Qərb hərbi əməliyyatların başlamasını istəmir

Azər Qasımlı: "Vaşinqton anlayır ki, münaqişəni Kremlin nəzarətindən çıxarmaq olduqca çətindir”

Araz Əlizadə: "Xarici siyasi dairələr istəyir ki, aciz olub onlara yalvaraq”

Əli Orucov: "Qərb hərbi əməlliyatların başlanmasını istəmir”

"Azərbaycan Qarabağdan imtina etməyəcək”.

ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepperin Konqresə Dağlıq Qarabağ münaqişəsi barədə təqdim etdiyi hesabatda belə deyilir. Hesabatda Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin 2016-cı ildə də davam edəcəyi bildirilir. Klepperin fikrincə, Azərbaycanın artan hərbi gücü və iqtisati problemlər irimiqyaslı hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır: "Azərbaycan Qarabağdan imtina etməyəcək, Ermənistan isə işğal olunmuş torpaqları azad etməyə tələsmir. Bütün bunlar münaqişənin siyasi yolla həllini çətinləşdirir”.

Klepperdən əvvəl ABŞ kəşfiyyat mərkəzi Azərbaycan ordusunun strateji yüksəkliyi tutmasını qeydə aldı. Azərbaycan ordusunun Ermənistanla sərhəddə, Qazax rayonu istiqamətində strateji əhəmiyyətli "Odundağ” yüksəkliyinə nəzarəti təmin edərək orada möhkəmlənməsi ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor”un diqqətini cəlb edib. MKİ-nin "kölgəsi” hesab olunan mərkəz Azərbaycan-Ermənistan sərhədi boyu vaxtaşırı olaraq kiçikmiqyaslı döyüşlərin baş verməsini gözardı etməməyə çağırır. Mərkəz son günlərdə cəbhə xəttində baş verən gərginliyin növbəti Ermənistan - Azərbaycan müharibə riskini yüksəltdiyini bildirib.

ABŞ xarici siyasətində siyasi dairələri ilə müqayisədə son 6 ildə yalnız bu ölkənin Müdafiə Nazirliyi (Pentaqon) və kəşfiyyat orqanları Dağlıq Qarabağla bağlı mövqe ortaya qoyurlar. ABŞ hərbi və kəşfiyyat dairələrinin həmin illərdə yekdil mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin uzanmasında əsas faktor, Ermənistan və Azərbaycanın bu konfliktə milli məsələ kimi baxmalarıdır. Xüsusilə Ceyms Klopper 2015-ci ildən mütəmadi olaraq, Dağlıq Qarabağ və Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı verdiyi açıqlamalarla gündəmə gəlir. Lakin ABŞ Kəşfiyyat Agentliyinin münaqişə ilə bağlı bu aktivliyi birmənalı qarşılanmır, ekspertlər də bunun Azərbaycanın lehinə, yoxsa əleyhinə olması barədə də yekdil fikrə sahib deyillər. Bir qrup analitik hesab edir ki, ABŞ kəşfiyyatı Ermənistan və Azərbaycan arasında "qızışdırıcı katalizator” rolunu oynayaraq, növbəti müharibənin başlamasına çalışır. Digər qismin isə qənaəti bundan ibarətdir ki, ABŞ rəhbərliyi münaqişənin həll prosesini öz monopoliyasına almaqla, Rusiyanı kənara itələməyi hədəfə alıb.

"Amerika kəşfiyyatı Qarabağla bağlı məlumat toplamağa çalışır”

REAL Hərəkatı İdarə heyətinin üzvü, politoloq Azər Qasımlı "Cümhuriyət”ə açıqlamasında, ABŞ kəşfiyyatının Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasının Azərbaycanın əleyhinə olmadığını bildirib. A.Qasımlı hesab edir ki, amerikan kəşfiyyatı Ermənistan və Azərbaycan arasında növbəti müharibə üçün qızışdırıcı katalizator rolundan da çıxış etmir:

"Ümumiyyətlə, ABŞ kəşfiyyatı Azərbaycanın əleyhinə olub nə edə bilər? Çünki ABŞ başa düşür ki, münaqişə tərəflərindən biri Ermənistan Rusiyanın nəzarəti altında olan ölkədir və onu Kremlin nəzarətindən çıxarmaq olduqca çətindir. İndiki mərhələdə bu, mümkünsüzdür. Bunun üçün Rusiyanın önündə ciddi proseslər baş verməlidir ki, Ermənistan kimi ölkələr Rusiyanın təsiri altından çıxa bilsinlər. ABŞ bunu çox gözəl başa düşür. ABŞ həmişə eyni mövqeni nümayiş etdirir, buna görə də düşünürəm ki, Amerika kəşfiyyatının bu fəallığı nə Ermənistan, nə də Azərbaycana qarşıdır. Ümumiyyətlə, bunu məlumat toplamaq cəhdləri kimi başa düşürəm. Sözün açığı bu məsələ barədə dolğun mövqe nümayiş etdirmək çətindir. İnanmıram ki, Azərbaycandan kimsə bu məsələnin cavabını tapa bilsin”.


"ABŞ kəşfiyyatının işlərini üzə çıxarsaq...”

Millət vəkili Araz Əlizadə "Cümhuriyət”ə açıqlamasında ATƏT-in Minsk Qrupuna qarşı təbliğatın başlandığını bildirib. Lakin A.Əlizadə hesab edir ki, Azərbaycanın Minsk Qrupu həmsədrlərindən yaxa qurtarması o qədər də asan məsələ deyil: "ABŞ müəyyən yollarla mesaj verməklə Azərbaycanın müharibəyə başlamasının qarşısını almağa çalışır. Kəşfiyyatın münaqişə ilə yaxından niyə maraqlandığı məlumdur. Amerika kəşfiyyatının o qədər işi var ki, onu üzə çıxarsaq, gərək bütün işini-gücünü atıb, bizimlə məşğul olsun. Məsələn, ABŞ kəşfiyyatı indiyədək deyirdi ki, əlində Donbas tərəfindən Malayziya təyyarəsinin vurulması haqqında kəşfiyyat materialları var. Bir ildən çox vaxt keçib, amma hələ də ortaya heç nə qoymayıb. Yəni bunların hamısı oyundur, Azərbaycana təsir vasitəsidir. ABŞ Azərbaycanın dostu deyil və dostu da olmayacaq”.

Araz Əlizadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlanan ölkələr ona görə, həmişə Azərbaycan əleyhinə mövqe nümayiş etdirirlər ki, həmin dövlətlər Azərbaycanın müstəqil siyasət yürütməsini istəmirlər:

"Azərbaycan onların qarşısında diz çöküb dilənmir. ABŞ və digər xarici siyasi dairələr istəyərdilər ki, Azərbaycan ermənilər, moldovanlar və gürcülər kimi aciz olub dünyaya yalvaraq. Amma biz onlar kimi deyilik. Biz Azərbaycana xeyir gətirən işləri görürük. Bu isə onların xoşlarına gəlmir. Sabah Prezident İlham Əliyev desə ki, "Qarabağ bizə lazım deyil, götürün”, inanın İlham Əliyevi hər yerdə bəh-bəhlə qarşılayacaqlar. Minsk Qrupunun Ermənistanın mövqeyindən çıxış etməsinə gəlincə, həmsədr ölkələrindən biri Rusiyada çoxlu sayda erməni yaşayır. Rusiyanın hakimiyyət və dövlət orqanlarında yüksək vəzifədə çoxlu sayda erməni var. Rus telekanllarında da çoxlu sayda erməni jurnalistlər fəaliyyət göstərirlər. Onlar yağışdan sonra çoxalan göbələklərin sayı qədər çoxdur. Fransa isə ermənilərin ikinci vətənidir. ABŞ-da da güclü erməni lobbisi var”.

"Azərbaycan Qərb və Rusiya arasında vurnuxur”

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət”ə bildirib ki, ABŞ-ın son dövrlər regiona artan diqqəti təsadüf sayıla bilməz. Ə.Orucovun fikrincə, ABŞ-ın Azərbaycanla yanaşı,ürcüstana da marağı artıb:

"Birləşmiş Ştatlar ehtiyat edir ki, Dağlıq Qarabağ münqişəsi yenidən gərginləşsin və atəşkəs rejimi pozulsun. Çünki Cənubi Qafqazda müharibənin yenidən alovlanma təhlükəsi daha çox Ermənistan-Azərbaycan münaqişəsinə bağlıdır. Rəsmi Moskva Gürcüstandan qopardığını qoparıb və ordakı "barıt çəlləklərini partladıb”. Eyni zamanda Tiflisin xarici siyasət kursu da aydındır - Qərbmeyilli siyasi kurs. Ermənistanınkı da bəllidir. Bu ölkə Rusiyanın forpostudur. Lakin ən strateji və əhəmiyyətli bölgə olan Azərbaycan hər iki kurs arasında vurnuxur. Qarabağ kimi "Domokl" qılıncını Rusiya başının üzərindən asıb. Qərb bölgəni diqqətlə izləyir və münaqişənin nəzarətdən çıxmasını, Rusiyanın təhriki ilə genişmiqyaslı hərbi əməliyyatların başlamasını istəmir. Bu bölgənin də kilid nöqtəsi Azərbaycandır”.