Qarabağ münaqişəsi həll olunmadan...

Ermənistanda "məxməri inqilab”dan bir ildən çox vaxt ötsə də, ölkənin iqtisadi-maliyyə göstəricilərində, əhali artımında müsbət işarəli ciddi heç bir dəyişiklik qeydə alınmayıb. Yeni Baş nazir Nikol Paşinyanın dərin iqtisadi islahatlar barədə vədləri elə vəd olaraq qalır və getdikcə unudulmaqdadır. Onun bu yöndə vədlərinə artıq bir çoxları inanmır. İnqilabdan məyus olan əhalinin narazılığı artır.

Paşinyanın özünü qərbyönlü kimi təqdim edərək Qərbin iri maliyyə mərkəzlərindən böyük sərmayələr qoparmaq, Ermənistana böyük investisiyalar cəlb etmək səyləri nəticə vermir. Hətta Avropa və ABŞ-dakı zəngin ermənilər də müharibə vəziyyətində olan Ermənistana maliyyə yatırımı etməyə həvəsli deyillər. Ermənistana sərmayə yatırmağı perspektivli hesab etmirlər. Bir müddət əvvəl xarici ölkə səfirləri ilə görüşündə Paşinyan əsas problemin xarici sərmayə ilə bağlı olduğunu etiraf etmişdi. Ermənistanın dövlət borcu da arta-arta gedir və sözügedən tendensiya bu il də artacaq. Belə ki, Ermənistan 2019-cu ildə 490 milyon dollar xarici kredit götürəcəyini bildirib. Bu kreditin təxminən 40 faizi Rusiyanın payına düşəcək.

Bütün bunlarla yanaşı, əhalinin Ermənistandan köçməsi və çətin demoqrafik vəziyyət son illər erməni cəmiyyətində müzakirə olunan əsas mövzulardan biridir. Görünən odur ki, sözügedən məsələ ilbəil ölkədə daha da kəskinləşir. Demoqrafik vəziyyətin təsvir olunduğu üç əsas sahədə ciddi problemlər var. Bunlar doğum səviyyəsinin azalması, əhalinin yaşlaşması və miqrasiyadır. Hər üç sahədə vəziyyət mənfidir. Xüsusən də ilbəil ölkədə doğulanların sayı azalır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkədə 41763 uşaq doğulub. 2018-ci ildə isə Ermənistanda doğulan uşaqların sayı 36502 nəfər olub.

Ancaq, həmişə olduğu kimi, Paşinyan yenə də nikbin vədlər verir. O bəyan edib ki, görülən işlər sayəsində 20 il ərzində ölkə əhalisi 2 dəfə artacaq. İddia edib ki, islahatlar nəticəsində ölkə iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcmi artacaq.

O da məlumdur ki, uzun illərdir Dağlıq Qarabağ problemi həll olunmur. Ermənistanın təcavüzkarlığı üzündən münaqişənin həlli yubanır. Qarabağ problemi həll edilmədən Ermənistanda əhalinin 2 dəfə artması, ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlbi nə dərəcədə mümkündür?


Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmadan sözügedən sahələrdə Ermənistanda ciddi uğurlardan söhbət belə gedə bilməz: "Bu mümkün olan iş deyil. Bunu Paşinyanın özü də çox gözəl bilir. O bütün bunların fərqindədir və Qarabağ məsələsinin bütün bunlarda necə böyük rola malik olduğunu yaxşı bilir. Sadəcə, bunu etiraf etmək əvəzinə, populist vədlər verərək, nümayişkəranə şəkildə yalan danışır. Hansı xarici dövlət maraqlı olar ki, təbii sərvəti olmayan, strateji önəmə malik olmayan, Azərbaycanla müharibə şəraitində olan Ermənistana sərmayə qoysun? Xarici sərmayədarlar nə qədər erməni lobbisi ilə yaxın olsalar da, bu risqə getməzlər. Bu reallığı Paşinyan olmur, kim olur-olsun, dəyişə bilməz. Bunun dəyişməsi üçün Ermənistan təcavüzə son qoymalıdır, sərhədlər, kommunukasiya xətləri açılmalıdır. Ondan sonra ölkədə sərmayə mühiti yaranmalıdır. Əhalinin guya iki dəfə artacağı ilə bağlı deyilənlər populizmdən başqa bir şey deyil. Bu, Paşinyanın növbəti şou xarakterli açıqlamasıdır. Ermənistandan köçün dayanması, əhalinin artması Qarabağ məsələsinin həllindən keçir. Nə qədər ki, münaqişə öz həllini tapmayıb, həmin problemlər həll olunmayacaq”.