Binəqədi rayonu Azadlıq 
prospektində yerləşən 16 mərtəbəli binada baş vermiş və 15 nəfərin 
ölümülə nəticələnən dəhşətli yanğın bütün Azərbaycan xalqını sarsıtdı. 
Hadisə ölkədə böyük rezonans doğurdu. Ötən müddət ərzində bina sakinləri
 kotteclərdə, evlərdə yerləşdirilsə də, kompensasiya ilə təmin olunsalar
 da, şübhəsiz ki, faciə qurbanlarının yaxınları, od-alovdan sağ çıxan 
insanlar bu şoku ömürlərinin sonuna qədər yaşayacaqlar. 
Məlum
 olduğu kimi, yanğına tezalışan penoplast bina üzlüyü səbəb olub. Hansı 
ki, məhz həmin üzlük materiala görə aprel ayında Xətai rayonunda da bina
 yanmışdı. Yəqin lazımi tədbir görülsəydi oxşar hadisə baş verməzdi. 
Doğrudur, hadisə ilə bağlı artıq bir neçə nəfər həbs olunaraq istintaqa 
cəlb edilib. Amma cəmiyyətin reaksiyası göstərdi ki, gərülən tədbirlər 
heç də kifayət deyil. Bəs hansı tədbirlər görülməli, bundan ötrü kimlər 
cəzalandırılmalı idi? Ümumiyyətlə, yüksək ranqlı məmurların 
cəzalandırılması gözləniləndirmi?
AMİP Siyasi 
Şurasının üzvü Əli Orucov məsələyə münasibət bildirərkən, qeyd etdi ki, 
hündürmərtəbəli binada yanğın öz alovu ilə bir sıra qaranlıq mətləbləri 
işıqlandırdı. Və xaql bir daha gördü ki, ölkədə vəziyyət bütün sahələrdə
 çox acınacaqlı və təhlükəlidir: "Bu yanğın bütöv bir siyasi sistemin 
kül olması, iflası, cürüməsinin göstəricisi oldu. Mütəxəssislər və 
ayrı-ayrı insanlar binaların üzlüklənməsində istifadə olunan 
materialların keyfiyyətsiz və tezalışan maddədən hazırlandığını 
bildirirlər. Ona görə də çox təhlükəli olduğu barədə dəfələrlə 
xəbərdarlıqlar edilsə də, buna məhəl qoyulmadı. Xətai rayonunun Nobel 
prospektində baş verən yanğın artıq həyacan siqnalı idi. Azərbaycanda 
məmurlar o qədər harınlayıb, o qədər şişmanlaşıb, o qədər pula həris 
olublar ki, bu siqnal onlara çatmadı. Siqnal çatmırsa, deməli, beyinlər 
də işləmir, siqnalı qəbul etmək funksiyasını itirib”.
Dövlətin
 özünün də canlı orqanizm olduğunu deyən Ə.Orucovun qənaətinə görə, əgər
 cəmiyyətdən gələn siqnalları, ötürülən impulsları qəbul edə bilmirsə, 
deməli, sistem dəyişməli, yenisi ilə əvəz olunmalıdır: "Məlum acı 
hadisəAzərbaycan üçün böyük faciədir. Son iki ay ərzində baş verən 
dəhşətlı yanğınlar sıradan bir qəza, yaxud da fövqəladə hadisə sayıla 
bilməz. Bunlar hakimiyyətin Azərbaycan xaqlına göstərdiyi münasibətin, 
talançılığın, korrupsiyanın, qanusuzluğun və tamahkarlığın təzahürüdür. 
Yanğının törədliməsində gömrük orqanından tutmuş,vergi, bank, fövqəladə 
hallar, yanğın təhlükəsizliyi və digər cavabdeh qurumlar məsuliyyət 
daşıyırlar”.
Hadisə ilə bağlı yüksək ranqlı 
məmurların cəza almayacağını söyləyən müsahibim bildirdi ki, hökumət 
"JEK”, şirkət rəhbərlərini, istehsalçıları, yaxud kimlərisə həbs etməklə
 məsuliyyətdən yaxa qurtarmaq istəyir: "Əslində, kiçik məmurlar, hansısa
 şirkət rəhbəri deyil, aidiyyəti dövlət qurumlarına rəhbərlik edən 
şəxslər cəzalandırılmalıdır. Bu məsuliyyətin və cinayətin hüquqi cəzası 
çox ağır olmalıdır. Amma qeyd etdiyim kimi, böyük vəzifəli şəxslərin 
həbsi gözlənilmir. Çünki indiyə qədər Azərbaycanda belə bir təcrübəyə, 
fakta rast gəlinməyib. Əks halda, əhali ağır faciələr yaşamazdı.Yanğın 
zamanı xəsarət alan və ziyan çəkən insanlara dövlət tərəfindən 
kompensasiya verilməsi, yardımlar göstərilməsi isə problemlərdən çıxış 
yolu deyil. Dünyanın heç bir ölkəsinin heç bir xalqı belə zülmə, əzaba, 
faciələrə təhamül etməz. Yoxsa, evinin içində kütləvi şəkildə ölkə 
əhalisinin yanğınlara məruz qalmayacağına təminat olmayacaq”./aztoday.az/
  
                     
                             
                     
                         
                         
                         
                         
                        