Nə qədər ki, siyasi arenada Pənah Hüseyn kimi şəxslər olacaqsa...

Müxalifət düşərgəsində yeni ideya və təklifləri ilə tez-tez müzakirələrə səbəb olan AXP sədri Pənah Hüseyn yeni təkliflə çıxış edib.

Partiya sədri qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir bildirərkən, müxalifətin vahid namizədinin müəyyənləşdirilməsinin zamanı çatdığını deyib.

Maraqlıdır, görəsən, müxalifət düşərgəsində vahid namizədin müəyyənləşməsi təklifi necə qarşılanır? Ümumiyyətlə, YAP əleyhdarları vahid mövqeyə gəlib bir namizəd ətrafında birləşə biləcəklərmi?

Müxalifət nümayəndələri bu və ya digər məsələlərlə münasibət bildiriblər.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu "Reytinq"ə açıqlamasında müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ideyasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, bu, ən səmərəli üsuldur:

"Ancaq mənə elə gəlir ki, hələ bu barədə müzakirələrə başlamaq tezdir. Çünki indidən vahid namizəd uğrunda mübahisə getsə, vəziyyət gərginləşəcək. Hərə öz zəif və güclü tərəfini göstərərək, qarşılıqlı hücumlar başlayacaq və müxalifətdaxili vəziyyət daha da pisləşəcək. Ona görə də müzakirəyə zərurət yarananda başlamaq olar. O zaman tərəflər həm güzəştlərə hazır olar, həm də reallığı dərk edərlər. İndi isə hər kəs öz namizədi üzərində duracaq, qarşı tərəfdə isə bu, qıcıq doğuracaq".

T.Yaqublu nəzərə çatdırıb ki, Müsavat Partiyasının namizədi bəllidir. Partiyanın sonuncu qurultayında İsa Qəmbər prezidentliyə namizəd elan olunub.

"Reallıq birləşməyin parçalanmaq olduğunu göstərir"

Milli Şuranın üzvü Eldəniz Quliyev isə "Reytinq"ə deyib ki, bu barədə müzakirələrin aparılması yersizdir: "Əvvəlcə, Pənah bəy axtarıb o müxalifəti tapsın - əgər tapa biləcəksə.

İkincisi, hörmətli Pənah bəy çox yaxşı bilir ki, zaman-zaman müxalifətin birləşdirilməsinə cəhd əks-nəticə verib. Yəni birləşmək arzusu fiasko ilə sonuclanıb. Paradoks olsa da, reallıq birləşməyin parçalanmaq olduğunu göstərir. Ona görə bu barədə geniş danışıram ki, vahid namizəd məsələsinin birinci mərhələsi və vacib şərti olan-qalan müxalif qüvvələrin bir araya gəlməsi olmalıdır. Vahid namizədin kim olması isə qəliz məsələdir. O qədər qəlizdir ki... hər kəsə aydındır. Əslində, bu haqda danışmağa belə dəyməz".

E.Quliyevin sözlərinə görə, bir neçə məşhur isim var ki, artıq 25 ildir hamının dilini qabar eləyib: "Onların kim olduğunu hər kəs kimi siz də bilirsiniz".

"Nə qədər ki, siyasi arenada Pənah Hüseyn kimi şəxslər olacaqsa..."

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə Pənah Hüseynin təklifinə sıcaq yanaşmır. Onun fikrincə, müxalifətin birləşməsi və seçkilərdə vahid namizədlə iştirak etmə ideyası və təklifi cəlbedici və yaxşı görünsə də, uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, bu ideyanın həyata keçirilməsi üçün edilən cəhdlər Azərbaycanda uğursuzdur: "Çünki bu ideyanı irəli sürənlərin özləri Pənah Hüseyn kimi səmimi deyillər, müxalifətin birlik və bütövlüyünə həmişə əngəl törədiblər. Bütün gücünü və fəaliyyətini müxalifətdaxili inteqrasiyaya deyil, intriqalara, ara qarışdırmağa, şəxsi maraqlarını həyata keçirməyə həsr ediblər. Hakimiyyət də belə şəxslərin siyasi meydanda qalmasını təmin edir. Çünki müxalifətin birləşməsi hakimiyyət üçün çox ciddi və real təhlükələr yarada bilər. Nə qədər ki, siyasi arenada Pənah Hüseyn kimi şəxslər olacaqsa, xalqın maraqlarının tələb etdiyi heç bir ideya və təşəbbüs reallaşmayacaq".

Ə.Orucov deyib ki, AXC iqtidarının süquta uğramasının əsas səbəbkarlarından biri də məhz P.Hüseyndir: "Pənah Hüseyn öncə xalqa hesabat versin ki, Rəsul Quliyevlə Türkiyə səfərindən qayıdandan dərhal sonra necə oldu ki, onu baş nazirin müavini təyin etdilər? Hansı səbəbə və marağa görə? Yəqin ki, Rəsul Quliyevin səxavətindən ona da babat pay çatmasını dana bilməz".

AMİP yetkilisi onu da nəzərə çatdırıb ki, belə maraqlı ideyaları o şəxslər irəli sürə bilər ki, həmin ideyaları keçirməyə gücü və inkanları çatsın, dürüst və açıq olsun, xalqın və mİllətin maraqlarını hər şeydən üstün tutsun:

"İkincisi, ilk növbədə əlverişli seçki mühitinın və bərabər rəqabət şəraitinin yaradılmasına nail olmaq lazımdır. Hər kəs öz ölçüsünə uyğun davranmağı, imkanlarına uyğun ambissiyalarla çıxış etməyi bacarsın. Ən vacibi isə xalqı və milləti siyasi proseslərə cəlb edə bilsin. Yoxsa bu kimi həyati əhəmiyyətli məsələlər kimlərinsə havaya buraxdığı sözlərlə, "ideyalarla" həll olunmur".

Ə.Orucov qeyd edib ki, bu gün meydanda olan siyasi liderlərlə birliyin alınması mümkün deyil və hər dəfə belə ideyaların ortaya atılması qarşıdurmaları, ziddiyyətləri, parçalanmaları daha da dərinləşdirir. Çünki vahid ideya, platforma, proqram, komanda və maraq yoxdur, üstəlik, bu liderlərin çoxu kənar sponsorlardan asılıdırlar.

"...həmin şəxs vahid namizəd ola bilər"

ADP sədrinin müavini Taliyyət Əliyev isə düşünür ki, müxalifət 2018-ci il prezident seçkilərində ciddi şəkildə iştirak etmək istəyindədirsə, onda belə müzakirələrin indidən başlanması yaxşı olardı. Onun qənaətincə, bu baxımdan Pənah bəyin təklifi pozitivdir:

"Belə müzakirələrin aparılmasına start verilməsi istər-istəməz ölkənin siyasi həyatına bir hərəkətlilik gətirər. Lakin, təəssüf hissi ilə qeyd etməliyəm ki, müxalifətdaxili indiki münasibətlər belə müzakirələr qarşısında böyük maneədir".

O ki qaldı vahid namizədin kim olması məsələsinə, T.Əliyev hesab edir ki, ölkədəki mövcud ağır şərtlər daxilində vahid namizədin öncə kriteriyaları müəyyən edilməlidir:

"Həmin kriteriyalara kimin imkanları cavab verərsə, həmin şəxs də vahid namizəd ola bilər".

"...belə rejimlər dünya üçün təhlükədir"

Siyasi şərhçi Nəsimi Məmmədli isə "Reytinq"ə açıqlamasında "Müxalifət prezident seckiləri ilə baglı vahid namizəd məsələsinin müzakirəsinə başlamalıdırmı və vahid namizəd kim olmalıdır"- sualına cavab verməzdən öncə bir neçə məsələyə diqqət yetirməyin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, dünyadakı rejimlərin bu baxımdan bir-birinə zidd olan iki əsas yanaşması var. Bunlardan biri dövlət idarəetməsinin əsas sütununun seçkilər olduğunu qeyd-şərtsiz qəbul edən və öz vətəndaşlarının idarəetmədə seçkilər yolu ilə iştirakına bütün qanuni təminatları yaradan demokratik rejimlərdir. Digəri isə dövlətçiliyin əsas prinsipinin hüquq və azadlıqların təminatından keçdiyini qəbul etməyən, vətəndaşlarına azad seçim imkanları yaratmayan totalitar və avtoritar rejimlərdir:

"Hər gün bəşəriyyətə fəlakətlər gətirməkdə olan belə rejimlər öz vətəndaşları ilə yanaşı, sivil dünya üçün də əsas təhlükə mənbəyidir. Bunları xatırlatmaqda məqsədim ölkəmizin yerinin harada olduğunu düşünərək müzakirələr aparmağımızdır. Artıq ölkənin ictimai-siyasi baxımdan fəal vətəndaşları ilə yanaşı, nüfuzlu beynəlxalq ictimaiyyət də ölkəmizdəki real siyasi sistem haqqında təsəvvürə malikdir".

"Seçkilərin müxalifət üçün əhəmiyyəti qalmayıb"

N.Məmmədli qeyd edib ki, qanunvericilikdə formal olaraq seçkilərin keçirilmə müxanizmləri öz əksini tapsa da, faktiki olaraq ölkədə seçkilərdən əsər-əlamət yoxdur:

"Seçkilərin idarə edilməsi yalnız hakim komandanın və onu dəstəkləyənlərin inhisarındadır. Siyasi sistemə müxalifətdə olan hansısa ciddi qurum, bu şəraitdə seçkiyə hazırlaşdığını cəmiyyətə bəyan edərsə, bu, yumşaq desək, xalqı ələ salmaqdır. Əgər cüzi də olsa, demokratik şərait yaradılsaydı, o zaman rəsmi seçki təqvimlərinin hansısa əhəmiyyətindən bəlkə də danışmaq olardı. Ancaq indiki seçki konyukturası ilə seçkilərin hansı tarixdə keçiriləcəyinin müxalifət üçün heç bir əhəmiyyəti qalmayıb. Hakimiyyət istəsə, bu seçki qanunvericiliyi və siyasi iradə ilə istədiyi şəxsi istədiyi qədər prezident, deputat və bələdiyyə üzvü "seçə" bilər. Odur ki, ciddi müxalifətin bu mərəkədə rol alacağını sanmıram".

"...böyük potensiala malik müxalif siyasətçilər var"

N.Məmmədli vurğulayıb ki, köklü qanunvericilik islahatları aparılmadan müxalifət düşərgəsində vahid namizədlik uğrunda gərgin müzakirələrin olacağına inanmır. Onun sözlərinə görə, heç bir rəqabət müstəvisi olmadığından, yəqin ki, müxalifət daxilində də mübarizə qızışmayacaq:

"Həm də, hazırda müxalifət arasında sərhədlər və münasibətlər o qədər aydındır ki, bir-birindən hansısa qarşılıqlı umacaq qalmayıb. Bununla yanaşı, indiyə kimi prezident seçkilərində müxalifətin əhəmiyyətli hissəsinin vahid namizədi olaraq geniş seçici dəstəyi qazanmış, habelə, hələ namizədliyini irəli sürməyən, lakin böyük potensiala malik müxalif siyasətçilər var. İstənilən halda cəmiyyətin etirazçı kəsimini səfərbər edə bilən, ölkəboyu təşkilatlanmış müxalifətin prosesə liderlik etməsi daha yaxşı nəticə verər. Həmişə etirazçı kəsimin aktiv hərəkəti narazı kəsimin də istiqamətlənməsinə səbəb olur. Hazırda müxalifətin vahid namizədlik uğrunda nəticəsiz müzakirələrindənsə, xalqı vahid ideya ətrafında səfərbər etməyin müzakirəsi daha faydalıdır. Məhz belə bir vahid ideyanı qəbul edən müxalif kəsim vahid lider ətrafında birləşərək hədəfə doğru addımlamalıdır. O zaman hökumətin seçki müstəvisində oyunçu olmağını gözləməyə zərurət qalmayacaq".

Siyasi şərhçi sonda qeyd edib ki, demokratik seçkilər üçün cəmiyyətin geniş spektri vahid mövqe sərgiləyərsə, effektli mübarizə mühiti yaratmaq olar: "Ölkəmizdə seçkilərin nüfuzlu beynəlxalq qurumlar tərəfindən keçirilməsi üçün müxalifət və vətəndaş cəmiyyəti institutları tərəfindən BMT-yə müraciət də göndərilməsini müzakirə etmək olar".

Ayrı-ayrı qurumların nümayəndələrinin fikirlərindən belə aydın olur ki, müxalifətin vahid mövqeyə gəlməsi elə də asan deyil. İndiki şəraitdə məsələnin müzakirəyə çıxarılması isə hakimiyyət əleyhdarlarını üz-üzə qoya bilər.