“Nensi Pelosi hələ də yeni reallıqları qəbul etmək istəmir”

Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşüb. Simonyan görüşdə Pelosiyə Qarabağda 44 günlük müharibədən sonra bölgədəki vəziyyət barədə məlumat verib.

Bununla yanaşı, A.Simonyan fürsətdən istifadə edərək Azərbaycanın ünvanına böhtanlar səsləndirib. İddia edib ki, guya Azərbaycan hakimiyyəti Ermənistanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə təhdid etməkdə, onun ərazisinə təcavüz etməkdə davam edir. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin son həllinin ATƏT-in Minsk Qrupu həmsədrliyinin himayəsi altında və yalnız sülh danışıqları yolu ilə mümkün olduğunu qeyd ediblər.

Təəssüf doğuran məqam odur ki, ABŞ hələ də danışıqların Minsk Qrupu çərçivəsində aparılması perspektivinə inanır. Hansı ki, Minsk Qrupu vasitəçiliyi ilə aparılan danışıqlar çoxdan özünü doğrultmayıb.

“ATƏT-in Minsk Qrupunun fəaliyyətini şişirtməklə, Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışırlar”


Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, ABŞ Konqresi hələ də erməni lobbisinin təsir dairəsindən çıxa bilmir: “ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi hələ də yeni reallıqları qəbul etmək istəmir. Bu isə Ermənistanın yenidən təcavüzkar çağrışlarla çıxış etməsinə stimul verir. Elə bu detal açıq şəkildə bizə bunu deməyə əsas verir ki, ermənilər özlərinə hər zaman arxa-dayaq axtarışında olmaqla bərabər, dünya siyasətçilərini də öz işğalçı məkrli niyyətlərinə "şərik" etməkdədirlər. Erməni siyasətçiləri ATƏT -in Minsk Qrupunun yenidən "dirildilməsi" üçün güclü təbliğat aparırlar. Bu məsələdə mənim mövqeyim tamamilə fərqlidir. Bir çox siyasətçilər düşünürlər ki, ATƏT-in Minsk Qrupunun yenidən fəaliyyətə başladılması üçün ermənilər daha çox cəhd göstərirlər. Ancaq burada bir incə məsələ var. Erməniləri əlində alət edən dövlətlər, məhz ermənilərin əli ilə münaqişənin uzadılmasına çalışırlar. ATƏT-in Minsk Qrupunun fəaliyyətini şişirtməklə, Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışırlar. O  da mümkün deyil. Çünki istənilən Azərbaycan vətəndaşından Minsk Qrupuna olan münasibətini öyrənsək, hər kəs birmənalı olaraq bu qrupun çox əhəmiyyətsiz olduğunu dilə gətirəcək. 30 il ərzində heç nəyə nail olmayan qrupun  işini Azərbaycan Ordusu yüksək səviyyədə büyük Qələbə ilə başa çatdırdı. Demək olar ki, diplomatların bacarıqsızlığını Azərbaycan əsgəri öz rəşadəti qəhrəmanlığı ilə əvəz etdi. ATƏT-in Minsk Qrupu sözü belə hər bir Azərbaycan vətəndaşının düşüncəsində qıcıq yaradır. Müharibə bitdikdən sonra bu qrup Azərbaycanın tamamilə dağıdılmış, yerlə yeksan edilmiş infrastrukturu barədə bir dəfə də olsun bəyanatla çıxış etməyib. İndi ermənilər araya salıb, bu "ölü doğulmuş" qurumu diriltmək istəyirlər. Azərbaycan dövləti, dövlət rəhbəri, siyasi partiya rəhbərləri birmənalı olaraq bu qrupun Azərbaycanda fəaliyyət göstərməsinə razı deyil”.

O üzdən sədr müavini hesab edir ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin məlum istəyi reallaşmayacaq.,/Bakı Xəbər/