Millət Vəkili Fəttah Heydərov vəfat edəndən sonra Respublika Ağsaqqalar Şurasını ya buraxmaq, ya da sanballı, xalq arasında hörməti və nüfuzu olan şəxsi Ağsaqqalar Şuranın rəhbərliyinə gətirmək lazım idi. Azərbaycan SSR Kommunist Partiyası MK-nın keçmiş birinci katibi, akademik İmam Mustafayev tərəfindən 1989-cu ildə təsis edilən Ağsaqqalar Şurasına sonralar akademik Budaq Budaqov və Milli Məclisin deputatı Fəttah Heydərov kimi nəhəg simalar rəhbərlik edib. 25 il parlamentdə deputat işləyən Eldar Quliyevin bu qurumun sədrliyinə gətirilməsi Ağsaqqallar Şurasını hörmətdən saldı. Onun adı bir sıra qalmaqallarda hallandırıldı, Şura fəaliyyət istiqamətlərindən sapındırıldı. Halbuki xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə xidmət edən tədbirlər görmək Şuranın əsas vəzifə və məqsədlərindən biridir.
Cari ilin 9 mayında İmşli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ətrafı ilə SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə meydana çıxması və buna haqq qazandırmasından sonra E.Quliyevin də istefaya göndərilməsi labüd idi. Həmin hadisə aydın etdi ki, Ağsaqqalar Şurası şəxsi məqsəd və mənafelərin təmin edilməsi üçün alətə çevrilib. Saxta medalla bağlı həbslərdən sonra məlum olur ki, Şuranın sədri saxtakarlığı da pis bacarmırmış. Həbs edilən Eldar İsmayilovla birlikdə Türkmənistanın prezidenti Q.Berdiməhəmmədovun saxta “Dədə Qorqud” medalı ilə təltif edilməsində iştirak və çıxış edib. Mən hesab edirəm ki, Türkmənistan prezidentinin tələyə düşürülməsində deputat və rəsmi şəxs kimi E.Quliyev müstəsna rol oynayıb. Prezident onun ciddiliyinə inanıb. İndi də yaxasını kənara çəkib, özünü təmizə çıxarmağa çalışır. Hər dəfə şəxsi çıxarları naminə dövlətin imicini zərbə altına qoyub.
E.Quliyev tacir, alverçi olduğundan onun həyata baxışları da bu düşüncədədir. Adam uzun illər Ticarət Nazirliyi və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (“Azərittifaq”) məsul vəzifələrdə çalışıb. Alış-verişin ustasıdır. Tərcumeyi-halına diqqət etsəniz saysız-hesabsız mükafatların və təltiflərin bolluğundan da bunu aydın görmək mümkündür. 2011-ci ildən rektoru olduğu Azərbaycan Kooperasiya Universiteti də eyni prinsiplər əsasında fəaliyyət göstərir. Yəni tələblərə burda alış-verişi praktik öyrədirlər. Hər semestrdə rüşvət mexanizmləri işə salınır və qanunsuz olaraq on minlərlə vəsait toplanılır. E.Quliyev ticarət adamıdır, onu siyasətə və ictimai işlərə cəlb etməyi doğru saymıram. Təəssüflər olsun ki, cənab Quliyevi Azərbaycan Ağsaqqallar Şurasına sədr gətirənlər “ağsaqqal” sözünü leksik, müstəqim mənalarda başa düşənlərdir.
Əli Orucov
"Millət.az"-in baş redaktoru