Gomap.az milli elektron xəritə üzərindən “Qərbi Azərbaycan Yaddaşı” layihəsi təqdim olunub. Qərbi Azərbaycan İcması və “Sinam” şirkəti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi hazırda Ermənistanın nəzarət etdiyi qədim Azərbaycan məskənlərinin tarixi adlarını bərpa etmək, vətənlərini ötən yüzillikdə 4 dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin və sovet imperiyasının təzyiqi altında tərk etməyə məcbur olan insanların, adları dəyişdirilən yaşayış məskənlərin mədəni irsini və yaddaşını elektron daşıyıcılara həkk etmək, bu insanları virtual məkanda birləşdirərək milləti böyük qayıdışa hazırlamaqdır.
Qərbi Azərbaycan ərazisindəki adları dəyişdirilmiş 1 000-dən çox toponimlərinin – yaşayış məskənləri, tarixi yerlər, dağ zirvələri, göllər, çaylar və bulaqlar) öz tarixi adlarına bərpa olunan şəkildə, Azərbaycan dilində olan adları ilə verilir və tarixi yaddaşı bərpa etmək üçün Qərbi Azərbaycan icmasının və bu bölgə bu və ya digər formada əlaqədar olan bütün soydaşları birləşdirir.
RİNN-in texniki dəstəyi ilə ərazinin peyk fotoşəkillərinin, həm də proqram təminatının yerləşdirilməsi üçün texniki platformanı təmin edərək layihənin qısa müddət ərzində həyata keçirilməsinə imkan yaradılıb.
Layihə çərçivəsində Qərbi Azərbaycanın interaktiv xəritəsi də hazırlanıb. Bu xəritə vasitəsilə, həmin ərazilərdən zaman qovulmuş azərbaycanlıların hər biri öz kəndinə, vaxtilə yaşamış olduğu, ermənilər tərəfindən qovulduqları həmin ərazilərə səyahət edib, həmin kəndləri tarixi abidələrinin bugünkü vəziyyətini öyrənə biləcəklər.
Tədbirdə çıxış edən millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib:
“Qeyd edildiyi kimi, təqdimatına yığıldığımız bu layihənin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaqdır. O həqiqəti ki, Qərbi Azərbaycan ərazisi son qarışına qədər Azərbaycan torpaqlarıdır.
Bu o deməkdir ki, Qərbi Azərbaycan ərazisində əcdadlarımızın min illər boyu yaratmış olduğu bütün maddi və mənəvi dəyərlər Azərbaycan xalqına məxsusdur və həmin dəyərlərə sahib çıxmaq da bizim borcumuzdur. 44 günlük Vətən müharibəsindən sonra bu məsələ, yəni Qərbi Azərbaycan həqiqətləri millət, dövlət olaraq bizim əsas hədəflərimizdən biridir. Bu, “Zəngəzur, Göyçə, İrəvan tarixi Azərbaycan torpaqlarıdır və biz mütləq o torpaqlara geri qayıdacağıq” deyən möhtərəm Prezidentimizin qarşımızda sərdiyi yol xəritəsi ilə atdığımız növbəti addımlardan biridir”.
Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan həqiqətləri zamanında obyektiv və subyektiv səbəblərdən tam öyrənilə bilməyib:
“Ancaq bu o demək deyil ki, Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılmayıb. Bununla bağlı alimlərimizin xeyli tədqiqatları var. Lakin faciəmizin miqyası, masştabı o qədər böyükdür ki, hər şeyi əhatə etmək mümkün olmayıb.
Qərbi Azərbaycan torpaqlarına xəyanət toxumunun əkilməsinin 580 illik bir tarixi var. Bu tarix 1441-ci ildən başlayıb. Azərbaycan torpaqlarının müxtəlif vasitələr ilə satılıb kilsənin mülkiyyətinə verilməsi, 1801-ci ildən başlayaraq məcburi köçkünlük tarixinin başlanması, daha sonra Türkmənçay, Gülüstan müqavilələri, ermənilərin Cənubi Qafqaza, Qərbi Azərbaycana köçürülməsi, sonra həmin ərazilərdə erməni vilayətinin yaradılması, bundan sonra 20-ci əsrin əvvəllərində azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımların törədilməsi, 1948-53 cü illər deportasiyası və nəhayət 1988-91-ci illərdə törədilən soyqırım və deportasiya. Çox təəssüf ki, bütün bunlar bütün dünyanın gözü qarşısında baş verdi və dünya bütün bunların hamısına susdu.
Azərbaycanlıların tarixi soyqırımına qiymət ilk dəfə ulu öndərimizi Heydər Əliyev 1997 və 1998-ci illərdə tarixi fərmanlarla vermiş oldu. Belə ki, 1997-ci il dekabrın 18-də “Azərbaycanlıların deportasiyası haqqında , 1998-ci il martın 26-da isə “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanı ilə Bu fərmanlardan sonra Qərbi Azərbaycan torpaqlarının tarixi, mədəni abidələri, toponimlərinin öyərənilməsi ilə bağlı bir çox silsilə işlər görüldü.
Bu gün qarşımızda iki mühüm vəzifə durur – Qərbi Azərbaycanla bağlı işləri sistemli şəkildə görüb, başa çatdırmaq, ikincisi görülmüş işləri dünya ictimaiyyətinə çatdırmaq, yəni beynəlxalq müstəviyə çıxartmaq”.
Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları artıq Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur. Onun sözlərinə görə Qərbi Azərbaycandakı tarixi adların bərpası tarixi ədaləti bərpa etməyə imkan verib:
“Rəqəmsal inkişaf dövründə tarixi silmək mümkün deyil. “Elektron platforma sayəsində bütün dünyaya həqiqi adları nümayiş etdirə bildik.
Layihə çərçivəsində 1000-dən çox toponimin bərpa olunub. Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər. Bu, regionunun tarixi toponimləri haqqında həqiqətləri dünyaya çatdırmağa imkan verəcək”.