Müxalifət hakimiyyəti erkən parlament seçkiləri keçirməyə məcbur etməlidir

"Hakimiyyət daxilində aparılan xəfif təmizləmə əməliyyatı parlamentdə də keçirilməlidir”

Payızda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda yenidən məlumatlar yayılmaqdadır. Hakimiyyətə yaxın mənbələrdən verilən xəbərlərdə deyilir ki, noyabr ayında seçkilərin keçiriləcəyi istisna deyil. Milli Məclisdə hazırda 6 deputat yerinin boş qaldığını da nəzərə alsaq bütövlükdə növbədənkənar seçkilərə gedilməsi mümkün variantlardan biri sayılır.

Bəs müxalifət partiyaları payızda növbədənkənar parlament seçkilərin keçirilməsinin tərəfdarıdırmı? Seçki keçirilsə, iştirak etməyə hazırdırlarmı?

AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, iqtidar dünyada, regionda və ölkədə gedən prosesləri düzgün analiz edərək mövcud reallıqları nəzərə alıb erkən parlament seçkilərinə getməlidir. İndiki tərkib zamanla və siyasi proseslərin gedişatı ilə nəinki ayaqlaşa bilmir, hətta sürətli dəyişikliklərə və inkişafa əngəl olur: "Parlament üzvlərinin böyük əksəriyyəti yorulub, iş əmsallarını itirib, müasir dövrün tələblərinə cavab verə bilmir. Hətta hərəkətləri, düşüncələri, fəaliyyətləri ilə cəmiyyətdəki narazılıqları daha da körükləyir, öz bəyanatları ilə qızışdırıcılıqla məşğul olurlar. Bu isə nəticə etibarı ilə qarşı duran düşərgələr arasında, eləcə də cəmiyyətdə gərginliyə rəvac verir.

Prezident seçkilərindən sonra yeni formalaşan kabinet gözləntiləri tam qarşılaya bilməsə də, bəzi kabinet üzvlərinin innovasiyaların tətbiqinə səy göstərdiyini görmək mümkündür. Lakin dövlət hakimiyyət qolları bütöv bir mexanizm kimi bir-birini tamamlaya bilmədiyindən dəyişikliklər və innovasiyaların tətbiqi çox ləng gedir. Eyni zamanda siyasi rəqabəti və mübarizəni küçələrdən, ölkə hüdudlarından kənardan yığışdırmaq üçün parlament seçkilərinə zərurət var. Əgər iqtidar payızda növbədənkənar parlament seçkilərinə getsə və bu seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olsa, həm özlərini, həm də Azərbaycanı gələcək təhlükələrdən və bizi gözləyən risklərdən xilas edə bilər. AMİP olaraq biz bütün seçkilərdə iştirak etmişik, seçkiləri də demokrtik inkişafın, bir çox problemlərin həllində mühüm vasitə hesab etmişik. Ona görə də partiyanın müvafiq qurumları seçki keçiriləcəksə buna olumlu münasibət bildirər.

Hesab edirəm ki, müxalifət düşərgəsinin özü də hakimiyyəti növbədən kənar parlament seçkilərinə getməsi üçün təzyiq göstərməli, onun əsas mübarizə hədəflərindən biri olmalıdır. Bu məsələni təkcə iqtidarın ixtiyarına və istəklərinə buraxmağı doğru saymıram. Çünki Azərbaycan müxalifəti də ölkənin taleyinə görə məsuliyyət daşıyır".