Məhərrəm Zülfüqarlı
İstiqlal yolu
ETİBAR MƏMMƏDOV
siyasi bioqrafiya
1972–1990
I cild
QANUN
2025
Müəllif və redaktor: M. Zülfüqarlı tarix elmləri doktoru, professor
Korrektor:
H.Telmanqızı
Səhifələnmə və dizayn:
C.Eminli
Zülfüqarlı Məhərrəm. İstiqlal yolu – Etibar Məmmədov(siyasi bioqrafiya). Üç cilddə (I cild). Bakı, Qanun, 2025. 364 səh.(16 səh. şəkilli əlavə)
Kitab çağdaş Azərbaycan milli azadlıq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsinin müəllifi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə və Pakistan tərəfindən tanınmasında misilsiz xidmətləri olmuş, Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş ilk siyasi partiyanın – Milli İstiqlal Partiyasının yaradıcısı, 1992–2004-cü illərdə partiyanın sədri, hazırda fəxri lideri, 1992, 1998, 2003-cü illərdəki prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd, 1990–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, 60-dan artıq ölkənin 80 - dən artıq sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Səlidar oğlu Məmmədovun 70 illik yubileyi münasibətilə üç cilddə hazırlanıb və I cild onun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəllərinə qədərki dövründən, siyasi fəaliyyətindən bəhs edir.
Hüquqlar müvafiq qanunlarla qorunur, istinad vacibdir.
ISBN 978-9952-595-16-1
© Məhərrəm Zülfüqarlı, 2025
© Etibar Məmmədov, 2025
© Qanun, 2025
Mündəricat
6 Müəllifdən
13 1. Çağdaş Azərbaycan milli–azadlıq hərəkatı liderlərindən Etibar Məmmədovun siyasi fəaliyyətinin tarixşünaslığı
24 2. Gənc liderin 1972–1975-ci illər tələbə hərəkatında iştirakı
37 3. Azərbaycan istiqlalı uğrunda
Etibar Məmmədovun mübarizəsinin
I dövrü (fevral 1988 – yanvar 1990)
37 3.1. Dağlıq Qarabağda erməni separatizminin güclənməsi ilə əlaqədar vəziyyətin gərginləşdiyi dövrdə Etibar Məmmədovun siyasi fəaliyyəti
43 3.2. Qərb mətbuatının “XX əsrin Oğuz dastanı" adlandırdığı Meydan hərəkatı (17 noyabr–5 dekabr 1988-ci il) zamanı
Etibar Məmmədovun ilk dəfə həbs olunması
48 3.3. AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun rəhbərliyi ilə SSRİ-ni iflic edən kütləvi mitinqlərin, tətillərin geniş vüsət alması (mart 1989–yanvar 1990)
64 3.4. 20 Yanvar faciəsi ərəfəsində Etibar Məmmədovun siyasi fəaliyyəti
91 3.5. Faciədən sonra E. Məmmədovun Moskvada keçirdiyi mətbuat konfransı, həbs olunması, xalqın tələbi ilə azad edilməsi və millət vəkili seçilməsi
174 3.6. İstiqlal uğrunda mübarizənin qətiyyətli lideri Etibar Məmmədova həsr olunmuş şeirlər
177 İstifadə olunmuş ədəbiyyat
184 Kataloq
Haqqıdır haqqı tapan millətimin istiqlal!
Məhməd Akif Ərsoy
MÜƏLLİFDƏN
XX əsrin sonlarında sovet imperiyasına qarşı Azərbaycan milli azadlq hərəkatının rəhbərlərindən biri, istiqlal və hürriyyət uğrunda mübarizənin qətiyyətli lideri Etibar Məmmədovun bu il 70 yaşı tamam olur. Bu görkəmli siyasi şəxsiyyətin 70 illik ömrünün 50 ilindən çoxu gərgin siyasi mübarizələrdə keçib və bu mübarizə hazırda da davam edir.
Əlamətdar haldır ki, Azərbaycanın azadlığı uğrunda mübarizəyə başçılıq etmiş şəxslər arasında varislik ənənəsi mövcuddur. XX əsrin başlanğıcında yoxdan bayraq və dövlət yaradan qurucu babalarımızın müqəddəs işini XX yüzilin axırlarında davam etdirən milli azadlıq hərəkatı liderlərindən biri də Etibar Məmmədovdur.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin XX əsrin əvvəllərində irəli sürdüyü “Millətlərə istiqlal, insanlara hürriyyət!” ideyasını Etibar Məmmədov əsrin sonunda “Azadlıqdan demokratiyaya!” ideyası ilə davam etdirərək, həyatını bu əqidə uğrunda, istiqlal və hürriyyət uğrunda mübarizəyə həsr edib.
E.Məmmədov xalqımızın bütün dövrlərdə yeni şəxsiy yətlər üzə çıxarmağa qadir olduğuna inanaraq demişdi: “Azərbaycanda şəxsiyyət çoxdur və bu keçid dövründə də yeni şəxsiyyətlər yetişəcəkdir”
[49, 12 dekabr 1992]
Müxtəlif dövrlərdə milli azadlıq hərəkatlarına rəhbərlik etmiş dahi şəxsiyyətlər tarix yaradıb, tarixçilər isə onu qələmə alıb. XX əsrin görkəmli tarixi simalarından olan Mustafa Kamal Atatürkün də qeyd elədiyi kimi, “tarix yazmaq, tarix yaratmaq qədər mühümdür”. [19, s.154]
E.Məmmədov da həm tarixi proseslərin gedişində bilavasitə iştirak edən, həm də bu prosesləri yazan şəxsiyyətlərdəndir. Yəni o, çağdaş milli azadlıq hərəkatının liderlərindən biri olmaqla yanaşı, həm də Azərbaycanın XIX-XX əsrlər tarixini araşdıran istedadlı bir alimdir.
Güney Azərbaycan Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvəri özündən əvvəl Azərbaycanın azadlıq hərəkatına rəhbərlik eləmiş Səttarxan və Şeyx Məhəmməd Xiyabani kimi, şəxsiyyətləri müqayisə edərək yazırdı: “Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi”
[18, s. 416]
E.Məmmədov bu iki məsuliyyətli vəzifəni yerinə yetirməklə çağdaş Azərbaycan tarixində özünəməxsus yeri olan vətənpərvər ziyalı kimi bu şərəfli işi bu gün də davam etdirir. Onun “Lefortovo gündəliyi” kitabı, memuar, məqalə və müsahibələri, ictimai-siyasi fəaliyyətinə dair müxtəlif müəlliflərin kitab və məqalələri çağdaş Azərbaycan tarixinin araşdırılmasında mühüm önəm daşıyır. Təsadüfi deyil ki, müstəqil ekspertlər onun fəaliyyətinə dair əsərləri alternativ tarixi mənbə kimi yüksək qiymətləndirirlər.
Çağdaş Azərbaycan milli azadlıq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsinin müəllifi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə və Pakistan tərəfindən tanınmasında misilsiz xidmətləri olmuş, Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş ilk siyasi partiyanın –Milli İstiqlal Partiyasının yaradıcısı, 1992–2004-cü illərdə sədri, hazırda fəxrİ lideri, 1992, 1998, 2003-cü illərdəki prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd, 1990–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, 60dan artıq ölkənin 80-dən artıq sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Səlidar oğlu Məmmədovun siyasi fəaliyyəti haqqında geniş oxucu kütləsinin məlumatı, təəssüf ki, hələ də yetərincə deyil.
O, prezidentliyə namizəd kimi 1998 və 2003-cü il seçkilərində qərb standartlarına uyğun müvəffəqiyyətli seçki kampaniyası apararaq, böyük uğur əldə etmiş, 1998-ci il prezident seçkilərində 1 milyondan artıq seçici səsi qazanaraq qalib gəlmək əzmini nümayiş etdirmişdi.
E.Məmmədovun 70-ci illərdən bu günə qədərki həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında bir sıra kitab və məqalələr [1; 2] yazılsa da, bütün bunlar elmi şəkildə hələ də lazımınca araşdırılmamışdır. Fikrimizcə, bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb dövlət müstəqilliyimizin bərpasından sonra azadlıq stixiyasından qanuni demokratiyaya keçid dövrünün uzanması, siyasi mübarizə, insan haqları, söz, mətbuat azadlığı, demokratik seçkilər və s. sahələrdə ciddi problemlərin hələ də qalmasıdır. Bu da çağdaş milli azadlıq hərəkatının digər rəhbərləri kimi E.Məmmədovun da fəaliyyətinin obyektiv şəkildə araşdırılmamasına, sovet tarixşünaslığında olduğu kimi, çağdaş tarixçiliyimizdə də müəyyən boşluqların, “ağ ləkə”lərin yaranmasına gətirib çıxarıb.
E.Məmmədov Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizənin əsl mənzərəsinin təhrif olunmasını vurğulayaraq, xalqı tarixi yaddaşdan məhrum etmək istiqamətindəki məqsədyönlü siyasəti tənqid edərək deyir: “Bu illərin tarixini heç bir siyasi cərəyana mənsub olmayan müstəqil tədqiqatçılar yazmalıdır. Bu gün hadisələrə real qiymət vermək mümkün deyilsə, həmin hadisələrin iştirakçılarının yazdıqları salnamələr nəticəsində məsələlərə aydınlıq gətirmək olar”. [45, 1 iyul 1997]
Subyektiv səbəblərə gəlincə isə, bura çoxpartiyalı sistemin hələ də təkmil olmaması, partiyaların əksərinin ideoloji prinsiplərə görə yox, liderlərə görə yaranması, siyasi liderlər arasında sivil münasibətlərin formalaşmaması, onların bir-birinə qarşı apardıqları qarayaxma kampaniyaları, qara piar, elm sahəsində milli azadlıq hərəkatı və siyasi liderlərə aid yazılan kitablar, dissertasiyalara süni maneələrin yaradılması kimi problemləri aid eləmək olar.
Bir çox səlahiyyətli şəxslərin milli azadlıq hərəkatı liderləri, o sıradan da E.Məmmədovun kitablarından istifadə olunmasına süni əngəllər yaratmasına imkan verən əsas amillərdən biri keçmiş partnomenklaturanı təmsil edən, milli azadlıq hərəkatına düşmən münasibət bəsləyən, əyri yollarla elmi dərəcə və adlar almış, müvafiq sahədə neqativ halların qalmasına şərait yaradan bəzi şəxslərin dissertasiyaların müdafiə şuraları, ekspert komissiyalarında hələ də söz sahibi olmasıdır. Təəssüf ki, belə şəxslərə universitet rektorları arasında da rast gəlmək olur. Bu cür süni maneələrlə üzləşən tədqiqatçıların bir çoxu təzyiqlərə etiraz olaraq elmi işlə məşğul olmaqdan ümumən əl çəkirlər. Statistik göstəricilərə görə, elmlər doktorlarının sayı 2015-ci ilə nisbətən 2019-cu ildə 68 nəfər, 2023-cü ildə isə 148 nəfər, fəlsəfə üzrə doktorların sayı müvafiq olaraq 230 nəfər və 1034 nəfər azalıb. Ümumən götürsək, 2015-ci ilə nisbətən 2019-cu ildə elmi dərəcə alanların sayında 298 nəfər, 2023-cü ildə isə 1182 nəfər azalma baş verib. [66]
Elmi tədqiqatlara yaradılan süni maneələrlə bağlı “İndi Azərbaycan elmində Yusif Məmmədəliyevlər niyə yetişmir?” başlıqlı müsahibə [65] və “Elmdə rüşvət hallarının olmasının obyektiv və subyektiv səbəbləri” adlı məqalədə geniş məlumat verilib. [47, 11 dekabr 2023]
Bəzən dissertasiya işinin müdafiəsi vaxtı tutulan əsas iradlardan biri də E.Məmmədovun “Lefortovo gündəliyi” [14] və Ə.Elçibəyin “Deyirdim ki, bu quruluş dağılacaq” [9] və s. kitablarına bir mənbə kimi istinadla bağlı olur. Lakin bütün bunlara baxmayaraq, milli azadlıq hərəkatının liderlərinin kitabları, o cümlədən də E.Məmmədovun “Lefortovo gündəliyi” kitabı oxucular tərəfindən alternativ əsərlər kimi sevə-sevə oxunur, bəzi kitablarda bu əsərlərdən bir mənbə kimi istifadə olunur. Məsələn, “Azərbaycan tarixi. Tarixşünaslıq (1920–1991-ci illər)" adlı kitabda yazılıb: “E.Məmmədovun 1992-ci ildə nəşr olunmuş “Lefortovo gündəliyi” kitabı 20 Yanvar faciəsi və hadisədən sonrakı dövrü öyrənmək üçün əhəmiyyətli mənbədir. Müəllif Moskvada 25 yanvar 1990-cı il tarixdə həbs olunaraq, Lefortovo həbsxanasına gətirildiyi gündən 31 iyul 1990-cı il tarixə qədər baş vermiş hadisələri xronoloji ardıcıllıqla qələmə alıb. Kitaba Xalq şairi Xəlil Rza Ulutürk “Əjdaha mağarasında mübarizə” başlıqlı ön söz yazıb...” [36, s.430]
Respublikamızda elm sahəsində olduğu kimi, bir çox digər sahələrdə də ciddi problemlər, təəssüf ki, hələ də qalmaqdadır. E.Məmmədovun fikrincə, Azərbaycandakı mövcud problemlərin əsas səbəbi hakimiyyəti zorakılıqla ələ keçirib, sonra seçki keçirmək ənənəsinin qalmasıdır. O, cəmiyyətdə mövcud olan problemlərin, o cümlədən də çağdaş Azərbaycan tarixinin tədqiqində mövcud olan maneələrin həllini demokratik seçkilərdə, hakimiyyətin zəbt edilməsi yoluyla deyil, xalqın səsiylə formalaşdırılmasında görərək deyir: “Əgər Azərbaycan xalqı bir dəfə, heç olmasa, bir dəfə öz siyasi fəallığının, seçkilərin nəticəsini görsə, ondan sonra artıq Azərbaycanda demokratik inkişafın qarşısını heç nə və heç kim ala bilməz”. [32,s.155]
E.Məmmədovun keçən əsrin axırları, sovet imperiyası dağılan ərəfədə siyasi uzaqgörənliklə dediyi bir sıra fikirlər o vaxt olduğu kimi bu gün də aktualdır. Onun 20 Yanvar faciəsinin ildönümü münasibətilə (18 yanvar, 1991ci il) “Xalqa müraciət”ində dediyi “Dağılmaqda olan bu imperiya öz müstəmləkələrini saxlamaq üçün müxtəlif millətləri bir-biri ilə vuruşdurub, sonra öz cəza qoşunlarını “xilaskar” adı altında müxtəlif regionlara yeridir. Əgər imperiya indiyədək qeyri-rus millətləri bir-biri ilə vuruşdururdusa, artıq vəziyyət elə bir həddə çatmışdır ki, özünü qoruyub saxlamaq üçün rus qırğını törətməkdən də çəkinməyəcək” [33, s.50; 59] sözləri hazırda keçmiş sovet məkanında baş verən hadisələrdə öz təsdiqini tapır. SSRİ kimi hazırda dağılmaqda olan Rusiya imperiyası da özünü qoruyub saxlamaq, keçmiş Sovet İttifaqını bərpa eləmək üçün Rusiya-Ukrayna müharibəsinə rəvac verib. Rusiya hərbçiləri çoxmillətli Ukrayna əhalisi ilə yanaşı, əksər hissəsi ruslardan ibarət Şərqi Ukrayna vətəndaşlarını da kütləvi şəkildə qırmaqdan çəkinmir.
Azərbaycan Respublikası prezidentliyinə namizəd E.Məmmədovun 1998-ci il prezident seçkilərindəki kampaniyasının əsas şüarı “Etibarlı gələcək Etibarla gələcək!”, 2003-cü ildə isə “Azərbaycan üçün... Etibar” olub. Məlumat üçün qeyd edək ki, “Etibarlı gələcək Etibarla gələcək!” şüarına mahnı da bəstələnib və 1998-ci il prezident seçkiləri kampaniyasında ifa olunub. Azərbaycan istiqlalının dönməz, güclü, etibarlı olması üçün o bu gün də mübarizənin ön sırasındadır.
Azərbaycana qarşı qonşu dövlətlərin yeritdiyi siyasət, beynəlxalq aləmdə baş verən hadisələr, ölkə daxilindəki mövcud sosial problemlər və digər bu kimi amillər ölkəmizin etibarlı gələcəyi uğrunda mübarizənin hazırda da davam etdiyini, aktual olduğunu sübut edir.
Bu kitab mənim E.Məmmədovun ictimai-siyasi fəaliyyəti və ümumən Azərbaycan Milli İstiqlal Partiyasına dair işıq üzü görən sayca yeddinci kitabımdır. Buna qədər bu mövzuda “Azərbaycan ictimai-siyasi həyatında mühafizəkarlıq ideologiyası”, “Etibar Səlidar oğlu Məmmədov – 100 sual, 100 cavab”, “Azərbaycan Milli İstiqlal Partiyası – Qurultaydan qurultaya”, “İstiqlal tarixi yaradanlar (1972–1992”), “Sədərəyin mərd mübarizləri”, “Azadlıq və demokratiya mübarizləri (1988–2003)” adlı kitablarım və doqquz məqaləm nəşr olunub. [1]
Bir neçə cilddə nəşr edilməsi nəzərdə tutulan bu seriya kitablar isə öncəkilərdən fərqli, indiyədək əksəriyyətə məlum olmayan mənbələrə, çoxlu sayda yeni faktlara söykənməklə, mövzuya aid tarixşünaslığın təhlilə cəlb edilməsiylə yazılıb və daha geniş bir dövrü – 52 illik bir zamanı çevrələyir.
Kitab üzərində araşdırmalar zamanı Azərbaycan dövlətçiliyi, hüquq sistemi, iqtisadiyyatına dair dəyərli arqumentlər, hazırda da aktuallığı ilə diqqəti çəkən və keçirilməsinə zəruri ehtiyac olan islahatların layihələrinə istinad olunub. Kitabda toplanmış qiymətli sənədlərlə tanış olduqca bunların hələ də həyata keçirlməməsinə təəssüf edirsən. İndiyəcən səmərəli surətdə istifadə edilməməsinə baxmayaraq, bu layihələrin Azərbaycanın etibarlı gələcəyi naminə gec-tez reallaşacağına inanırıq.
Fikrimizcə, ən yaxın tariximizə dair bu yeni kitaba münasibət birmənalı olmayacaq. Lakin bir şey aydındır ki, sifarişlə yazılaraq vitrinlərdə toz basan kitablara alternativ olan bu seriya geniş oxucu kütləsi, xüsusilə də gənclərin marağına səbəb olacaq, orijinal baxış bucağıyla bir çox həqiqətlərin üstünə işıq salacaq, tarixi saxtakarlıqların aradan qaldırılması işinə öz töhfəsini verəcək.
Məhərrəm Zülfüqarlı tarix elmləri doktoru, professor
1. Çağdaş Azərbaycan milli azadlıq hərəkatı liderlərindən Etibar Məmmədovun siyasi fəaliyyətinin tarixşünaslığı
Bütün yollar birləşəcək istiqlala gedən yola
Məmməd Araz
Azərbaycan istiqlalının daxili və xarici düşmənləri milli azadlıq hərəkatına rəhbərlik eləmiş şəxsiyyətlər haqqında nə qədər böhtanlar, iftiralar uydursalar da, vətənin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan simalar son nəticədə tarixdə öz layiqli yerlərini tuturlar.
Hazırda obyektiv və subyektiv səbəblərdən Azərbaycan əhalisinin, xüsusilə də son onillərdə yetişən gənc nəslin çağdaş milli azadlıq hərəkatı, onun liderləri, o cümlədən də E.Məmmədovun ictimai-siyasi fəaliyyəti haqqında bilgisi yetərincə deyil.
XX əsrin 90-cı illərindən başlayaraq hakimiyyətdə təmsil olunan keçmiş kommunist partnomenklaturası məqsədli şəkildə Azərbaycan tarixinin şərəfli səhifələrindən olan çağdaş milli azadlıq hərəkatı və onun liderləri, eləcə də E.Məmmədovun fəaliyyətini yaddaşlardan silməyə, sovet dövründə olduğu kimi, dövlət müstəqilliyinin bərpasından sonra da xalqa saxta tarix sırımağa çalışıblar.
Təəssüf ki, bu problemlər hazırda da qalmaqdadır. Bu cür qeyri-obyektiv yanaşma XX əsrin sonlarında Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin canlı şahidi olan insanları, xüsusilə də obyektiv araşdırmalara marağı olan şəxsləri narahat etməyə bilməz. Tarixi faktların təhrif olunması təkcə E.Məmmədovun fəaliyyətinə kölgə salmaqla qalmayıb, həm də milli azadlıq hərəkatımızın əsl mənzərəsinin də saxtalaşdırılmasına səbəb olduğundan buna biganə qalmaq mümkün deyil. Buna görə çağdaş Azərbaycan milli azadlıq hərəkatı, onun liderləri, o sıradan da E.Məmmədovun ictimai-siyasi fəaliyyəti haqqında tədqiqatların aparılması, yeni-yeni kitab və məqalələrin yazılması əvvəlki illərdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır.
E.Məmmədovun ictimai-siyasi fəaliyyətinə aid müxtəlif mövqeli insanların yazdıqları məqalələr və işıq üzü görən müsahibələrdə tarixi faktların bilərəkdən təhrif olunması, onun müxtəlif dövrlərdəki müsahibələri ilə bağlı faktların saxtalaşdırılması, başlıqların qərəzli seçilməsi və məzmuna uyğun olmaması insanlarda yanlış təsəvvürlər yaratmaq məqsədi güdürdü.
Dövlət müstəqilliyimizin bərpasını görən və bəziləri bu gün də həyatda olan bir çox siyasətçi, yazıçı və digər şəxslərin fəaliyyəti ilə bağlı çoxsaylı elmi araşdırmalar aparılıb, dissertasiyalar yazılıb, neçə-neçə imza sahibi məhz bu mövzularda müdafiə edərək elmi dərəcə və adlar alıb. Bunların arasında çağdaş milli azadlıq hərəkatının əhatə etdiyi dövrə aid birtərəfli, subyektiv baxışla səciyyələnən dissertasiyalar da az deyil [3]
Təəssüf ki, dolğun faktiki materiallarla zəngin olan, çağdaş Azərbaycan tarixinin önəmli səhifələrini özündə əks etdirən milli azadlıq hərəkatı və onun liderlərindən biri kimi E.Məmmədovun ictimai-siyasi fəaliyyəti hələ də obyektiv təhlilə, rəsmi elmi tədqiqata cəlb olunmayıb.
1988-ci ildən vüsət alan Azərbaycan milli azadlıq hərəkatının yetirdiyi bütün şəxsiyyətlər xalqımız üçün əziz, dövlətçiliyimiz üçün dəyərli, onların rəhbərliyi ilə XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin bərpası tariximizin parlaq səhifələridir. Lakin son illər Azərbaycan tarixinə aid dəyərli kitablar nəşr olunsa da, bu dövr hələ də özünün kompleks şəkildə, obyektiv elmi tədqiqni tapmayıb.
Araşdırmalar göstərir ki¸ süni maneələrə baxmayaraq¸ E.Məmmədovun ictimai-siyasi fəaliyyəti milli azadlıq hərəkatının digər liderlərindən fərqli olaraq¸ az da olsa araşdırılıb. Lakin haqqında kitablar, elmi məqalə və publisist yazılar nəşr edilməsinə baxmayaraq, bütün bunlar onun ictimai-siyasi fəaliyyətinin cüzi bir hissəsinə işıq salır.
E.Məmmədovun ictimai-siyasi fəaliyyəti ilə bağlı tarixşünaslığın tədqiqi belə bir qənaətə gəlməyə imkan verir ki, bu istiqamətdə tədqiqata bir neçə dissertasiya mövzusu cəlb etmək olar. Özü də bunlar nəinki tarix və siyasi elmlər üzrə fəlsəfə doktorluğu, hətta elmlər doktorluğu səviyyəsində dissertasiyalar da ola bilər. Bütün bunlar onun ictimai-siyasi fəaliyyətinin tədqiqinin əvvəlki illərdə olduğu kimi bu gün də aktual olduğunu sübut edir.
E.Məmmədovun ictimai-siyasi fəaliyyəti ilə bağlı araşdırmaları şərti olaraq iki qrupa bölmək olar. Birinci qrupa bilavasitə onun fəaliyyətinə həsr olunmuş kitablar, elmi və publisistik məqalələri [1;2], həmçinin E.Məmmədovun müsahibələri, onun haqqında yazılmış məqalələr və digər yazılardan ibarət kataloqu aid etmək olar. Bu kataloqda “Meydan”, “Azadlıq”, “Millət”, “Aydınlıq”, “Yeni Müsavat”, “Hürriyyət”, “İstiqlal” qəzetlərində 1990– 2004-cü illərdə dərc olunmuş 1280 müsahibə, məqalə və digər yazılar, eləcə də məlumat xarakterli qısa arayışlar toplanıb [77]. Bu materiallar gələcəkdə tədqiqatçıların işini asanlaşdıra, onların elmi araşdırmalarına dəstək ola bilər. İkinci qrupa isə digər şəxslərlə yanaşı, E.Məmmədovun da fəaliyyətinə bu və ya digər dərəcədə aidiyyəti olan kitablar, elmi və publisistik məqalələri [4], 1988– 1991-ci illərdə müdafiə edilmiş dissertasiyaları [3] daxil etmək olar.
Bunlardan əlavə, AMİP Foto-video Laboratoriyasının cari arxivində Azərbaycan Milli Azadlıq Hərəkatı və sonrakı dövrlər haqqında saxlanılan çox zəngin materiallar toplanıb ki, bunların da tədqiqatçılar tərəfindən daha geniş araşdırılmasına ciddi ehtiyac var.
İctimai-siyasi xarakterli kitab və məqalələrlə yanaşı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Rəfiq Zəka, Cahan Ələkbərli, Sürəyya Mirabdullayeva, Rəhim Saraylı, Üzeyir Əlizadə, Rəfael Əmrahov, Tahir Ələkbərli, Qələmə Orucov, Əli Çərkəzoğlu, Şamo Bərgüşadlı, Vitali Şmelyov və başqa şairlərin E. Məmmədovun ictimai-siyasi fəaliyyətinə həsr elədikləri 20-dən artıq şeir də var ki, bunlardan da onun fəaliyyətinin tədqiqində istifadə etmək mümkündür [33,s.43;59]. Bu şeirləri yenidən nəşr edərək oxuculara təqdim etmək əvvəlki illərdə olduğu kimi bu gün də öz önəmini itirməyib.
1997-ci ildə nəşr olunmuş “Azərbaycan ictimai-siyasi həyatında mühafizəkarlıq ideologiyası” kitabı [30] Azərbaycan Milli İstiqlal Partiyasının əsaslandığı sağ-mərkəzçi ideologiyaya həsr olunub. Kitab girişdən və “Nüfuzlu mühafizəkar partiyalar haqqında məlumat”, “Çağdaş Azərbaycanda mühafizəkarlığın yeri və rolu”, “Müasir dövrdə milliyyətçilik və milli münasibətlər”, “Azərbaycanda mühafizəkarlıq və liberalizmin oxşar və fərqli cəhətləri” başlıqlı fəsillərdən ibarətdir. Kitabda E.Məmmədovun sağ-mərkəzçi ideologiya haqqında fikirlərinə istinad edilib. Məsələn, cəmiyyəti antoqonist siniflərə parçalayaraq, vətəndaş müharibəsi təbliğ edən kommunist ideologiyasına qarşı AMİP-in vətəndaş sülhü, azərbaycançılıq ideyasını irəli sürdüyünü qeyd edən E.Məmmədov yazır: “Bizim partiyanın proqramında sinfi ayrı-seçkilik qətiyyən qəbul edilmir. Bizim üçün millət var və millətin hər bir nümayəndəsi bizim üçün əzizdir. Millətin yaxşısı da, pisi də bizimdir. Biz çalışmalıyıq ki, millətin pisləri az, yaxşıları daha çox olsun. [30, s.16]
1998-ci ildə nəşr olunmuş “Etibar Səlidar oğlu Məmmədov – 100 sual, 100 cavab” kitabı [31] Azərbaycan Respublikasında 1998-ci ildə keçirilmiş prezident seçkilərində E.Məmmədovun seçki kampaniyası üçün nəşr olunub. Kitabda E.Məmmədovun 1990–1998-ci illərdə müxtəlif taleyüklü məsələlər haqqında 100 suala cavabları toplanıb.
1999-cu ildə nəşr olunmuş “Azərbaycan Milli İstiqlal Partiyası – qurultaydan qurultaya – Azərbaycanda milyonların inandığı partiya” kitabı [32] 1991–1999-cu illəri əhatə edir. Kitabda AMİP-in aşağıdakı beş qurultayında partiyanın sədri E.Məmmədovun hesabat məruzələri nəşr olunub:
- AMİP I (Təsis) qurultayı (3-4 iyul 1992);
- AMİP II (Növbədənkənar) qurultayı (5 sentyabr 1993);
- AMİP III (Fövqəladə) qurultayı (16 sentyabr 1995);
- AMİP IV qurultayı (24-25may 1996);
- AMİP V (Fövqəladə) qurultayı (6 dekabr 1997).
Kitabda həmçinin görkəmli şəxsiyyətlərin AMİP və onun lideri haqqında fikirləri, partiyanın həyatında baş vermiş əlamətdar hadisələri özündə əks etdirən “AMİPin inkişaf xronikası (1991–1999)” da öz əksini tapır. Kitabın sonunda ingilis dilində rezüme nəşr olunub.
2003-cü ildə nəşr olunmuş “İstiqlal tarixini yaradanlar (1972–1992)” kitabı [33] E.Məmmədov və onun silahdaşlarının ictimai-siyasi fəaliyyətinə həsr olunub. “Müəllifdən” başlıqlı ön sözlə başlayan kitab girişdən və “Azərbaycanda 70-ci illər tələbə hərəkatı”, “Çağdaş Azərbaycan milli azadlıq hərəkatının istiqlal dövrü (fevral 1988–18 oktyabr 1991)", “Azərbaycan Respublikasının dövlət müstəqilliyi-
nin beynəlxalq aləmdə tanınması sahəsində diplomatik fəaliyyət (noyabr-dekabr 1991)", “Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik cəmiyyətin bərqərar olması uğrunda mübarizə”, “Azərbaycan Milli İstiqlal Partiyasının təsis edilməsi (15 oktyabr 1991–3-4 iyul 1992)” başlıqlı 4 fəsildən ibarətdir.
“Çağdaş Azərbaycan milli azadlıq hərəkatının istiqlal dövrü (fevral 1988–18 oktyabr 1991)" adlanan 2-ci fəsil “Azərbaycan milli azadlıq hərəkatının ilkin mərhələsi (fevral 1988 - yanvar 1990)" və “Əvvəl istiqlal, sonra hürriyyət (yanvar 1990–18 oktyabr 1991)” başlıqlı iki yarımfəslə bölünür. Kitaba həmçinin Azərbaycan mətbuatında E.Məmmədov haqqında dərc olunmuş siyasi yumorlardan seçmələr də daxil edilib.
2004-cü ildə nəşr olunmuş “Sədərəyin mərd mübarizləri” kitabı [34] XX əsrin sonlarında erməni təcavüzünə mərdliklə sinə gərən, öz mübarizəsi ilə xalq arasında “Döyüşən şəhər”, “Naxçıvanın qeyrət qalası”, “Alınmaz qala” kimi tanınmış Sədərəyin mübariz insanları, o cümlədən Azərbaycan Milli İstiqlal Partiyasının Sədərək təşkilatının fəaliyyətinə həsr olunub. Kitabda qeyd olunur ki, erməni quldurlarına qarşı mübarizədə Naxçıvana, o cümlədən də Sədərəyə yaxından kömək göstərən vətənpərvər şəxslərdən biri də Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Etibar Məmmədov olub. AMİP Sədərək təşkilatının sədri, Naxçıvan Ali Məclisinin deputatı Arif Əliyev kitabda bu məsələ ilə bağlı belə bir maraqlı məlumat verir: “1992-ci il yanvar ayının 21-də ermənilərə qarşı döyüşlərdə silah və sursata zəruri ehtiyac hiss olunduğu bir vaxtda Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Etibar Məmmədov Naxçıvan MR Baş nazirinin müavini Azər Məmmədov ilə birlikdə sübh tezdən Sədərəyə gəlmişdi. Həmin gün hava çox soyuq, şaxtalı idi. Onlar rus əsgərlərinin nəzarətində olan sərhəddən Türkiyə ilə Naxçıvan arasında hələ tam istifadəyə verilməmiş, sonradan "Ümid körpüsü" adlandırılan körpü vasitəsilə un yüklənmiş maşınlarda Azərbaycan Milli Ordusu üçün, o cümlədən Naxçıvan MR Müdafiə Komitəsinin döyüşçüləri üçün xeyli sayda silah və sursat gətirmişdilər. Həmin silahların
bir qismi E.Məmmədov tərəfindən Sədərəyin müdafiə-
çilərinə verilmişdi”. [ 34, s. 69]
2004-cü ildə nəşr olunmuş “Azadlıq və demokratiya mübarizləri (1988–2003)” kitabı [35] Azərbaycanın gənc şəhərlərindən olan Mingəçevir əhalisinin 1988–2003-cü illərdə azadlıq və demokratiya uğrunda mübarizəsinə həsr olunub. Kitabda Azərbaycan Milli İstiqlal Partiyası Mingəçevir şəhər təşkilatının yaranması və mübarizələrlə dolu 11 illik fəaliyyəti araşdırılıb. Kitaba Azərbaycan Respublikasında 1998-ci il Prezident seçkilərində prezidentliyə namizəd E. Məmmədovun 20 sentyabr 1998-ci il tarixində Mingəçevirin baş meydanında on mindən artıq seçici ilə görüşü və görüşdən sonra şəhər sakinlərini qəbul edərək, onların problemləri ilə tanış olması haqqında məlumat və görüş-mitinqdən çəkilmiş şəkillər də daxil edilmişdir.
(ardı var)