İnsan həyatında nə baş verirsə, cəmi bu üç gündə baş verir. Bu üç gündə əhatələn ömür yaşayırıq. Dünyaya gəliş və gediş arasındakı günlər ömrümüzdəndir.
Dünənimiz qanımız, irsimiz və tariximizdir. Bu üç istiqamətə görə dünənimizə qiymət verilir.
Qanımız qanmağımızın , mərifət-qanacağımızın göstəricisidir-əlamətidir.
Genimiz, yəni irsimiz nəsil-kök ağacımızdır. Hansi nəsildən, hansı kökdənik. Bizlər nəsil və kökümüzün məhsullarıyıq , meyvələriyik. Meyvənin də keyfiyyəti daha çox həmin nəsil və kökdən gəlir.
Tariximiz dünənimizin üçüncü kateqoriyasıdır. Bax bu tarixlə biz özümüzü, ailə və obamızı , yekunda isə dövlətimizin –millətimizin sübutunu yazırıq. Bu sübutla dünyada yerimizi müəyyənləşdiririk.
Dünənimizdən bu günümüzə cığırlar açılır. Bu cığırlar seçimlə ədalətli, faydalı və güclü olduqda, bu günümüzdə daha çox insani məntiqli olur. Yəni, insan özünü , öz dünyasını , gəldiyini-gördüyünü hiss edir. Bu hiss insanda məsuliyyət yaradır. Məsuliyyət isə Allah və insanlar qarşısında olan hesabatı dərk etmək deməkdir.
Ən pisi odur ki, dünənimizdən bu günümüzə heç nə gəlib çatmasın bu ən böyük faciədir və ya bu günümüzə ancaq faciələr gəlsin. Dünənimizin tarixində bu faciələr "boşluq” anlarımızdır, insanlıqdan kənar məqamlarımızdır.
Bu günümüz yer üzündəki varlığımızdır. Bax-sübut buradadır. Allah, Vətən-Dövlət, Ata-Ana, Ailə, hörmət –izzət və nəhayətki , mən anlayışlarının dərk olunduğu məkan bizim üçün Azərbaycandır.
Dünəndən gətirdiyimiz Azərbaycanla bu günümüzü sübut edirik ki, onu sabaha çatdıraq.
Sabahımız həqiqətən ülvi bir hiss və obyektiv varlıqdır. Bu hiss Allahımızla , obyektiv varlığımız isə Dövlətimizlə təsdiqlənir.
Təbii ki, o insan və o dövlət o zaman güclü olur ki, dünəndən bu günə və sabaha məqsədyönlü addımlar atılır.
Yekunda bu üç günü Vətəndaş olan insan yaşayar, həm də bu üç gün elə həmin insanın çiynindədir. İnsan yükünü isə hər kəs çəkə bilmir. Ona görə də dünyada faciələr azalmır ki, azalmır.
PS. Axrıncı sabahımızı isə heç birimiz görmürük. Axrıncı sabahdan isə hər nəslin yeni meyvəsi addımlamağa başlayır. Ancaq özümüzdən asılı ola bilən məqamlara gücüm çatan dərəcədə toxundum. İnsan ömrünün üç gündən ibarət olduğunu axrıncı dəfə ruhunu şeirə çevirə bilən görkəmli şairimiz Baba Vəziroğlundan eşitdim. Bu düşüncələrdə onun da haqqını da deməliyəm.
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun dosenti