Mən o prosesin sadəcə bir elementi idim

Həbsdən yeni çıxan jurnalist: "Klassik baxımdan məhbus həyatım olmayıb”; "Şərt bu idi - sən bu qapalı hücrədə yaşamalı və dəli olmamalısan...”

Mart ayının 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə, 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılan Rauf Mirqədirovla bağlı cavabsız suallar çoxdur. Dünən redaksiyamıza qonaq gələn Rauf bəy həbsinin ilk günlərindən etibarən yaşadıqlarını bizimlə paylaşdı. Baş redaktorumuz Rauf Arifoğlunun iştirakı ilə baş tutan söhbət zamanı həmkarımız bu həbsin səbəblərindən tutmuş, hazırda mühacirətdə olan ailəsinin başına gələnlərə, atacağı addımlara qədər hər şeydən danışdı.

Müsahibimizlə redaksiyamızın yaxınlığında yerləşən "Neftçilər" metrosunun qarşısında görüşdük. Redaksiyaya qədər gələn yolda isə daha çox 6 il öncə (onun 2 ili türmədə, 4 ili isə həbsdən öncə Ankarada keçib - S.T.) gördüyü paytaxtdakı dəyişikliklərdən söz etdik. Elə müsahibəmizi də onunla başladıq - dəyişən Bakı...

- "Neftçilər" metrosunda görüşəndə sizə ilk sualım "buralarda nə dəyişib” oldu. Metro həndəvərində olmasa da, 6 il öncə çıxdığınız Bakıda çox şeyin dəyişdiyini dediz. Bəs ümumi, ölkədə, paytaxtda gözünüzə dəyən ilk dəyişiklik nə oldu?

- Əslinə qalsa, həbsdən çıxdığım bu iki həftə ərzində həyatla ünsiyyətim güclü olmayıb. Səbəb də odur ki, evdən iş üçün çıxdığım 4-5-ci dəfədir. Dostlar maşınla çıxarıblar, getmişik, hardasa oturmuşuq. Ona görə də heç nəyi tam hiss edə bilməmişəm. Bir dəfə də bacım qızı ilə gəzintiyə çıxmışam. Sözsüz ki, yeni tikililər var. Yeni gənclik var. Tam fərqli...

- Nəyi ilə fərqli? Geyimi?

- Geyimi və zahiri davranış tərzi ilə. Mən hələ onlarla ünsiyyətdə olmamışam. Amma hiss edirəm ki, gənclik çox fərdiyyətçidir. Özünün hansısa məhdud çərçivəsində kifayət qədər özünü azad hiss edir. İctimai səviyyədə yox, özünün məhdud, dar çərçivəsində, qrup şəklində, dost halında. Fərdiyyətçiliyin pozitiv tərəfi var. Amma neqativ tərəfi də odur ki, bir qədər ictimai həyatdan uzaq gənclikdir. Öz dünyası, öz dünyasının dəyərlər şkalası var. Məndə belə bir təəssürat yarandı ki, əsas meyar, məqsəd şəxsi karyeradır. Amma sevindirici haldır ki, Gənc Tamaşaçılar Teatrına getdim və orda teatrın adına uyğun olaraq, çox gənclər gördüm (gülür).

- Sizin həbsiniz, həbs hekayəniz digər siyasi məhbuslarınkından xeyli fərqləndi. İlkin versiyalar bu idi ki, siz məhz rus dilində tənqid yazdığınız üçün hədəfə tuş gəldiniz. Və Türkiyədə sizinlə bağlı baş verən geniş masştablı həbs əməliyyatı da bu qıcığın nəticələrindən biri idi. Bəs sizin özünüz üçün bu həbs hekayəsi çoxmu gözlənilən idi? Başınızı götürüb getdiyiniz Türkiyədə belə yaxalanacağını gözləyirdiniz?

- Mənim Azərbaycanı tərk etməyimin heç bir siyasi motivi olmayıb. Şəxsi həyatımda baş verən proseslərin təsiri olub. Digər tərəfdən, düşünmürəm ki, rus dilində ölkədə baş verən siyasi proseslərlə bağlı yazılarım ciddi qıcığa səbəb olub. O yazılarda konkretlik çox az olub. Daha doğrusu, bizim sistemli problemlərimizin təhlili olub. Proseslərə şəxslər prizmasından baxış çox az olub. Azərbaycanda qıcığa səbəb olan fərdlərdir. Bir çox hallarda müxalifət liderləri şəxsiyyətlər prizmasından nəyisə təhlil edəndə bir qədər qıcıqla qarşılayırlar. Düşünürəm ki, sadəcə, onların təsir imkanları az olduğu üçün heç nə baş vermir (gülür). O yazıların sayı da çox deyildi. Mən Türkiyədə olanda əsasən beynəlxalq mövzularda yazırdım, ona görə də onların xüsusi qıcığa səbəb olacağını düşünmürdüm. Məncə, bu, daha çox beynəlxalq mövzuda yazdığım yazıların nəticəsidir. Mənə verilən ittiham dövlətə xəyanətdir. Bu ittihamla indiyə qədər azadlığa çıxan olmamışdı. Şərti iş xırda xuliqanlıq səviyyəsində cinayət baş verəndə verilir. Həbs olunanda mənim bir bəyanatım oldu. Orda qeyd olundu ki, bu, qonşu xarici dövlətlərin genişmiqyaslı əməliyyatının tərkib hissəsidir. Sonradan prokurorluğun bəyanatı, cinayət işi ilə tanış olandan, Azərbaycan ətrafında baş verən prosesləri izləyəndən sonra anladım ki, mənim ehtimalım həqiqətə daha çox uyğundur. Prokurorluğun da bəyanatından aydın olurdu ki, mənə qarşı əməliyyat 2008-ci ilin payızında başlayıb. Gürcüstan hadisələrindən sonra "Zerkalo” qəzetinin materiallarını qaldırıb baxın. 2010-cu ildə "yenidən yükləmə” siyasəti başlandı, o zaman regionda baş verən problemlərin dialoq yolu ilə həllinə ümid yarananda həbsimlə bağlı əməliyyat dayandı. 2014-cü ildə Ukrayna hadisələri baş verəndə mən həbs olundum.

- Yəni demək istəyirsiz ki, söhbət sizdən və "Zerkalo” qəzetindən getmirdi? Əsas hədəf siz deyildiz?

- Bəli, bu, daha genişmiqyaslı bir əməliyyatın tərkib hissəsi idi. Azərbaycanda qərbyönümlü və rusiyayönlü qüvvələrin nisbətinin nə dərəcədə dəyişdiyini görürsüz. Hətta informasiya məkanında belə bu, özünü göstərir. Mən düşünürəm ki, "Zerkalo” qəzeti Qafqazda çox populyar qəzet idi, Moskvada oxuyurdular. İnosmi.ru-da xarici dilə tərcümə olunurdu, qərbyönümlü qəzet idi, müstəqilliyin reallaşmasının tərəfdarı idi, Qarabağ məsələsində öz konkret mövqeyini nümayiş etdirirdi...

- Və birdən öz fəaliyyətini dayandırdı. Bu, doğrudanmı təkcə Rauf Mirqədirov faktoruna görə baş verdi? İndiyə qədər də bir çox versiyalar dolaşır...

- Mən düşünürəm ki, qəzetin bağlanması daha önəmli idi. "Zerkalo” qəzeti radikal deyildi. Bütün tərəflərə tribuna verirdik. Qəzetin prinsipi bu idi ki, mümkün qədər fərdlərə şəxsi müstəvidə hücumlar olmasın. Bəzən bizim mediada bu tərz yazılara onunla bəraət qazandırmağa çalışırlar ki, "birinci qarşı tərəf başladı, biz cavab haqqından istifadə etdik”. Amma kiminsə əxlaq normalarını pozması mənə icazə verə bilməz ki, mən də o normaları pozum. "Zerkalo” qəzetinin qıcıq obyekti olduğunu düşünmürəm. Amma qəzetin beynəlxalq media müstəvisində bir nüfuzu vardı. Ona görə də düşünürəm ki, qəzetlə bağlı baş verənlər xarici təzyiqin bir nəticəsidir. O qəzeti susdurmaq lazım idi. Məsələn, Rusiya səfirinin qəzetə məktubu, mənim ona cavabım olmuşdu. Bundan başqa, səfir bizimlə bağlı mətbuat konfransı keçirmiş, "Vesti”də süjet olmuşdu. Bütün bunların nə anlama gəldiyini xüsusi izah etməyə, məncə, ehtiyac yoxdur. Bir sözlə, qəzeti və məni susdurmaq lazım idi, bunu da etdilər.

- Türkiyədə baş verən həbs əməliyyatı ilk gündən medianın diqqətində olub. Həbsinizdə Rusiya faktoruna sətiraltı toxunsaz da, əməliyyat Türkiyədə keçirilmişdi və detallarına görə də ciddi qanun pozuntuları ilə müşayiət olunurdu. Bəs bu, nəyin göstəricisi idi, sizcə? Onun pərdəarxasında nələr vardı?

- Mən özümü bu məsələdə ailəmdən ayırmaq istəyirəm. Mənə qarşı nəyin niyə edildiyi az-çox aydındır. Mən kifayət qədər aktiv yazan jurnalist idim. Türkiyə ilə bağlı yazılarım olurdu. Onların arasında AK Partiyaya qarşı tənqidi yazılar da çox idi.

- Bu, səbəb ola bilərdimi?

- Həlledici rol oynadığını düşünmürəm. Bəlkə də qıcıqlandırırdı. Türkiyədə fəaliyyət göstərən jurnalistlər iki qrupa bölünür: onlar ya iqtidarla dostluq edir, ya da müxalifətlə. Mən çalışmışam ki, heç biri ilə dostluq etməyim. Hətta öncədən tanıdığım millətçilərlə ünsiyyətim də müəyyən çərçivədə olub. Amma bu hadisə Türkiyənin beynəlxalq imici üçün ciddi zərbə oldu. Çünki Avropa Məhkəməsində Türkiyəyə qarşı iddiamız var. Suala gəlincə, mənim həbsim zamanı Türkiyə ilə Rusiyanın münasibətləri çox yaxşı idi, az qala dost idilər. Və hətta Rusiya ilə münasibətləri Qərblə münasibətlərdə alver predmetinə çevirmək cəhdləri də vardı. "Biz Şərqə də gedə bilərik, Qərbə də, Şimala da...”, tipli bəyanatlar vardı. Ancaq yenə də deyirəm ki, mənim həbsim həmin dövr üçün olduqca ciddi bir siyasi prosesin nəticəsi idi.

Mən o prosesin sadəcə bir elementi idim. Özümü şişirdəcək xarakterdə deyiləm. Nə siyasi, nə yazar kimi böyük bir şəxsiyyət deyiləm ki, hər şeyin mənim üzərimdə qurulduğunu düşünüm. Məni təəccübləndirən və Türkiyə dövləti adına utanc yaradan ailəmə qarşı münasibət idi. Təsəvvür edin ki, qadındır və əlində iki uşaq var. Uşaqlardan birinin 5, o birinin 12 yaşı var. Bu, ən azı mənəvi terrora məruzetmədir. Polis dəfələrlə evimizə gəldi, sonradan siyasi mühacirət aldığı İsveçrəyə, Sürixə uçarkən uçuşlarına mane olunması, ikinci dəfə bilet alınandan sonra ikinci dəfə ölkəni tərk etmələrinə yaradılan maneə bu proseslərin tərkib hissəsi idi. Sonuncu dəfə İsveçrənin Türkiyədəki konsulunun müşayiəti ilə mənim ailəm oradan çıxa bildi.

- Bu, mənəvi terrorun səbəbi nə idi, sizcə? Sizə ailəniz vasitəsilə nəyin bədəlini ödətməyə çalışırdılar?

- Mən anlamıram. Mənim yoldaşım da ixtisasca jurnalistdir və Ankarada qeydiyyatdan keçmişdi. Həmin dövrdə jurnalistikaya qayıtmağa cəhdlər edirdi və iki məqalə yazmışdı. Onlar da çox neytral materiallar idi, Türkiyə siyasəti mövzusuna aidiyyəti yox idi. Mənim Ermənistana səfərlərim, ictimai-siyasi fəaliyyətimdə onun heç bir rolu olmamışdı.

- Uşaqlarınız bu olaydan ciddi travmalar alıb yəqin...

- Bəli. Təsəvvür edin ki, mənim kiçik qızım bu olaydan sonra beynində Türkiyə hissəsini blok edib. Ondan Ankaradakı həyatımızla bağlı nə soruşuruqsa, "xatırlamıram” deyir. Bu, çox ciddi yükdür...

- Bəs onların İsveçrəyə mühacirət etmə qərarı kimə aid idi? Onların Ankarada qalma və ya Bakıya geri qayıtma ehtimalı sıfırlanmışdı? Niyə mühacirət?

- Mən vəkillərim vasitəsilə xəbər yolladım ki, Bakıya qayıtmasınlar. Hadisələrin hansı məcrada inkişaf edəcəyi məlum deyildi. Mən, sadəcə olaraq, bilmirdim ki, bu təzyiq mənimlə məhdudlaşacaq, ya ailəmin digər üzvlərinə də şamil olunacaq. Digər tərəfdən, mənəvi əhval-ruhiyyə olacaqdı. Mənim ortancıl qızım məktəbə gedəcəkdi. Məktəbə gedəndə bütün bu söz-söhbətlər, dövlətə xəyanət maddəsi ilə tutulan atanın qızı imicinə görə Roma papasından artıq katolik olmağa cəhd edən insanlar ola bilərdi.

- Ölkəni özləri seçdilər?


- Mən bilirəm ki, dostlarım vasitəsilə seçim imkanları var idi. Müraciətlər edildi, cavab İsveçrədən gəldi ki, biz qəbul etməyə hazırıq.

- İndi orda yaşayışları necədir? Uşaqlar məktəbə gedirmi? Necə dolanırlar?

- Çox normaldır. Şər deməsən xeyir gəlməz. Hər faciənin bir pozitiv tərəfi olur. İndi qızım 6 dildə danışa bilir. Hazırda İsveçrənin ən elit universitetlərindən birinin gimnaziyasına daxil olub.

- Danışa bilmisiz onlarla?

- Skaypla danışıram bütün gün.

- Yəqin ki, artıq planlarınız da hazırdır. Ailə olaraq bir araya gəlmək üçün nə edəcəksiz? Sizin üzərinizdə 5 il sınaq müddəti, ailə isə mühacirətdə...

- Sözsüz ki, mən bir müddətdən sonra xaricə getməyə çalışacam. Onsuz da mən həbsimə qədərki 4 ildə ölkədən xaricdə, Türkiyədə yaşayırdım. Bəlkə də heç çoxunun xəbəri yox idi ki, mən Bakıda deyiləm, çünki yazılarım çıxırdı mətbuatda. Sözsüz ki, indi üzərimdəki sınaq müddətini götürmək üçün lazımi hüquqi addımlar atılacaq. Bu da müəyyən qədər vaxt alacaq.

- Onların Azərbaycana qayıtma perspektivi real deyil?

- Qayıtsalar, statuslarını itirəcəklər. İkincisi, mən hələ bəraət almamışam. Bu baxımdan, eləcə də mənəvi baxımdan problemlər qalır. Üçüncüsü, qızım mənim işimlə əlaqədar olaraq rus, azərbaycan, türk və alman məktəblərində oxuyub. İndi Azərbaycana qayıtmaq qərarı verilsə, onların həyatını yenidən dəyişmək olduqca ciddi problemdir.

- Özləri nə deyir? Yəqin ki, darıxırlar və sizin yanınızda olmaq istəyirlər.

- Təbii. Hətta yoldaşım bir neçə dəfə deyib ki, biz qayıdaq. Amma mən o qədər də tərəfdarı deyiləm. Çünki onların bu günə qədər başlarına gələnlərin hamısı mənim fəaliyyətimlə bağlıdır. İnsanları hər dəfə adaptasiya olunduqları həyatdan ayırmaq asan məsələ deyil. 6 il Türkiyədə olublar, adaptasiya olunmuşdu, normal həyat sürürdük. İndi də ora adaptasiya olunublar. Onları oradan ayırıb, yeni bir həyata gətirmək olduqca çətindir. Türkiyədə qala bilməmələrinin səbəbi o idi ki, mən həbs olunmuşdum, Bakıda idim. Həyat yoldaşım Adelyanın da akkreditasiyası ləğv olunmuşdu. Hökumət ancaq uşağın məktəbi qurtarmasına görə gözləyirdi. Mənə qarşı bütün qanunları pozsalar da, uşağa qarşı bunu edə bilmirdilər. Çünki etsəydilər, biabırçılıq olardı. Ona açıq şəkildə demişdilər ki, uşaq məktəbi qurtaran kimi siz buranı tərk etməlisiniz.

- MTN-in təkadamlıq kamerasında keçən məhbəs həyatı... İstərdim ki, bir az da o günlərdən danışasız. Necə keçirdi günlər? Daha çox mütaliə, yazı, ya necə?

- Əslinə qalsa, klassik baxımdan məhbus həyatım olmayıb. Çünki 2 ilə yaxın müddətdə heç bir məhbusla ünsiyyətim olmayıb. Eni 3, uzunluğu 4 metrə yaxın qapalı bir hücrədir. Pəncərədən küçəni görə bilmirsən, ancaq səmanı görürsən. Deməli, sən bu qapalı hücrədə yaşamalısan və dəli olmamalısan...

- (Sözünü kəsirik) Üzr istəyirəm, təcridxanada hər hansı fiziki, mənəvi təzyiq görməmisiz? Bütün hallarda adı üstündə - MTN təcridxanası...

- Xeyr, əsla. Heç bir provokasya cəhdi də olmayıb. Çox hörmətlə yanaşıblar. "Rauf müəllim”dən başqa müraciət forması olmayıb. Hətta bəziləri öz simpatiyalarını bildirməyə çalışıblar. Onların mənə qarşı davranışından hər hansı şikayətim yoxdur. 2 il boyunca bir dəfə də olsun hər hansı konflikt olmayıb. Adamın başı üstündə Allah var, düzünü deməliyəm. Mənim üçün ən ağır ilk 15 gün və axırıncı 2 ay oldu.

- Niyə?

- Məni birdən-birə kameraya apardılar. Əvvəlcə müstəntiqlə görüşdüm. Mənə ittihamı elan etdi. Kameraya gələndə qaydaları bilmirsən təbii. Təkadamlıq kamerada qalan adamın psixoloji bir xüsusiyyəti var. İnsan istəsə də, istəməsə də, öz-özü ilə danışmağa başlayır. Əgər heç nə yoxsa, nə iləsə bağlı düşünür və mükaliməyə girirsən, hətta mübahisələrə girirsən. Təhlükə ondan ibarətdir ki, sənin dialoq apardığın obraz sənin şüurunda səndən ayrıla bilər, müstəqil obraza çevrilə bilər. Yəni özün-özünlə mükalimə apara bilərsən. Ancaq o obrazı müstəqilləşdirməməlisən. Amma uzun müddət olanda bu, mümkün olmur. Sözsüz ki, mən başa düşdüm ki, yeganə çıxış yolu dayanmadan mütaliə etməkdir...

- Bu təhlükəli situasiyadan çıxa bildizmi?
 /Yeni Müsavat/