Sanki Avropa İttifaqı təsisatları ATƏT-in Minsk Qrupunu diriltməkdən ötrü bir-biri ilə yarışa giriblər. Sanki Qarabağ tənzimlənməsi ilə bağlı digər formatlara üstünlük vermək qəbahətdir. Varsa-yoxsa Minsk Qrupu. İndi də Avropa Parlamenti belə bir çağırışla çıxış edib.
Belə ki, Avropa Parlamentinin 2021-ci ildə “Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsinə dair” illik hesabatı dərc olunub. Hesabatda bir sıra məqamlara toxunulub. Həmçinin, Avropa Parlamenti Avropa İttifaqını Qarabağ münaqişəsinin sabit həlli üçün axtarışlarda fəal iştirak etməyə çağırıb. Qeyd olunub ki, ATƏT-in Minsk Qrupu münaqişənin ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, bərabərlik və gücdən istifadə etməmək prinsipləri əsasında münaqişənin həllində yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır. Avropa Parlamentinin deputatları ATƏT-in Minsk Qrupunu tez bir zamanda vasitəçilik roluna qayıtmağa çağırıblar.
Maraqlıdır, Avropa qurumları niyə Minsk Qrupu formatının bərpa olunmasında israr edirlər?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədrinin müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanı düşdüyü məğlub durumdan çıxarmaqdan ötrü belə siyasi vasitələri işə salırlar. Avropada müəyyən dairələr regionda güc balansının Azərbaycanın xeyrinə olmasında maraqlı deyil. Avropa Parlamenti və digər qurumların ATƏT-in Minsk Qrupunun rolunu israrla siyasi müstəviyə çıxarması heç bir məntiqə uyğun deyil. Bunu bizim yüksək tonla ifadə etməyimizə əsas verən kifayət qədər tutarlı faktlarımız var. Çünki münaqişə dövründə heç bir işə yaramayan bu qurumu yenidən siyasi səhnəyə qaytarmağa cəhd edilməsi siyasi riyakarlığın bir nümunəsidir. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Azərbaycan yeni siyasi reallıqlar yaratdı. ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həll olunmasına heç bir töhfə verə bilmədi. Əgər sülh yolu ilə bu münaqişənin həllinə vəsilə ola bilsəydilər, təbii ki, biz onların əməyini yüksək qiymətləndirmiş olardıq. Axı belə bir hal yoxdur. İndiki yeni siyasi reallıqların yaratdığı situasiya bu qurumun ümumiyyətlə fəaliyyətini Azərbaycanda davam edilməsinə zərurətin olmadığını bir daha göstərir. Yaxşı olardı ki, bu qurumlar, dünyanın digər yerlərində xeyli sayda münaqişə ocaqları mövcuddur, həmin yerlərdə "öz eksperimentlərini" sınamağa davam etsinlər. Qarabağ beynəlxalq qurumlar üçün sınaq poliqonu deyil”.
Bu baxımdan sədr müavini hesab edir ki, beynəlxalq təşkilatlar Minsk Qrupu ilə bağlı çağırışlara son qoymalıdır.