Azərbaycanlı politoloqlar danışıqlardan sıfır nəticə gözləyir; belə görüşlərin mənası yoxdur
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın yerli mətbuata verdiyi məlumata görə, görüşlər əsnasında Vyana və Sankt-Peterburqda qəbul edilmiş razılaşmaların yerinə yetirilməsi prosesi əsas müzakirə mövzusu olacaq. Həmçinin, tərəflər birgə fəaliyyətin davam etdirilməsi perspektivlərini müzakirə edəcək. Zaxarova qeyd edib ki, belə görüşlər Moskva, Vaşinqton və Parisdə mütəmadi olaraq keçirilir. Məqsəd isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üç ölkənin səylərinin əlaqələndirilməsidir.
Azərbaycanlı politoloqlar həmsədrlərin Moskva görüşlərindən hansısa nəticə gözləyirlərmi? Bu sualla bir neçə siyasi ekspertə müraciət etdik.
Politoloq Əli Oruclu bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi regional münaqişədən çoxdan çıxıb və artıq beynəlxalq münaqişə səviyyəsinə gəlib. "Çünki burda tərəflərin sayı da çoxalıb. Göründüyü kimi, Ermənistanla Azərbaycan deyil, regiona marağı olan dövlətlər burda qeyri-rəsmi olsa da, tərəf kimi görünürlər. Bu cür görüşlər dəfələrlə keçirilib. Bəzən nikbin bəyanatlar da səsləndirilib. Ancaq çox təəssüflər olsun ki, ortada bir nəticə yoxdur”, - deyən müsahibimiz bu səbəbdən də belə görüşlərin mənasını görmədiyini bildirir. Dediyinə görə, bu görüşlər sadəcə regionda sülhə və təhlükəsizliyə müəyyən yardım edə bilər ki, burda müharibə alovlanmasın, geniş miqyasda hərbi əməliyyatlar başlamasın. "Bundan əlavə bu görüşlərin uzağa gedəcəyini, səmərə verəcəyini şəxsən gözləmirəm”, - deyə Ə.Oruclu vurğulayıb.
Politoloq Nəsimi Məmmədli də Rusiyanı bu münaqişənin rəsmi şəkildə ifadə olunmasa da, yaradıcı və idarəedicilərindən biri sayır: "Bu gün məhz post-sovet ölkələrində davam edən bütün münaqişələrin yaradıcısı və idarəedicisi kimi Rusiya görünür. Beynəlxalq aləmdə ATƏT-in həmsədr dövləti kimi bu funksiyadan başqa Rusiyanın həm də burda prosesə bir az daha yaxın qatqısının ola biləcəyi qənaəti var. Bu baxımdan bu müzakirələri son dövrlər fəallaşan danışıqların tərkib hissəsi kimi qiymətləndirirəm”.
N.Məmmədli hesab edir ki, danışıqlarda intensivləşmə müşahidə olunsa da, bunlar faktiki olaraq ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. "Çünki indi nə beynəlxalq şərtlər, nə də regionda olan siyasi proseslər imkan vermir ki, münaqişənin həlli sürətlə baş versin. Ola bilsin ki, siyasi maraqlardan dolayı bir az fəallıq müşahidə ediləcək, amma münaqişənin həlli ilə bağlı müsbət bir dəyişikliyə gətirəcəyini zənn etmirəm”.