Putin-Kerri danışıqların detallarının əsas hissəsi ictimaiyyətə qapalı olacaq

Son günlər Amerika-Rusiya münasibətlərində maraqlı proseslər cərəyan edir. ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya səfər edərək Lavrov və Putinlə görüşməsi, eyni ərəfədə amerikan əsgərlərinin Gürcüstanda hərbi təlimlərə start verməsi Cənubi Qafqazda yeni "sürprizlərin” baş verəcəyi ehtimalı yaradır. Bəs görəsən bütün bunlar nədən xəbər verir və ABŞ-Rusiya münasibətlərində müşahidə olunan hadisələr region üçün nələr vəd edir? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

-Elşən bəy, ABŞ dövlət katibi Con Kerrinin Rusiyada Vladimir Putinlə görüşməsi Vaşinqton-Moskva münasibətlərinin normallaşmasına nə dərəcədə müsbət təsir göstərəcək?

-Əvvəlcə bu münasibətlərin soyuması səbəblərinə nəzər yetirmək lazımdır. Bir neçə il əvvələ qədər hər şey normal görünsə də, əslində hər iki dövlət bir-birilərini strateji rəqib kimi görürdülər. Amma münasibətlər dözümlü idi. İlk soyuma Snouden qalmaqalından, daha doğrusu onun Rusiyadan sığınacaq almasından və Suriya məsələsində Kremlin mövqeyindən sonra başlandı. Açıq şəkildə qarşıdurma isə Ukraynadakı hadisələrdən qaynaqlandı və hamımızın bildiyi, Rusiya üçün ciddi təhlükəyə çevrilən sanksiyalarla müşahidə olundu. Hazırda Rusiya hesab verən, müdafiə olunan tərəfdir. Kerri Putin görüşündə də əsas müzakirələrin Ukraynadakı hadisələr və Suriyadakı durumla bağlı olduğunu ehtimal edirəm. Hər iki problemdə Rusiyanın əli olduğunu da hamı bilir. Bu məsələlərlə bağlı Rusiya mövqelərində dəyişiklik etməyəcəyi halda münasibətlərin ən azı indiki səviyyədə qalacağını düşünürəm. ABŞ-ın İran və Kuba ilə bağlı siyasətlərində yumşalma, onlara tətbiq olunmuş sanksiyaların aradan qaldırılması ilə bağlı gedən danışıqlar da Rusiya üçün ciddi siqnaldır. Hər iki dövlətin ABŞ-la ciddi konfliktləri, Moskva ilə isti münasibətləri var. Belə də isə münasibətlərdə dəyişiklik ola bilər. Moskva həm Karib bölgəsində, həm də özünə yaxın coğrafiyada müttəfiqlərini itirə bilər. Putin Kerri görüşünün nəticələri yuxarıda sadaladığım məsələlərin müzakirələrinin nəticəsindən asılı olacaq. Düşünürəm ki, danışıqların detallarının əsas hissəsi ictimaiyyətə qapalı olacaq.

-Bu ərəfədə ABŞ-Gürcüstan hərbi təlimləri və amerikan əsgərlərinin Gürcüstana təşrif buyurması Kreml üçün təhlükəli məqamlardan xəbər vermirmi?

-Gürcüstanda qızılgül inqilabından sonra istər siyasi, istərsə də hərbi sahədə əməkdaşlıqlar həmişə olub. Gürcü ordusu tədricən NATO standartlarına keçir. Hətta deyərdim ki, bu əməkdaşlıq Saakaşvili zamanında olduğundan bir qədər zəifdir. Bu da indiki Gürcüstan hakimiyyətinin siyasəti ilə bağlıdır. Onlar Avrointeqrasiya tərəfdarı olduqlarını bəyan etsələr də, əslində Rusiyaya qarşı loyalldırlar. Bu da xalqın iradəsi ilə bağlı olan məsələdir. Məlumdur ki, gürcü xalqının əksəriyyəti inkişaflarını Avropa ilə yaxınlaşmaqda görür. Bu iradənin əksinə getmək isə hakimiyyət üзün təhlükədir. Cənubi Osetiya və Abxaziya probleminin müəllifi kimi hazırda Kremlin özü gürcü xalqı üçün böyük təhlükədir. Mənə elə gəlir ki, belə təlimlər məhz bu təhlükələrdən sığortalanmaq üçün təşkil olunur.

-Bir sıra ekspertlər ABŞ-ın bununla Cənubi Qafqazda hərbi baza yaratmaq planını həyata keçirdiyini iddia edirlər. Sizcə proseslər doğurdanmı ona aparır?

-ABŞ-ın yaxın zamanlarda Gürcustanda daimi hərbi baza yaradacağını düşünmürəm. Saakaşvili bu istiqamətdə kifayət qədər ciddi işlər görsə də NATO rəsmiləri açıq şəkildə Gürcüstanın NATO üzvlüyü ilə bağlı məsələsinin gündəmdə olmadığını bildiriblər. Amma əməkdaşlıq edəcəklərini də elan ediblər. Aydındır ki, burada əsas söz sahibi ABŞ-dır. Məhz o da hərbi sahədə ikitərəfli əməkdaşlıq edir. Bu əməkdaşlığa da heç kim mane ola bilməz. Hələlik isə daimi hərbi baza yaradacağına inanmıram. Bu regionda Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinə gətirib çıxara bilər. Amma gələcəkdə bu məsələ bir neзə amillərdən asılı olaraq müxtəlif istiqamətlərə dəyişə bilər. Bu o deməkdir ki, əgər qarşıdurmada Rusiya daha da zəifləyərsə və ABŞ təkid edərsə, o zaman ruslar Gürcüstandakı, ola bilsin ki, hətta Azərbaycandakı maraqlarından nəinsə naminə əl çəkə bilərlər.

-İstər ABŞ-Rusiya təmasları, istər Gürcüstanda keçirilən hərbi təlimlər Cənubi Qafqaz üçün nələr vəd edir?

-Cənubi Qafqaz üçün deyəndə biz yalnız Azərbaycan və Gürcüstanı nəzərdə tutmalıyıq. Ermənistan artıq Rusiyanın bütün sahələrdə müttəfiqidir. Bu müttəfiqlik həm erməni hakimiyyətinin, həm də erməni xalqının iradəsi ilə baş tutub. Bunun əksinə orada nəyinsə dəyişəcəyi isə mümkünsüzdür. Bu xalq sözün əsl mənasında özünü könüllü olaraq Rusiyaya təslim edib. Gürcüstanla bağlı isə, bu təlimlər gürcü xalqının marağına xidmət edir. Bayaq dediyim kimi hazırda gürcülər üçün böyük bir dövlətlə ikitərəfli hərbi əməkdaşlıq çox vacibdir. Bu ən azı onun tək olmadığını, ona dəstək verən birisinin olmasını göstərir. Gələcəkdə bunu daha da inkişaf etdirməklə təhlükəsizliyini daha da təmin edər. Azərbaycanla bağlı isə məsələ bir az fərqlidir. Bu məsələlərdə Azərbaycan balans saxlamağa üstünlük verir. Yalnız Türkiyə istisna olmaqla. Amma hadisələrin gedişindən çox şey asılı olacaq. Qaldı Rusiya–ABŞ təmaslarına, indiki halda Cənubi Qafqazın danışıqlarda əsas müzakirə predmetlərindən biri olamayacağı aydındır. Böyük siyasətdə isə hər şey olur. Gələcəkdə maraqların üst-üstə düşdüyü və düşmədiyi məqamlar olur. Bu maraqlara kiçik dövlətlər qurban verilə, yaxud onların uğrunda mübarizə aparılıb maraqları müdafiə də oluna bilər.

Süleyman