Qəzzaya, çoxdan gözlənilən sülh gələcəkmi?

Bu gün Qəzzaya, çoxdan gözlənilən sülh gələcəkmi?

Bu gün - oktyabrın 7-si Yaxın Şərqin ən qanlı və qaydasız savaşlarından biri, minlərlə günahsız mülki insanın həyatına son qoyan İsrail-HƏMAS müharibəsinin başlanmasının ikinci ildönümüdür. Bəlli olduğu kimi, ABŞ lideri Donald Tramp konfliktin, nəhayət, köklü həlli üçün 20 bəndlik təklif irəli sürüb. Planda HƏMAS-ın könüllü tərk-silah olması və girovların azad edilməsi, bölgədə müvəqqəti mülki idarəçilik və Qəzzanın bərpası, İsrail ordusunun ərazidən mərhələli çıxarılması, digər bəndlər yer alır.

Artıq HƏMAS plana ilkin razılığını verib. Oktyabrın 5-də isə 7 ən nüfuzlu və qarant müsəlman ölkəsi - Türkiyə, Pakistan, İndoneziya, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniya xarici işlə nazirləri bəyanat qəbul edərək, bölgənin tezliklə texnikalardan ibarət keçid hökumətinə verilməsinə HƏMAS-ın razı olmasını alqışlayıb və sülhün detallarını müzakirə etməyə çağırıb.

Bu gün Qəzzaya, nəhayət, çoxdan gözlənilən sülh gələcəkmi? Gələcəkdə nə dərəcədə uzunömürlü olacaq? Trampın dediyi kimi, 3000 illik konfliktin çözülməsi mümkünmü? İki illik müharibənin qalibi kimdir? Türkiyə və İsraillə xüsusi münasibətlərimiz də nəzərə alınarsa, konkret olaraq Azərbaycan üçün sülh razılaşmasının önəmi nədir?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Qəzzada müharibənin durdurulması və sülhün əldə olunması müsbət hadisə olardı: “Beynəlxalq ictimaiyyət çoxdandır ki, bu yöndə səylərini artırmaqda və faciənin qarşısını almağa çalışmaqda idi. Təəssüflər olsun ki, Birləşmiş Ştatların İsrailə qətiyyətli dəstəyi bütün bu təşəbbüsləri nəticəsiz edirdi. Nəhayət, Donald Tramp sentyabrın 29-da 20 bənddən ibarət Qəzza sülh planını elan etdi və bu plan Qərbin və müsəlman dövlətlərinin bir çoxunun dəstəyini qazandı. Artıq planın icrası ilə bağlı işlərə başlanılıb. HƏMAS və İsrail nümayəndə heyəti və Birləşmiş Ştatların da təmsilçilərinin iştirakı ilə Misirdə dolayı danışıqlar baş tutacaq. Planın şərtlərinə görə, hər iki tərəf ilkin olaraq girovları və məhkumları azad edəcək, atəş dayandırılacaq, ikinci mərhələdə HƏMAS silahlarını təhvil verəcək, İsrail ordusu geri çəkiləcək, Qəzzaya sühməramlı kontingent yerləşdiriləcək, bölgənin idarəçiliyi Trampın rəhbərlik etdiyi beynəlxalq komitəyə veriləcək, ardınca isə yerli texnokratlardan ibarət keçid hökuməti yaradılacaq. Göründüyü kimi, Qəzza planını baş nazir Netanyahunun xilası planı adlandırmaq daha uyğun olardı. Baş nazir müharibə başlayandan indiyədək qarşıya qoyduğu məqsədlərin heç birinə çata bilmədi. Nə girovları azad edə, nə də HƏMAS-ı tərk-silah, yaxud da tam sıradan çıxara bildi. İsrailin qəddarlığı, 60 mindən çox mülki insanı qətlə yetirməsi, böyük miqyaslı dağıntılar, nəticədə Təl-Əvivə nifrəti və qəzəbi o həddə çatdırdı ki, özünün hətta qərbli müttəfiqləri də ondan üz döndərdi. Böyük Britaniya, Fransa, Avstraliya, Kanada və s. dövlətlər Fələstinin müsəqilliyini tanıdılar. Trampın Qəzza planı hesab etmirəm ki, İsrail-Fələstin problemini tam həll edəcək və bölgəyə qalıcı sülh gətirəcək. Çünki müharibəni yaradan köklü səbəblər haqqında bir sətir də yoxdur. İki dövlət həll prinsipi, Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olmasına Birləşmiş Ştatların əks mövqeyi hələ də dəyişməz qalır. Göründüyü kimi, Trampın iddia etdiyi kimi, 3000 min illik konfliktin çözülməsindən danışmaq hələ çox tezdir. Bunu da bu cür yanaşma ilə çözmək mümkün deyil”. “Yeni Müsavat”