Bu gün
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayıb.
1988-ci
il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş
sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə
etiraz edib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası
irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq
hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz
minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi
Meydan hərəkatının əsasını qoyub. Moskvanın və o zamankı yerli
hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu
problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il
noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi
etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla
insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz
aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici
tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan
prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən
gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu,
Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk
olunub. Bu günü tarix kimi yaradan və əlamətdar tarixi bir günə çevirən hərəkat liderləri ilə xalqın vəhdəti oldu.
Bu liderlər xalqın həmişə önündə oldular, heç nədən çəkinmədilər. O dövrü yaşayan insanlar yaxşı xatırlayarlar ki, aramsız davam edən mitinqlərdə insanlar təkcə etiraz üçün deyil,, əslində ən vacib ehtiyacları üçün, onlara hava-su qədər lazım olan Azadlıqlarını və Müstəqilliklərini əldə etmək üçün gəlmişdilər. Hətta, bu məfhumlar onlar üçün sudan, yeyəcəkdən belə önəmli idi. Həmin dövürdə milyonlarla insan Etibar Məmmədovu dinləmədn, onun çıxışını eşitmədən dağılmırdılar. Bu çıxış sanki hər dəfə bütün çıxışların, eləcə də izdihamlı mitinqlərin möhür bəndi olurdu.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində
qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq
dəyişikliklərə əsasən iş günü sayılır.