Ancaq sonra məlum oldu ki, onsuz da Əbülfəz bəyin beynində Kələkiyə getmək var imiş...”
“Sən Surət Hüseynovu “qiyamçı” elan etmisənsə, onun adamını necə Gəncəyə icra başçısı təyin edə bilərsən?..”
“Bəzən elə bir situasiya yaranır ki, fikirləşirsən ki, filan işi etməsəydim, belə olmazdı... Amma “kaş ki”lər artıq tarixdə işləmir... Bir sözlə, hesab edirəm ki, həmin dövrdə mən üzərimə düşən bütün işləri yerinə yetirməyə çalışmışam. Və iqtidara bütün təkliflərimi də vermişəm... Əbülfəz bəyin Kələkiyə getdiyi gün, yəni iyunun 17-də baş verənlər haqda çoxlu mübahisə və mülahizələr var...”
Bunu 1992-1993-cü illərdə AXC hakimiyyətinə qarşı müxalifətdə olmuş AMİP lideri Etibar Məmmədov Moderator.az əməkdaşının “28 il öncə baş vermiş Gəncə olayları zamanı və ondan sonrakı günlərdə atdığınız hansısa addım, dediyiniz hansısa söz olubmu ki, bu gün ona görə peşimançılıq çəkəsiniz?” sualına cavabında söyləyib.
“Ancaq mənim üçün bir qədər qaranlıq idi ki, bəlkə də həmin gün onun Baş nazir olmağım haqdakı təklifinə qəti razılıq versəydim, belə olmazdı. Lakin sonra məlum oldu ki, hətta mən razılıq versəydim belə, onsuz da Əbülfəz bəyin beynində Kələkiyə getmək var imiş...” – fikrinin davamında bunları söyləyən istiqlalçı deputat o vaxtkı iqtidarı 4 İyun olaylarının əsas qəhrəmanı Surət Hüseynovla bağlı məntiqsiz davranışlarda da suçlayıb.
“Ortalıqda sadə bir məntiq də var idi; sən birini, bu halda Surət Hüseynovu “qiyamçı” elan etmisənsə, onun adamını necə Gəncəyə icra başçısı təyin edə bilərsən? Yəni Elçibəy Kələkiyə getdiyi gün – iyunun 17-də Prezident kimi Vaqif Vəliyevin Gəncənin icra başçısı təyin edilməsi haqda sərəncam imzalayıb. Maraqlıdır, bu halda AXC hakimiyyəti Surət Hüseynov və tərəfdarlarını necə “qiyamçı” adlandırırdı? Təəssüf ki, bunlar heç bir məntiq-filan anlamır, elə qırıq plastinka kimi 28 ildir dediklərini təkrarlayırlar...” – deyə AMİP lideri vurğulayıb.