Niyə iqtidar torpaqlarınımizi işğaldan və zorakılıq hallarından xilas edə bilmir?

26 yanvarda AŞ PA-da "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin 70 səs əleyhinə, 66 səs lehinə olmaqla qəbul edilməməsində günahkarlar sırasında Türkiyədən olan deputatların da adı çəkilir. Hətta, bir qədər də uzağa gedilərək az qala Türkiyəli deputatlar, qardaş ölkə xəyanətdə suçlanılır. Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa isə bildirib ki, Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov məlum qətnamənin qəbul olunamasına səbəb kimi gətirilən arqumentlərlə razılaşmır:

"AŞ PA-da "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsinin qəbulunu Azərbaycan diplomatiyasının uğursuz və qeyri-səmərəli fəaliyyətində, yürüdülən xarici siyasətin sistemsizliyində axtarmaq lazımdır. Heç kəsə sirr deyil ki, xaricdəki diplomatik nümayəndəliklərimizin rəhbərlərinin çoxu öz profillərinə uyğun deyil, bizneslə, şəxsi maraqlarının gerçəkləşdirilməsi ilə məşğuldurlar. Çalışdıqları ölkələrdə aktiv deyillər, təsir qrupları və nüfuzlu simalarla əlaqələrdə olmurlar və s. Azərbaycanın xarici siyasətinin ana xəttini strateji müttəfiqlərinin və beynəlxalq tərəfdaşdarlarının sayının çoxaldılması olmalı idi. Lakin səsvermənin nəticələrindən bəlli olur ki, əksinə ilbəil bu say azalmaqdadır. AŞ PA-dakı nümayəndə heyəti də görünür lazımınca işlərini qura bilməyiblər. Lobbi fəaliyyətindən yetərincə yararlana bilməyiblər. Eyni zamanda XİN-lə sinxron fəaliyyət göstərə bilməyiblər. İndi durub başqa yerlərdə günahkarlar axtarmaq məsuliyyətdən yayınmaq cəhdidir”.

Yeri gəldi-gəlmədi Türkiyənin təftiş edilməsini və qınanmasını doğru saymayan partiya yetkilisi bunu ədalətsizlik və qərəzçilik adlandırdı:

"Baxmayaraq Türkiyənin çox ciddi və çətin problemləri ilə baş-başadır, lakin qardaş dövlət heç vaxt Azərbaycanı tək buraxmayıb. 18 nəfərdən ibarət nümayəndə heyətindən 13 deputatın qətnamənın lehinə olması bunu bir daha təsdiqləyir. Hanasısa HDPli vəkilin səs verməməsi Türkiyənin səs verməməsi demək deyil. Türkiyəni qınayanlar nə tez unudurlar ki, Türkiyə əleyhinə qətnamə qəbul ediləndə Azərbaycanın nümayəndə heyəti qardaş dövləti tək buraxdı? Amma türk ictimaiyyəti də rəsmləri də bunu anlayışla qarşıladı”.

Ə.Orucovun fikrincə uğursuzluqların məsuliyyətini başqalarının üzərinə atmaq doğru deyil:

"Azərbaycan Türkiyədən həddindən çox umur. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə müstəqil dövlətdir, onun da öz problemləri və maraqları var. Yaxşı olardı ki, Türkiyədən umu-küsü etmək, onu qınamaq, ittihamlamaq əvəzinə, uğursuzluğun cavabı verilsin. Cavab verilsin ki, bu ATƏT-in Minsk Qrupu və onun həmsədrləri nəyə lazımdır? Niyə Azərbaycan iqtidarı keçən 20 ildən çox müddət ərzində öz torpaqlarını işğaldan və zorakılıq hallarından xilas edə bilmir? Buna da AŞ PA günahkardır?. Ona görə də günahı, məsuliyyəti və vəzifəni başqalarının üzərinə atmaq çıxış yolu deyil".