Bir müddət öncə Bakının Yasamal rayonu, Alatava ərazisində “Melissa Group” Tikinti Şirkətinin vətəndaşın evini bilərəkdən ekskovatorla dağıtması cəmiyyətdə ciddi etirazlar doğurdu. Mediada və sosial platformada hadisələrin videogörüntülərinin yayılması və təpki dolu müzakirələr vandalizm aktını törədənlərə qarşı dövlət strukturlarını hərəkətə keçməyə məcbur etdi. Həmişəki kimi əlaqədar qrumlar məsuliyyəti öz üzərlərindən atmağa səy göstərdilər və iddia etdilər ki, güya şirkət bu boyda tikinti işlərini özbaşına həyata keçirib. Qanunsuzluq edib, icazə almayıb və s. Gərilmiş emosiyaları yatırmaq üçün hüquq-mühafizə orqanları ekskovatorçunu və iş icraçısını saxladı.
Bu hadisə təəssüf ki ilk deyil, sonuncu da olmayacaq. On illərdi ki, vətəndaş-tikinti şirkətləri qarşıdurması davam etməkdədir və bundan sadə insanlar əziyyət çəkirlər, evlərini, mülklərini, sağlamlıqlarını itirirlər. Məntiqi sual yaranır, nədən on illərdi davam edən şəhər sakinləri ilə tikinti şirkətləri arasında münaqişələr bitmir, əksinə getdikcə daha amansız xarakter alır?! MTK-lar vətəndaşlarla daha qaba, daha sərt və amansız davranır? Müəllifi mərhum prezident H.Əliyevin olduğu 1995-ci ildə 12 noyabrda ümumxalq səsverməsi ilə qəbul olunan Azərbayacan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilib. Məhkəmələr ayrıca hakimiyyət qollarından biri kimi tanınır və ədalət mühakiməsini funksiyasını yerinə yetirməsi təsbit edilir. Konstitusiyanın 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Və mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Eyni zamanda Ana Yasanın 29-cu maddəsinin I, II, III, IV bəndlərində bilavasitə hər kəsin mülkiyyət hüququ olması, mülkiyyətin heç bir növünə üstünlük verilməməsi, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunması, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilməsi, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olması, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsi, əmlakın tam müsadirəsinə yol verilməməsi, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilməsi aydın şəkildə göstərilib. Konstitusiyasın 33-cü maddəsində hər kəsin mənizl toxunulmazlıq hüququ tanınır. Bütün bunlar konstitusion normalardır. Heç kəs bunu poza bilməz. Mülkiyyət hüquqları ilə bağlı da ayrıca olaraq 9 noyabr 1991-ci il tarixli “Mülkiyyət haqqında Azərbaycan Respublikası Qanunu” qüvvədədir. Mülki Məcəllənin bütöv bir fəsli 6-cı fəsili 152-158.4-cü maddələrinədək mülkiyyət hüquqlarına həsr olunub. Eyni zamanda bir sıra qanunvericilik və normativ-hüquqi aktlarda mülkiyyət hüquqları ilə bağlı bir sıra məsələlər öz əksini tapıb. “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta” (BMT Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilib) və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Beynəlxalq Konvensiyaya (Roma, 4.XI.1950) qoşulan Azərbaycan üzərinə öhdəliklər götürüb. Həmin beynəlxalq hüquq normalarında göstərldiyi kimi “Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına qəsd edilə bilməz” və yaxud “ Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir”.
Mülkiyyət hüquqlarının pozulmasına dair qanunvericilidə müxtəlif sanskiyalar və cəzalar da nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci fəsli insan və vətəndaşın Konstitusiya hüqüq və azadlıqları əleyhinə olan cinayətlərə, 23-cü fəsli isə mülkiyyət əleyhinə olan cinatətlərə həsr olunub. Göründüyü kimi, istər mülkiyyət hüquqlarının qorunması və təminatı ilə bağlı, istərsə də bu hüquqların pozulmasına dair kifayət sayılacaq qanunvericilik və hüquqi baza mövcuddur. O zaman nədən indiyədək mülkiyyət, mənzil sahibləri ilə mənzil tikinti koperativləri ilə münasibətləri normal qaydaya, hər iki tərəfin mənafelərinə uyğun şəkildə tənzimləmək mümkün olmur? Deməli, burda problem hüquqi və qanunvericilik problemi deyil, onun işləmə mexanizmi və qanunların icrasına nəzarət funksiyasını yerinə yetirməli olan, yaxud onun tətbiq edəcək səlahiyətli dövlət qrumlarında və vəzifəli şəxslərdədir.
Ölkədə korrupsiya və rüşvətxorluq imkan vermir ki, vətəndaşla-tikinti şirkətləri, iş adamları razılaşıb ortaq razılığa gəlsinlər. İllər uzunu vətəndaşların mülkiyyətini ələ keçirən tikinti şirkətləri sınadıqları eyni sxemlə hərəkət edirlər. Sakinlərin evini, mənzilini dəyərindən qat-qat aşağı qiymətə almaq, aldatmaq, razılaşmayanları, dirəniş göstərənləri blokadaya, sıxma- boğmaya salmaq, onun həyatı əhəmiyyətli təminatlardan məhrum etmək, qazını, suyunu, işığını kəsmək, nəhayət bunlar da nəticə verməyəndə qanunsuz olaraq ekskovatorla dağıtmaq. Çünki həmin şirkətin rəhbərləri, yaxud sahibləri cəzadan kənarda qalacaqlarını, yaxud yüngül xərclə qurtara biləcəklərini bilirlər. Zatən onlar işə başlamamışdan öncə müvafiq dövlət orqanlarının “xeyir-duasını” alırlar, onların “paylarını” verirlər. Heç kəsə sirr deyil ki, Azərbaycanda tikinti sektoru digər sahələr kimi yüksək ranqlı dövlət məmurlarının əlindədir. Evi, mənzili qanunsuz uçurulub dağıdılan sadə vətəndaşların etiraz səsi, naləsi, şikayəti heç yerə gedib çatmır. Yerindəcə boğulur. Bir sıra hallarda isə həmin şirkətlərin qanunsuz əməllərinə qanunları qorumalı və tətbiq etməli edən orqanlar, o cümlədən bəzi hüquq-mühafizə orqanları nəinki göz yumurlar, hətta kömək də edirlər. Bunlar da təbii ki, havayı edilmir. Bir neçə il əvvəl 28 May metrostansiyasına yaxın Mikayıl Rəfili küçəsi 11, məzil 8 ünvanda yerləşən dostumuzun bacısının evini tikinti şirkəti məhz polisin zorakılığı ilə qanunsuz surətdə başına uçurdu. Həmin vəhşilki zamanı evin damının uçurulması beşikdə yatan körpənin xoşbəxtlikdən yüngül yaralanmasına səbəb olmuşdu. Bu qanusuzluğa və vandalizmə görə bütün şikayətlərə rəğmən heç kəsə “gözün üstə qaşın var” deyən olmadı. Hələ ev sahibini evinin ailəsinin başının üstünə uçurlmasına müqavimət göstərdiyinə görə Nəsimi RPİ-nin 22 saylı PB-ə aparıb 5 saat saxladılar. Onu ordan mətbuat filan işə qarışandan sonra azad edə bildik.
Nə yazıq ki, tikinti şirkətləri məhkəmələrə də təsir edə bilirlər. Məhkəmələr müstəqil və ədalətli olmadığından həmin şirkətlərin “hörməti” və “əli” istədiklərinə uyğun halda qərar və qətnamələrin çıxarılmasına müvəffəq ola bilir. Digər neqtiv vəizyyət də nadir hallarda vətəndaşın xeyrinə məhkəmələrdə dövlətin adından çıxarılan qərarlara məhəl qoyulmaması, onun kağız parçasına salınmasıdır.
Bir neçə gündür törətdiyi qanusuzluğa görə müzakirəsi edilən “Melissa Group” şirkətinin əsil sahibinin dövlət siyasətini müəyyənləşməsində iştirak edən yüksək ranqlı məmurun olmasına qətiyyən şübhəm yoxdur. Azərbaycanda böyük biznes imperiyasına malik hər kəsin qisməti və kiminsə “sehirli uğur hekayəsi”nin nəticəsi də deyil. Həmin şirkət Bakının ən bahalı və prestijli yerlərində çoxmənzilli binalar inşa edir. Həmçinin digər sahələrdə də böyük paya və imkanlara sahibdir. Mən Azərbaycanda elə bir Mənzil Tikinti Koperativi tanımıram ki, vətəndaş məmnunluğuna nail ola bilsin, hansısa problem yaratmamış olsun. Ola bilsin yanılıam. Lakin görünən odur ki, tikinti şirkətlərinin məqsədləri ancaq yüksək qazanc əldə etmək, “dolayı məsrəflərini konpensasiya” etmək olduğundan insanlara rahatlıq verməyi, onların məişət həyatlarını yaxşılaşdırmağı əsla düşündürmür. Odur ki, həmişə vətəndaş-şirkət qarşıdurması bitməyəcək.
Yeri gəlmişkən, burada diqqətə alınacaq vacib bir nüansa da toxunmaq istərdim. Dövlət-vətəndaş münasibətlərinin, qarşlılqı öhdəliklərinin icra və normallaşdırılmasıdır. Vətəndaş üzərinə götürdüyü və yaxud üzərinə qoyulan vəzifə və öhdəlikləri yerinə yetirmədikdə müəyyən məsuliyyətlə üzləşdiyi kimi dövlət də vətəndaş qarşısında götürdüyü öhdəliyini yerinə yetirmədikdə məsuliyyət daşıyır. Dövlətlərin mahiyyəti təkcə zor və məcburetmədən ibarət deyil. Zor və məcburetmənin hər zaman tətbiq edilməsi, yaxud vətəndaş qarşısında götürdüyü öhdəliyi keyfiyyətsiz icra etməsi, heç etməməsi hakimiyyət qollarının legitmliyinə və dövlətin özünə inamı zədələyir. Vətəndaşın evinin, mülkiyyətinin hansısa tikinti şirkəti tərəfindən başına qanunsuz uçurulursa və bu davamlı hal alırsa burda qanunların və hüququn deyil, dövlətin gücsüzlüyündə təzahür etməsi deməkdir. Yəni belə anlaşıla bilər ki, dövlətin gücü olsaydı dövlətin Konstitusiyası ilə təminat verdiyi hüquqlar sistematik şəkildə pozulmazdı və bu cəmiyyətdə adi normaya çevrilməzdi. Eləcə də dövlətin adından çıxarılan məhkəmə qərarlarının (Azərbaycan Respublikası Konstitusiyası. Maddə 129.I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 129.II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.) tikinti şirkətləri tərəfindən saya salınmaması vətəndaşların ədalət mühakiməsinə və məhkəmələrə (AR Konstitusiyası, maddə 125.I) etimadını sıfırlayır. Azərbaycan Respublikasının Prezidenti dövlət başçısı olaraq dövlətin təhlükəsizliyinin və Konstitusiyasının qarantıdır. Belə olan halda bütün haqsızlıqlar, qanusuzluqlar və özbaşınalıqlarlarda onun da adı bu və ya digər şəkildə hallanır. Nicat və son xilas ünvanı olraq Prezidentə üz tutulur. Acınacaqlısı ondan ibarətdir ki, Prezidentlə xalq rasında məmurlar elə keçilməz baryer və sədd yaradıblar ki, xalqa ləyaqətlə xidmət edən dövlət başçısı bu kimi problemlərdən xəbərsiz olur. Vətəndaşlarla Prezidentə birbaşa təməslara imkan verilmir, onun görüşlərinə bir qayda olaraq məmurlar qatılırlar və onlar da ancaq məddahlıq etməklə əsil həqiqətlərin üzə çıxmasına və həllinə maneçilik törədirlər. Mən hesab etmirəm ki, vətəndaşın evini başına qanusuz olaraq uçuran hansısa məmur, iş adamı kimliyindən və tutduğu ictimai-siyasi və brokratk mövqeyindən, çəkisindən asılı olmayaraq həqiqətdən İ.Əliyev hali olarsa cəzasız qalar. Təəssüflər olsun ki, cəmiyyət olaraq bu tədrici aradan götürmək, onu əhatələyən məmur sipərini aşmağı və polad pərdəni ləğv etməyi bacara bilməyir. Buna nail olunsa hüquqlar da işləyəcək, qanunlar da. /Moderator.az/