Putin növbəti hiyləgər gedişini edir

Putin növbəti hiyləgər gedişini edir. Bir növ növbəti dəfə Zelenskini “cəzalandırır”. 9 may Qələbə paradı ilə bağlı 3 günlük atəşkəs təklifinə razılıq verilməmişdi. Ardınca Kreml bu addımı atdı. Məkan olaraq da İstanbulun seçilməsi təsadüfi deyil. Çünki, bütün tərəflər Türkiyəni burada vasitəçi kimi ən əsas ölkə qismində görür. Putin heç bir halda Türkiyəyə getməyəcək. Hazırda Suriyada olan Tramp da. Halbuki, dünya KİV-lərində gedən məlumatlardan aydın olur ki, Kremlin sahibi İstanbula gələrsə, AĞ Ev sahibi Tramp da Suriyadan birbaşa ora gələcək. Əks təqdirdə Tramp da özünü o qədər aşağı tutub İstanbula gəlməz".

Bu sözləri Sitat.info-ya açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib. 

O bildirib ki, Ərdoğanın ev sahibi kimi Zelenski ilə görüşməsi siyasi etika naminə tam uyğundur: " Amma Trampın gəlib, Putinin gəlməməsi heç cür uyğun görünməz. Eyni zamanda, Putin də danışıqları Trampla aparmaq niyyətindədir. Çünki, Zelenskini qeyri-legitim rəhbər kimi görür. Bilirsiniz ki, Ukrayna rəhbərinin səlahiyyət müddəti bir il öncə bitib. Doğrudur, bir ölkə daxilində savaş gedirsə, həmin ölkədə seçkilər keçirilmir. Amma Rusiya tərəfi bunu belə qəbul etmir, hətta atəşkəslə bağlı razılıq əldə olunsa, sənədə Ukrayna parlamentinin sədrinin qol çəkməsi təklifini də verib. Çünki, Ukraynada seçkili orqan kimi qanunverici orqanı qəbul edirlər”.

Siyasi şərhçi onu da qeyd edib ki, bu görüşdən bir nəticə gözləmir: “2022-ci ildəkinə bənzər danışıqlar olacaq. Bir nəticənin əldə olunması gözlənilmir. Hazırda Rusiya Ukrayna cəbhəsində atəşkəsin əldə olunmasında maraqlı görünmür. Çünki, müharibə hələ ki, şimal qonşumuzun üstünlüyü ilə gedir. Heç Tramp da savaşın bitməsində maraqlı görünmür. Tərəflərdən ölkəsi adına qazanclar əldə etmək niyyətindədir. Müharibə də nə qədər uzansa, Amerikanın əldə edəcəkləri artacaq-keçmişdə buna hərbi qənimət deyirdilər... Zelenski hər vəchlə çalışır ki, Putini İstanbulda görsün. Hətta nə qədər gülməli görünsə də, Putinin ondan qorxduğu üçün görüşə gəlməyəcəyini də deyir. Amma “keçəl suya getməz”. Təbii ki, Rusiya prezidenti belə açıqlamalarla “tırkaya” getməz. Azından KQB məktəbi görüb... Bütün bunlar onu göstərir ki, İstanbulda tam 3 il öncə olduğu kimi, tərəflərin nümayəndə heyətləri görüşəcək. Bu isə daha çox o anlama gəlir ki, indiki vaxtda müsbət nəticə əldə olunmayacaq. Sadəcə tərəflər arasındakı danışıqların yeni bir mərhələsinin başlanması kimi İstanbul görüşünü xarakterizə etmək olar. Gələcəkdə də danışıqların davamlı olması üçün İstanbul etibarlı məkan kimi də davamlı olaraq seçilə bilər. Yəni sonda onu demək istəyirəm ki, savaş bitmir, hələ davam edəcək...”.

Millət