf ki, cəmiyyət bu çağırışlara yetərincə diqqət etmir. Bunu etiraf etmək lazımdır.
Maaşın yüksək və ya aşağı olması tamahkarlar, talançılar, dövlət əmlakına xor baxanlar üçün elə də önəmli deyil. Əsas məsələ odur ki, qəbul edilmiş normativ-hüquqi aktlar və sənədlər işlək mexanizm vəziyyətinə gətirilsin”.