Yeni Azərbaycan Partiyası 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini sürətləndirib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Müxalifət partiyalarında bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərarlar verilibmi? Bələdiyyə seçkilərinin yerlərdə əhali ilə sıx təmas qurmaq baxımından vacib seçki olduğunu siyasi partiyalar nəzərə alırlarmı?
.AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq bu istiqamətdə fəaliyyətini quranlar və düşünənlər azdır. Hiss olunmur ki, bir neçə aydan sonra ölkədə vacib seçkili institutlardan biri olan bələdiyyələrə seçkilər keçiriləcək. Partiyaların özləri də qarşıdan gələn seçkilərə həvəslə yanaşmırlar: "Bunun da səbəblərini dəfələrlə demişik, çıxış yolları barədə təkliflərimizi vermişik. Bütün bu passiv mühitə baxmayaraq hesab edirəm ki, seçkilərdə iştirak vacibdir və başlıca vəzifələrimizdən ən ümdəsi cəmiyyəti də bu ruhda kökləməkdir. Məlumdur ki, Azərbaycanda həm bələdiyyələrə, həm də seçkilərə inam demək olar ki, qalmayıb. Lakin biz oturub iqtidarı gözləməli deyilik ki, insafa gəlib az-çox demokratik seçki mühiti yaradacaq. Bu mühitin yaradılmasına biz daha çox maraqlıyıqsa çox da səy göstərməli və çalışmalıyıq. Mövcud ortam iqtidara sərf edir, müxalifətə yox. Ona görə də ortamı müsbətə doğru biz dəyişməliyik. AMİP bələdiyyə seçkilərinə qeyri-rəsmi çoxdan start verib. Bölgə təşkilatlarımızla görüşlərimiz olur. Şəxsən mən Göyçay, Ucar, Gəncə, Ağstafa, Samux, AMİ-çiləri ilə görüşüb bələdiyyə seçkilərini müzakirə etmişik. Doğrusu, nikbinlik üçün xeyli iş görmək lazımdır. İnsanları inandırmaq, seçkiyə həvəsləndirmək asan olmayacaq, ancaq bələdiyyə üzvü iddiasını ortaya qoyacaq üzvlərimiz də var. Bələdiyyə seçkilərinə demokratik cəmiyyətlərdə daha çox önəm verilir. Çünki bu seçkilər həm yerli özünü idarə orqanı kimi əhali ilə sıx təmaslar qurmaq, yerli hökumət funksiyasını yerinə yetirmək baxımından, həm də parlament və prezident seçkilərinə tramplin və sınaq baxımdan vacib sayılır”.
Ə.Orucov qeyd etdi ki, oktyabrın 6-na partiyanın Mərkəzi Şurasının iclası çağırılıb. Həmin iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlərdən biri də bələdiyyə seçkiləri ilə bağlıdır: "Mənə elə gəlir ki, bu hərtərəfli müzakirələrdən sonra Mərkəzi Şura bələdiyyə seçkiləri barədə olumlu qərar verəcək"."Yeni Müsavat”